Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 noybar, AZƏRTAC
“İvan İliçin ölümü” tamaşasının hazırlıq prosesi yaradıcı atmosferdə keçdi. Canlandırdığım İvan İliç məhkəmə sədridir. Onun ailəsində bədbəxt hadisə baş verir və depressiyaya düşür. O, həyat və ölüm arasında çırpınır. Nəhayət ki, sonda ölümün işığını görür. Tamaşaçıların reaksiyası, nümayişdən sonra bölüşdükləri təəssüratlar və əsəri necə qəbul etmələri bizdə tamaşanın uğurlu alındığı qənaətini yaratdı.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Elşən Rüstəmov deyib.
O qeyd edib ki, səhnə əsərinin xronometrajı bir saatdır.
“Rejissorun əsas vəzifələrindən biri yaradıcı mühit formalaşdırmaqdır. Biz birlikdə çox məhsuldar işlədik və bu əməkdaşlığın nəticəsində, məncə, maraqlı bir səhnə əsəri ərsəyə gəldi. Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat gənc olmasına baxmayaraq, artıq bir sıra uğurlu tamaşalara imza atıb. O, müxtəlif vaxtlarda İrəvan və Lənkəran teatrlarında tamaşalar hazırlayıb. Düşünürəm ki, “İvan İliçin ölümü” öz auditoriyasını qazanacaq və teatrın repertuarında layiqli yer tutacaq”,- deyə Əməkdar artist əlavə edib.