Elmə və təhsilə həsr olunan ömür

02.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misir Mərdanov – 80

Ölkənin elm və təhsil ictimaiyyəti görkəmli riyaziyyatçı və təhsil qurucusu, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun 80 illik yubileyini sevgi-sayğı ilə qeyd edir.

Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Ermənistanın İcevan rayonunun Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. 7 illik təhsilini Salah kənd məktəbində, 10 illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuşdur. O, 1969-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADU-nun Həndəsə kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında ADU-nun Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında, “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1981-ci ildə dosent elmi adını almışdır.

1973-1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ və mühazirə dərsləri aparmış və eyni zamanda, Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr oxumuşdur. 1978-1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini olmuş, 1980-1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi “Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları” fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1989-cu ildə Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında “Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1989-cu ilin iyun ayından 1992-ci ilin oktyabrına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində işləmişdir. 1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində işləmişdir.

Misir Mərdanov 2013-cü ilin mayından 2025-ci ilin dekabr ayına qədər AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olmuşdur. O, 2002-ci ildən 2025-ci ilin dekabrına qədər Bakı Dövlət Universitetinin ali riyaziyyat kafedrasının müdiri, 2026-cı ilin yanvarından indiyə qədər BDU-da yeni yaranan ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiridir.

Misir müəllim 1997-2001-ci illərdə BDU-da riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri, 2015-2025-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuş, hazırda BDU-dakı ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədridir.

Professor Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 170-dən çox məqalənin (onlardan 50-si Clarivate analyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı çoxsaylı məqalələrin müəllifidir.

Misir Mərdanov 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. Onun elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin alınmasına həsr edilmişdir. O, neytral tipli gecikən arqumentli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsi üçün neytrallıq tənliyə xətti daxil olmadıqda, idarəedici funksiyaya sonlu sayda gecikmə daxil olan sistemlər üçün ilk dəfə olaraq Pontryaginin maksimum prinsipini isbat etmiş, məxsusi idarəedicinin optimallığı üçün daha güclü ikinci tərtib zəruri şərtlər tapmışdır. Onun təklif etdiyi metod əvvəl məlum olan metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə – idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi; tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi; faza məhdudiyyətlərinin olması; tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir.

Onun əsərlərində gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alınmışdır. Təklif olunan üsulun köməyi ilə analoji nəticələr paylanmış parametrli Qursa-Darbu tənlikləri ilə təsvir olunan idarəetmə məsələləri üçün də isbat edilmişdir. İdarəedici funksiyalarda gecikmə olan proseslərdəilk dəfə olaraq, optimallıq üçün Kelli, Koop-Mayer və bərabərlik tiplizəruri şərtlər ardıcıllığı alınmışdır.

O, son illərdə diskret tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərtlərinin alınması istiqamətində tədqiqatlarını davam etdirir. Eyni zamanda diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərinin həlli üçün yeni – qabarıq çoxluqları anlayışları verərək Pontryaginin maksimum prinsipinin yeni diskret analoqunu və ikinci tərtib çoxnöqtəli zəruri şərtlər almış, funksionalın sıfırıncı, birinci və ikinci tərtib variasiya anlayışlarının fərqli forması vasitəsilə daha güclü və konstruktiv optimallıq şərtləri isbat etmişdir.

Misir Mərdanov həmçinin klassik variasiya məsələlərində cırlaşan hallarda ekstremum üçün müxtəlif yeni zəruri şərtlər isbat etmişdir. Bu zəruri şərtlər trayektoriyaların yeni variasiyalarının köməyilə alınmışdır.

O, klassik variasiya hesabındakı sonrakı tədqiqatlarını Hilbertin 23-cü problemindəki tövsiyəyə uyğun aparmışdır. D.Hilbert 1900-cü ildə dünya riyaziyyatçılarının II konqresində riyaziyyatın inkişafına böyük təkan verən 23 problem qoymuşdur. Hilbertin 23-cü problemi ilə invariantlar nəzəriyyəsi arasında birbaşa əlaqə vardır. Burada əsas məqsəd variasiya məsələlərinin ümumi nəzəriyyəsini inkişaf etdirməkdir. Onun 23-cü problemində funksionalın qiymətinin invariant qalması xassəsini tədqiq etmək əsas məqsədlərdən biri kimi tövsiyə olunur. Hilbertin bu tövsiyəsinə uyğun olaraq Misir Mərdanov klassik variasiya məsələsində inteqrantlar çoxluğu anlayışı verərək, ekstremalın minimumu üçün kafi şərtlər almışdır. Qeyd edək ki, alınmış bu kafi şərtlər məlum olan Veyerştras və Yakobi tərəfindən isbat olunmuş kafi şərtləri ilə müqayisədə daha geniş sinif variasiya məsələlərinə tətbiq oluna bilər.

Məlumdur ki, indiyə qədər ədəbiyyatda klassik variasiya hesabındakı məlum nəticələrin (Eyler tənliyi, Veyerştras şərti, Lejandr şərti, Yakobi şərti) hamısının optimal idarəetmə nəzəriyyəsindəki Pontryaginin maksimum prinsipindən alınması zənn edilirdi. Bu məsələlərə Misir Mərdanov yenidən baxaraq göstərmişdir ki, variasiya hesabındakı Veyerştras, Lejandr, Yakobi şərtləri, ümumiyyətlə, Pontryaginin maksimum prinsipinin nəticəsi deyil. Onun yuxarıda aldığı elmi nəticələr variasiya hesabı və optimal idarəetmə sahəsindəki tanınmış mütəxəssislər (Morduxoviç, Serovayski və b.) tərəfindən yüksək qiymətləndirilmişdir.

Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı sahəsində tanınmış mütəxəssis olan Misir müəllim son dövrlərdə adi diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli məsələlərin həllinin varlığı və yeganəliyinin araşdırılması istiqamətində də mühüm tədqiqatlar aparmışdır. O, adi diferensial tənliklər, kəsr tərtibli impuls təsirli sistemlər, fərq tənlikləri üçün qeyri-lokal və inteqral şərtli, çoxnöqtəli ayrılmayan sərhəd şərtli məsələləri tədqiq etmiş və yeni maraqlı elmi nəticələr almışdır. Eyni zamanda belə sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün Pontryaginin maksimum prinsipi tipli zəruri və kafi şərtlər almışdır. O, həmçinin parabolik və hiperbolik tip dayanıqsız xüsusi törəməli tənliklər üçün qeyri-lokal sərhəd şərtli sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimal cütün varlığını göstərmiş və variasional bərabərsizliklər şəklində optimallıq üçün zəruri şərtlər isbat etmişdir.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycan təhsil tarixi” fundamental dördcildliyin, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. 2000-ci ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü, 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2011-2014-cü illərdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, 2014-cü ildən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. “Azerbaijan journal of Mathematics” jurnalı redaksiya heyətinin üzvü, “AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktoru, “TWMS Journal of Pure and Applied Mathematics” və “Чебышевский сборник” jurnallarının beynəlxalq redaksiya heyətinin üzvüdür.

Professor Misir Mərdanov 2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə isə “Şöhrət” ordeninə, 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 2011-ci ildə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Görkəmli alim, elm və təhsil təşkilatçısı, gözəl müəllim, əsl ziyalı, sadə, təvazökar və qayğıkeş insan, bütöv şəxsiyyət olan AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Misir Cumayıl oğlu Mərdanovu şərəfli yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, çoxşaxəli elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Yusif MƏMMƏDOV
akademik,

Telman MƏLİKOV
professor,

Hamlet QULİYEV
professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью