Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uzun illər BDU-nun türkologiya kafedrasına, ömrünün son illərində AMEA Dilçilik İnstitutuna rəhbərlik etmiş akademik, Əməkdar elm xadimi, Türk Dili Qurumunun üzvü, “Türk dünyasına xidmət” mükafatçısı “Şöhrət” ordenli, Tofiq İsmayıl oğlu Hacıyevin 11 il əvvəl 79 yaşında faciəli surətdə dünyasını dəyişməsi doğmaları ilə yanaşı, çoxsaylı yetirmələrini də dərindən kədərləndirmişdi. Görkəmli filoloqun çoxsaylı dilçi, ədəbiyyatçı və alim yetirməsi hər il həmin gün sevimli müəlliminin xatirəsini sevgi-sayğı ilə yada edir.
İnsanlar var ki, onlar haqqında keçmiş zamanda danışmaq, yada salmaq qeyri-mümkündür. Adları, əməlləri unudulmayan elə şəxsiyyətlər var ki, 500-600 il bundan qabaq yaşayıb-yaratsalar da, onlar bu gün də bizim ünsiyyət qurduğumuz insanlardır. Belə insanlardan biri də yuxarıda qazandığı elmi adları və mükafatlarını sadaladığımız, onlarla, bəlkə də yüzlərlə insanın qazandığı uğurlarda birbaşa və təmənnasız əməyi olan, yüzlərin, minlərin yaddaşında əbədi olaraq özünə yurd salan, adını həmişə fəxarətlə çəkdiyimiz akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.
Bu nüfuzlu alimlə tanışlığım təsadüfi bir görüşdən başlanmışdı. 1992-ci ildə Müəllimləri Təkmilləşdirmə İnstitutunda dərslik müəlliflərinin və Bakı şəhər məktəblərində dərs deyən dil-ədəbiyyat müəllimlərinin birlikdə keçirdikləri müzakirə zamanı tanış olmuşdum. Gənclik illərindən elm sahəsi ilə bağlı ürəyimdə qalan arzularımın dolanbac yollarında ilişib qalan intizarından bu insanın qayğısı sayəsində azad oldum.
Bu gün həyatımda silinməz izləri olan bu görkəmli şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış olanda, ötüb keçən günlər gözlərim önündə canlanır. Yaradıcılığına nəzər salanda isə onun əvəzsiz uğurları mənimlə bərabər onu sevənlərin hər birində böyük fəxarət hissi yaradır.
Akademikin elmi yaradıcılığının əhatə dairəsi kifayət qədər genişdir – orta məktəb dərsliklərinin müəllifi olmaqdan başlayaraq, “Dədə Qorqud” eposunun tədqiqinə qədər geniş bir sahəni əhatə edən yaradıcılığı onu bu gün də əlçatmaz zirvədə saxlayır. Mən bu yazıda təkrarsız alimin elmi yaradıcılığı haqqında deyil, özünün çalışdığı elm sahələri ilə bağlı yetişdirdiyi elmi kadrlar haqqında bəzi faktları yığcam şəkildə oxucuların diqqətinə çatdıracağam.
Dilçilik qədim tarixə malik bir elmdir və onun bütün sahələrini bir və ya bir neçə alimin gücü ilə əhatə etmək mümkün deyil. İstedadlı, uzaqgörən alim dilimizə həsr olunmuş tədqiqatları genişləndirmək və sürətləndirmək üçün yeni kadrların yetişməsinə qayğı göstərmiş, onlarla böyük alimin formalaşmasına şərait yaratmışdır. Bu alimlər yeni tədqiqatları ilə Tofiq müəllimin ardıcılları, davamçılarıdırlar.
50-dən çox elmi əsərin, ondan çox tərcümə əsərinin, yüzlərlə elmi məqalənin müəllifi olan görkəmli elm xadiminin rəhbərliyi, qayğısı ilə yetişən alimlərin sayı da bu sahədə rekord göstərici sayıla bilər. 1971-2006-cı illərdə (sonrakı illərdə də onun rəhbərliyi xeyli fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb) Tofiq müəllimin rəhbərliyi ilə 15 nəfər elmlər namizədi, 5 nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb, dilçilikdə tanınmış alimlər siyahısına daxil edilmişlər.
Ömrünü dilçilik elminin inkişafına və gənc nəslin maariflənməsinə həsr edən akademik Tofiq Hacıyev ənənələrini davam etdirən görkəmli alimlərdən akademik Nizami Cəfərov, professorlar Elbrus Əzizov, Sərxan Abdullayev kimi alimlər bu sahənin öndə gedən elm adamlarıdırlar. Onun yetirmələri adlarını qeyd etdiyimiz onlarla görkəmli alimlərlə bitib-tükənməyəcək, özündən sonra onun əsərlərindən bəhrələnən yüzlərlə, bəlkə də minlərlə insan elm yolunun yolçusuna çevriləcək, Azərbaycanın elm və təhsil salnaməsində özünəməxsus, bənzərsiz, silinməz izlər qoyacaqlar.
Mən isə həm namizədlik, həm də doktorluq işimə rəhbərlik edən bu təmənnasız və qayğıkeş insanın borcundan çıxmaqda çox acizəm. Əlimdən gələn isə onun müqəddəs məzarını ildə bir neçə dəfə ziyarət etmək, şəxsiyyəti ilə bağlı qəlbimdə yaranan hiss və duyğuları sözə çevirməkdir.
Sərdar ZEYNAL,
professor