525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hazırda Azərbaycanda elmin inkişafı üçün ən vacib məsələlərdən biri, xüsusilə fundamental və tətbiqi elmlər sahəsində, güclü və müasir maddi-texniki bazanın formalaşdırılmasıdır. Real tətbiqə yönəlmiş elmi tədqiqatlar yüksək səviyyəli laboratoriya infrastrukturu, müasir ölçmə və analiz avadanlıqları tələb edir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev bunu 525.az-a bildirib. Onun sözlərinə görə, Avropa və Amerika universitetləri və elmi-tədqiqat institutları ilə müqayisədə bu sahədə mövcud fərq kifayət qədər böyükdür. Bu da bir çox perspektivli tədqiqatların ölkə daxilində aparılmasını məhdudlaşdırır. Lakin məsələ yalnız avadanlıq çatışmazlığı ilə məhdudlaşmır:
”Digər mühüm boşluqlardan biri elmi seminar və müzakirə mədəniyyətinin yetərincə institusionallaşmamasıdır. Bir çox hallarda tədqiqatlar fərdi şəkildə aparılır və əldə olunan nəticələr geniş elmi müzakirələrdən keçmir. Halbuki inkişaf etmiş elmi mühitlərdə müntəzəm elmi seminarlar, açıq təqdimatlar və interdisiplinar müzakirələr tədqiqat prosesinin ayrılmaz hissəsidir. Bundan əlavə, elmi tədqiqatların məqsədli və tətbiqyönümlü planlaşdırılmaması da hiss olunan problemlərdəndir. Elmi istiqamətlər real sənaye, iqtisadiyyat və dövlət ehtiyacları ilə kifayət qədər əlaqələndirilmir. Eyni zamanda, elmi düşüncə və tədqiqat bacarıqlarının formalaşdırılmasına erkən yaşlardan başlanılması xüsusi əhəmiyyət daşıyır”.
Sevinc Qarayeva