Elşad Miri: “Zikr” Allahın adını təkrarlamaq deyil

13.08.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlahiyyatçı Elşad Miri “zikr” anlayışının Qurandakı mənası ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info -nun xəbərinə görə, Elşad Miri yazıb ki, “zikr” sözü Quranda əsasən “bir şeyi yad etmək, xatırlamaq” mənasında işlənir.

Onun sözlərinə görə, zikrin qəlblə və dillə edilən olmaqla iki forması var. Qəlblə zikr “xatırlamaq”, dillə zikr isə “yad etmək” mənasını daşıyır.

Teoloq qeyd edib ki, bəzi insanlar “zikr”i Allahın adını davamlı təkrarlamaq kimi başa düşür və zikrin sayının artmasının insanın dərəcəsini yüksəltdiyinə inanırlar. O isə bu yanaşmanın Quranın istifadəsi ilə uyğun gəlmədiyini bildirib.

Elşad Miri nümunə olaraq Quranda İsrail oğullarına Allahın onlara verdiyi nemətləri “zikr etmələrinin” əmr olunmasını göstərib. O, bu ifadənin “Allah” və ya başqa bir ilahi adın fasiləsiz təkrarlanması kimi başa düşülməsinin məntiqi olmadığını vurğulayıb.

Elşad Miri həmçinin “Məryəm” surəsində “Məryəmi kitabda zikr et”, eləcə də İbrahim, Musa, İsmayıl və İdrisin zikr edilməsi ilə bağlı ayələrə diqqət çəkib.

Onun fikrincə, burada söhbət həmin adların təkrar-təkrar deyilməsindən deyil, onların xatırlanması və haqqında məlumatın yada salınmasından gedir.

Teoloq bildirib ki, düzgün biliyin mənbəyi Allahın ayələridir və Quranda “zikr” anlayışı da bu kontekstdə geniş məna daşıyır. O, Quranın özünün də müxtəlif ayələrdə “Zikr” adlandırıldığını xatırladıb.

Miri paylaşımının sonunda “zikr”i yalnız Allahın adlarını təkrarlamaqla məhdudlaşdırmağın doğru olmadığını, Quranın istifadəsində bu sözün “xatırlamaq”, “yada salmaq” və düzgün biliyi əldə edib onu yada gətirmək mənalarını ehtiva etdiyini müdafiə edib.

Elmar
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью