Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq elmi konqresdə məruzə ediblər

18.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 aprel, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Sankt-Peterburq Dövlət Universitetinin Şərq dilləri fakültəsinin 170 illik yubileyi münasibətilə “Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı” mövzusunda keçirilmiş XXXIII beynəlxalq elmi konqresdə onlayn məruzə ediblər.

Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan bildirilib. Azərbaycan, Türkiyə, Rusiya, Kanada, Fransa, Özbəkistan, Tatarıstan, Yaponiya və bir sıra ölkələrdən alim və mütəxəssislərin iştirak etdikləri konqresdə institutun elmi işlər üzrə direktor müavini dosent Əkrəm Bağırov “Mir Təqiəddin Kaşani və onun təzkirəsində Azərbaycan şairləri”, həmin şöbənin baş elmi işçisi dosent Zəkiyyə Əbilova “Məqtəl janrı və onun Azərbaycan ədəbiyyatında yeri” və böyük elmi işçi Xatirə Kərimova “Mirzə Kazımbəyin elmi irsi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında konqres iştirakçılarının sualları cavablandırılıb.

Beynəlxalq elmi konqres “Eastern Tribune” elmi-analitik portalının dəstəyi, Sankt-Peterburq Dövlət Universiteti və Şərq dilləri fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью