Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində müasir mədəniyyət mərkəzinin yaradılmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, deputat bu təkliflə Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
Elnarə Akimova bildirib ki, təxminən 40 min sakinin yaşadığı Hacı Zeynalabdin qəsəbəsində belə bir mərkəzin yaradılması mədəni tədbirlərin təşkili ilə yanaşı, gənclərin asudə vaxtının səmərəli keçirilməsinə, onların mənəvi və intellektual inkişafına mühüm töhfə verə bilər.
Deputat xatırladıb ki, ötən ilin noyabrında 2026-cı ilin dövlət büdcəsinin müzakirələri zamanı da Hacı Zeynalabdin qəsəbəsində müasir idman komplekslərinin və idman məkanlarının yaradılması məsələsini qaldırıb. Prezident İlham Əliyevin diqqət və qayğısı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sağlam məhəllə” layihəsi çərçivəsində bu il qəsəbədə yeni idman zonalarından biri istifadəyə verilib.
Elnarə Akimova bu təşəbbüsün reallaşmasına görə dövlət başçısına və Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.
Deputat vurğulayıb ki, idman məkanları gənclərin fiziki sağlamlığı üçün nə qədər vacibdirsə, mədəniyyət mərkəzləri də onların mənəvi və intellektual inkişafı baxımından bir o qədər əhəmiyyətlidir.
“İnanıram ki, Hacı Zeynalabdin qəsəbəsində mədəniyyət mərkəzi ilə bağlı çağırışımız da tezliklə öz müsbət həllini tapacaq”, – deyə Elnarə Akimova qeyd edib.
Qeyd edək ki, deputat çıxışında, eyni zamanda, elmin maliyyələşdirilməsi, gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası və milli mətbuatın dövlət dəstəyinin artırılması məsələlərinə də toxunub.