Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 noyabr, AZƏRTAC
XVIII əsrdə Qarabağ xanlığının paytaxtı kimi salınan, “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” kimi tanınan, hər birimizin qürurverici mənəvi dayağına çevrilən, Azərbaycan mədəniyyətinin bənzərsiz daşıyıcısı olan Şuşa, tarix və poeziyanın, sənət və kimliyin vəhdətində seçilən, sadəcə coğrafi deyil, həm də mənəvi məkandır. Bu şəhər əsrlər boyu yalnız siyasi və tarixi hadisələrin deyil, həm də bədii təfəkkürün, söz sənətinin və estetik zövqün formalaşdığı zəngin mədəni mühit kimi tanınıb. Ədəbi irsi, memarlıq üslubu, təsviri sənətdəki simvolik əksi və nəhayət, Zəfər tariximizdəki möhtəşəm rolu ilə Şuşa, Azərbaycan milli yaddaşının və mədəni özünüdərkimizin əsas sütunlarından birinə çevrilib. Azərbaycan rəssamlarının əsərlərində Şuşa yalnız fiziki məkan kimi deyil, həm də milli-mənəvi dəyərləri özündə birləşdirən bədii obraz kimi təqdim olunub. Mir Möhsün Nəvvab, Səttar Bəhlulzadə, Mahmud Tağıyev kimi sənətkarların yaradıcılığında Şuşa milli koloritin bədii ifadəsi kimi, duyğularla boyanan bir vətən rəmzidir. Xüsusilə, XX əsrin sonlarından etibarən bu şəhər təsviri sənətdə daha çox həsrət, nisgil və xatirə motivləri ilə canlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Kəmalə Mustafayevanın yazısında qeyd olunub. Məqaləni təqdim edirik.
Rəssamlar dağıdılan məscidləri, boş küçələri, xarabalığa çevrilən binaları təkcə fiziki yox, mənəvi bir itkinin vizual ifadəsi kimi təqdim edirdilər. 2020-ci ilin 8 noyabr tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Şuşanın bədii obrazında da yeni mərhələnin başlanğıcını qoydu. Vətən müharibəsinin nəticəsi kimi Şuşanın azad olunması, yalnız torpağın yox, mədəni irsin, sözün və təsvirin də azadlığı demək idi. Artıq rəssamlar bu şəhəri viranə halda yox, bərpa olunan, canlanan, yenidən dirçələn məkan olaraq təsvir edirlər. Şəhərin işğaldan azad olunmasından sonra onun təsviri sənətdə təqdimatında ümid, qürur, dirçəliş və quruculuq motivləri ön plana keçdi. Beləliklə, Şuşanın təsviri sənətdəki obrazı da dəyişərək həsrət və itki motivlərindən azadlıq, qayıdış və dirçəliş ideyalarına doğru inkişaf etməyə başladı. Bu baxımdan, memarlıq irsinin qrafik təsvirində özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilən Elturan Avalovun Şuşaya həsr etdiyi qrafik silsilə xüsusi diqqətə layiqdir. 1940-cı ildə Bakıda anadan olan Elturan Avalov 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. Memarlıq təhsili onun sonrakı yaradıcılığında mühüm peşəkar baza rolunu oynamış, xüsusilə tarixi tikililərin konstruktiv xüsusiyyətlərinin, memarlıq detallarının və məkan quruluşunun qrafik ifadəsində özünü göstərib. Azərbaycan təsviri sənətində çoxşaxəli fəaliyyəti ilə seçilən Elturan Avalov yaradıcılığında qrafika sənətinə xüsusi yer ayırıb. Onun bu sahəyə marağının formalaşmasında erkən yaşlarından “Molla Nəsrəddin” jurnalının satirik qrafikası və karikatura ənənələri ilə tanışlığının mühüm rol oynadığı qeyd olunur. Sənətkarın Şuşa memarlığına elmi marağı 1968–1970-ci illərdə Şuşada apardığı araşdırmalarla daha da dərinləşib. Akademik Əbdülvahab Salamzadənin elmi rəhbərliyi ilə hazırladığı “Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması” mövzusunda dissertasiyasını 1973-cü ildə müdafiə edib. Bu tədqiqat onun Şuşanın tarixi-memarlıq irsinə sistemli yanaşmasının əsasını qoyub, sonrakı qrafik yaradıcılığında şəhərin memarlıq obrazına davamlı müraciətini şərtləndirib.
