Elnarə Akimova: Əbu Dabi görüşləri Azərbaycanın çoxşaxəli və praqmatik siyasətinin məntiqi davamıdır

04.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Əbu-Dabiyə işgüzar səfəri və səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli, praqmatik və balanslı xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın regional və qlobal miqyasda mövqeyinin möhkəmləndirilməsi kontekstində mühüm siyasi məna daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə və beynəlxalq münasibətlər sistemində artan siyasi-iqtisadi çəkisi olan ölkələrdən biridir. Azərbaycanın belə bir aktorla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməsi Bakının xarici siyasətdə yeni güc mərkəzləri ilə əməkdaşlığa verdiyi önəmi göstərir. Əbu-Dabidə aparılan danışıqlarda enerji, investisiya, nəqliyyat, müdafiə və humanitar sahələr üzrə əməkdaşlığın müzakirə olunması Azərbaycanın regional enerji təhlükəsizliyində və iqtisadi layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. Xüsusilə enerji sahəsində imzalanan sənədlər Azərbaycanın qlobal enerji bazarlarında rolunun genişlənməsinə və ölkəyə xarici investisiya axınının güclənməsinə xidmət edir.

Deputatın sözlərinə görə, səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla geniş tərkibli görüşünün məhz neytral və nüfuzlu beynəlxalq platforma hesab olunan Əbu-Dabidə keçirilməsidir: “Bu görüş Azərbaycanın postmünaqişə dövründə regional sülh gündəliyinin əsas təşəbbüskarı olduğunu nümayiş etdirir. Bakı bir daha göstərdi ki, dialoqa açıqdır, lakin bu dialoq real siyasi nəticələrə, suverenlik və beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır. Görüşün geniş tərkibdə keçirilməsi məsələlərin yalnız simvolik deyil, konkret və substantiv müzakirə predmeti olduğunu göstərir və Azərbaycanın danışıqlar prosesində öz mövqeyinə nə dərəcədə güvəndiyini ortaya qoyur”.

E.Akimova əlavə edib ki, ümumiyyətlə, Əbu-Dabi səfəri Azərbaycanın regional çərçivədən kənara çıxaraq daha geniş geosiyasi müstəvidə fəal oyunçuya çevrildiyini göstərən nümunəvi diplomatik addım kimi dəyərləndirilə bilər: “Prezident İlham Əliyevin həm Körfəz ölkələri ilə münasibətləri dərinləşdirməsi, həm də regional münaqişələrin həlli istiqamətində siyasi təşəbbüsləri paralel şəkildə irəlilətməsi Azərbaycanın xarici siyasətinin çevikliyini və strateji uzaqgörənliyini əks etdirir. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan, təşəbbüs göstərən və proseslərə təsir edə bilən dövlətdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью