Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın taekvondo üzrə millisinin baş məşqçisi Elnur Amanov Seneqalın paytaxtı Dakarda keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında yığmanın çıxışını şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda Olimpiya nümayəndə heyətinin qarşılanma mərasimində danışıb.
"Yeniyetmələrin Olimpiya Oyunlarında sonadək mübarizə apardıq. Adil Kazımlı finala gedən yolda gərgin görüşlər keçirdi. Həlledici qarşılaşmaya qədər onun əsas rəqibləri arasında afrikalı idmançılar da var idi", - deyə Amanov bildirib.
Baş məşqçinin sözlərinə görə, İordaniya təmsilçisi ilə final görüşündə azərbaycanlı taekvondoçu qızıl medal qazanmaq imkanını əldən verib.
"Həlledici məqam iordaniyalı idmançı ilə final qarşılaşması oldu. Adil qızıl medalın bir addımlığında təşəbbüsü əldən verdi. Bununla belə, gümüş medal da yüksək nəticədir. Əminəm ki, gələcəkdə daha böyük uğurlar qazanacağıq", - deyə mütəxəssis vurğulayıb.
Xatırladaq ki, Adil Kazımlı 73 kq çəki dərəcəsində gümüş medal qazanıb. Azərbaycan millisi Dakar Olimpiadasını ümumilikdə altı medalla - üç qızıl və üç gümüş mükafatla başa vurub.