Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Xaqani Şirvani yaradıcılığında bir-birinə zidd görünən fikirləri, söz oyunları və müxtəlif ədəbi ənənələri özündə birləşdirən mürəkkəb sənətkardır. Xaqani çərçivələrə sığmayan bir şairdir”.
Bizim.Media xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalova “Xaqani Şirvani və İraq” mövzusunda keçirilən elmi müzakirə zamanı deyib.
Alim bildirib ki, Xaqanini yalnız mədhiyyəçi, üsyankar və ya mürəkkəb şair kimi xarakterizə etmək düzgün deyil. Onun yaradıcılığı bu xüsusiyyətlərin hamısını özündə birləşdirir.
E.Zeynalova qeyd edib ki, şair “Töhfətül-İraqeyn” əsərində Bağdadın gözəlliklərini vəsf etsə də, başqa şeirlərində bu şəhəri Şirvanla müqayisə edir, vətənini üstün tutur:
“Baxırıq ki, Şirvanı bir yerdə tərifləyir, o biri şeirində Şirvanı yerdən-yerə vurur. Eynilə Bağdadı. “Töhfətül-İraqeyn” əsərində Bağdadı elə vəsf edir ki, düşünürsən, yəqin bu şəhəri çox sevib. Amma başqa şeirində Şirvanı Bağdaddan üstün tutur. Xaqani həqiqətən çərçivələrə sığmayan şairdir”.
Tədqiqatçının sözlərinə görə, Xaqani irsinin araşdırılmasının geniş bilik tələb etdiyini vurğulayıb:
“Xaqanini tədqiq etmək üçün ərəb dilini, fars dilini, hədisi, Quranı öyrənirsən. Mən Xaqanini öyrənmirəm, mən Xaqanidən çox şey öyrənirəm".
Günay Şahmar, Tural Xəlil, Bizim.Media