Elturan Avalovun “Şuşanın memarlığı” (1977), “Memarın gözü ilə” (1978) və “Elturan” (1986) adlı nəşrləri onun memarlıq və təsviri sənət sahəsindəki fəaliyyətinin mühüm nəticələrindəndir. Şuşaya həsr etdiyi qrafik lövhələrdə rəssam əsasən ağ-qara tonlardan və tuş-pero texnikasından istifadə edib. Bu texnika ona memarlıq formalarının dəqiqliyini, fasadların quruluşunu, dekorativ elementlərin incəliyini və işıq-kölgə münasibətlərini aydın şəkildə ifadə etmək imkanı verib. Müxtəlif mənbələrdə Şuşada rəsmi qeydiyyata alınan 170 memarlıq və 160 incəsənət abidəsinin mövcudluğu qeyd edilir. Bu göstəricilər şəhərin zəngin tarixi-mədəni irsinin miqyasını əks etdirir. Elturan Avalovun qrafik əsərləri isə həmin irsin mühüm bir qismini özündə əks etdirən, tarixi tikililərin əvvəlki memarlıq görkəmini sənədləşdirən vizual mənbələr kimi xüsusi əhəmiyyət daşıyır. Onun Şuşaya həsr etdiyi qrafik lövhələrdə “Pənahəli xanın qəsri”, “Gəncə darvazası”, “Qara Böyükxanımın qəsri”, “İbrahimxəlil xanın qəsri”, “Xan sarayı”, “Yuxarı və Aşağı Gövhər ağa məscidləri”, “Saatlı məscidi”, “Mehmandarovların mülkü”, “Xurşidbanu Natəvanın evi” və “Xan qızı bulağı” kimi tarixi-memarlıq nümunələri öz əksini tapıb.
Bu əsərlərin mövzu dairəsi rəssamın diqqətinin yalnız monumental tikililərlə məhdudlaşmadığını, şəhərin yaşayış memarlığına və gündəlik həyatla bağlı məkanlarına da yönəldiyini göstərir. Rəssamın yaradıcılığında diqqət çəkən cəhətlərdən biri eyni memarlıq abidəsinə müxtəlif rakurslardan müraciət etməsidir. Bu yanaşma təsvir olunan tikilinin fərqli görünüşlərini təqdim etməklə yanaşı, onun memarlıq quruluşunun daha dolğun qavranılmasına imkan yaradır. Beləliklə, E. Avalov ayrı-ayrı qrafik lövhələr vasitəsilə Şuşanın memarlıq mühitini vahid vizual sistem daxilində təqdim edir. Bu baxımdan, rəssamın Yuxarı Gövhər ağa məscidinə həsr etdiyi iki qrafik əsər xüsusi maraq doğurur. Eyni memarlıq abidəsinin fərqli rakurslardan işlənilməsi onun kompozisiya quruluşuna, memarlıq detallarına və ətraf məkanla münasibətinə daha yaxından nəzər salmağa imkan verir. Yuxarı Gövhər ağa məscidinə həsr olunan qrafik əsərlərdən birində Elturan Avalov abidəni ön planda yerləşdirilən “Meydan bulağı” ilə birlikdə təsvir edib. Bu kompozisiya həlli məscidin yalnız memarlıq quruluşunu deyil, həm də onun ətraf şəhər mühiti ilə əlaqəsini göstərir. Əsərin diqqətçəkən cəhətlərindən biri memarlıq abidəsinin ayrı-ayrı elementlərinin dəqiqliklə işlənməsidir. E.Avalov məscidin ümumi siluetini, fasad quruluşunu və memarlıq detallarını qrafik vasitələrlə aydın şəkildə təqdim edib. İşıq-kölgə münasibətlərinin ağ-qara cizgilər vasitəsilə qurulması tikilinin həcm və məkan təsirini gücləndirir. Beləliklə, rəssamın memarlıq təhsili onun qrafik yaradıcılığında yalnız təsvir dəqiqliyi kimi deyil, həm də kompozisiyanın məntiqi və məkanın təşkilində özünü göstərir.