Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
Qələbə qələbədir. Rəqibin Lixtenşteyn, Andorra və ya Litva olmasından asılı olmayaraq, milli komandanın hər qələbəsinə sevinirəm. İnanıram ki, bütün azarkeşlər də bu qələbələrə sevinirlər.
Bu fikirləri veteran futbolçu Elxan Abdullayev AZƏRTAC-a açıqlamasında Azərbaycan milli komandasının son oyunlarını qiymətləndirərkən deyib.
O bildirib ki, yığmanın ili qələbələrlə başa vurması müsbət məqamdır.
“Gələcəkdə nələrin olacağını bilmirik. Ümid edirik ki, hər şey yaxşı olacaq və yaxşı da olmalıdır. İli pozitiv notlarla başa vururuq. Millimizi təbrik edirəm. Komanda həm Andorra, həm də Lixtenşteyn üzərində qələbə qazandı. Litva qrupun favoritlərindən sayılsa da, çətin qrup deyildi. Buna baxmayaraq, millimizin birinci yeri tutması yaxşı nəticədir”, - deyə Elxan Abdullayev vurğulayıb.
E.Abdullayev milli komandanın sabiq futbolçusu Emin Mahmudovun karyerasını başa vurması ilə bağlı qərarına da münasibət bildirib. O, futbolçuya illər ərzində azarkeşlərə yaşatdığı sevinclərə görə təşəkkür edib: “Emin Mahmudova təşəkkür etmək istəyirəm. O, illər ərzində azarkeşləri sevindirib və milli komandanın tarixində ən yaxşı bombardirdir. Ona gələcək karyerasında uğurlar və cansağlığı arzulayıram. O, yalnız klubunda çıxış edəcək”.
Veteran futbolçu milli komandanın heyət seçimi ilə bağlı müzakirələrə də toxunub. O, baş məşqçinin qərarına hörmətlə yanaşılmalı olduğunu vurğulayıb: “İllərlə həmin sistemdə çalışmışam. Kiminsə seçimdən razı, kiminsə narazı qalması təbiidir və bu müzakirələr heç vaxt bitməyəcək. Milli komandanın baş məşqçisi bütün məsuliyyəti daşıyan şəxsdir. Onun seçimi bizim üçün əsas olmalıdır. Hazırda məşqçi heyəti var, oyunları izləyirlər və hansı futbolçuları məqsədəuyğun hesab edirlərsə, onları da milliyə dəvət edirlər. Azarkeşlər hansısa futbolçunun çağırılmaması ilə bağlı fikirlər səsləndirə bilərlər. Lakin mənə elə gəlir ki, baş məşqçi özü üçün düşmən deyil ki, ən yaxşı və ən güclü futbolçuları seçməsin. Ola bilər ki, hansısa oyunçu bu dəfə dəvət almayıb, gələcəkdə çağırılsın. Hər şey futbolçuların öz əlindədir. Onlar milli komandaya düşmək üçün daha çox çalışmalıdırlar”.
Müxbir – Cavid Əliyev