Əmanətlərin vergiyə cəlb edilməsi üzrə güzəşt müddəti bitir: Banklarda depozitlər azalacaq?

18.11.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son günlər ən çox müzakirə olunan mövzulardan biri də gələn ildən əmanətlər üzrə vergiyə güzəşt müddətinin başa çatmasıdır. Bundan sonra müddətin artırılıb-artırılmayacağı vətəndaşları maraqlandırır.

İqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında bildirib ki, əmanətlər üzrə vergi güzəştinin müddətinin başa çatması 2027-ci ildən bank sektoruna və əhalinin yığım davranışına müəyyən təsir göstərə bilər:

"Hazırda manatla 18 ay və daha uzun müddətə yerləşdirilən, əsas məbləği vaxtından əvvəl geri götürülməyən əmanətlərin faiz gəlirləri vergidən azaddır. Bu güzəştin müddəti uzadılmasa, 2027-ci ildən həmin əmanətlər üzrə də vergi tutulması gündəmə gələcək. Bu dəyişiklik ilk növbədə əmanətçilərin əldə etdiyi xalis gəlirliliyə təsir edəcək. Məsələn, vətəndaşın aylıq faiz gəliri 500 manat olarsa, mövcud güzəşt başa çatdıqdan sonra hər bank üzrə 200 manatlıq vergidən azad hissə çıxıldıqdan sonra qalan 300 manatdan 10 faiz vergi tutulacaq. Nəticədə əmanətçinin aylıq gəliri 30 manat azalacaq".

İqtisadçı əmanətlərin kütləvi şəkildə banklardan çıxarılacağını düşünmür: "Çünki bank əmanətləri əhali üçün nisbətən təhlükəsiz və proqnozlaşdırıla bilən maliyyə alətidir. Bununla yanaşı, vergi güzəştinin aradan qalxması uzunmüddətli əmanətlərin cəlbediciliyini müəyyən qədər azalda bilər. Xüsusilə böyük məbləğdə vəsaiti olan əmanətçilər alternativ investisiya imkanlarını daha ciddi nəzərdən keçirə bilərlər. Bununla belə yenə də banklar üçün də müəyyən risklər yaranır. Əmanətlər bank sektorunun əsas maliyyə resurslarından biridir. Uzunmüddətli depozitlər banklara kredit portfelini planlaşdırmaq və daha uzunmüddətli maliyyələşmə təmin etmək imkanı verir. Bu vəsaitlərin azalması və ya daha qısamüddətli depozitlərə yönəlməsi bankların resurs bazasına təsir göstərə bilər. Banklar əmanətçiləri qoruyub saxlamaq üçün depozit faizlərini artırmağa da məcbur qala bilərlər. Belə bir vəziyyət bankların maliyyələşmə xərclərini yüksəldə bilər".

"Məsələyə makroiqtisadi baxımdan yanaşsaq, əhalinin banklarda saxladığı yığımlar maliyyə sisteminin dayanıqlılığı, kreditləşmənin genişlənməsi və investisiya imkanlarının formalaşması üçün əhəmiyyətlidir. Uzunmüddətli əmanətlərin təşviqi bankların resurs bazasını möhkəmləndirir. Bu baxımdan vergi güzəştinin davam etdirilməsi iqtisadiyyatda daxili yığımların artırılması siyasətinə uyğun olardı.

Mən hesab edirəm ki, 18 ay və daha uzun müddətli manat əmanətləri üzrə vergi güzəştinin ən azı daha üç il uzadılması məqsədəuyğun olardı. Bu, əhalinin bank sektoruna etimadının qorunmasına, uzunmüddətli yığımların stimullaşdırılmasına və bankların maliyyə resurslarının sabitliyinə müsbət təsir göstərə bilər. Güzəştin uzadılmaması halında isə onun bankların depozit siyasətinə, kredit faizlərinə və əhalinin investisiya seçimlərinə mümkün təsirləri əvvəlcədən qiymətləndirilməlidir", - deyə Asif İbrahimov əlavə edib. 

Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью