Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniya Federativ Respublikasında müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Nuriyev Elmir Elxan oğlunun yeri Almaniya Federativ Respublikasında müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, Nazirliyin təqdim etdiyi müvafiq zəmanətlərdən, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Almaniya Federativ Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Nuriyev Elmir Elxan oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniya Federativ Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.