Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Məlumatlara əsasən, işəgötürənlərin ən çox çətinlik çəkdiyi sahələrin başında satış və marketinq gəlir (16,7%). Bu göstərici onu deməyə əsas verir ki, bazarda kifayət qədər namizəd olsa da, onların praktiki satış bacarıqları, müştəri yönümlü yanaşması və rəqəmsal marketinq bilikləri işəgötürənlərin gözləntilərinə tam cavab vermir.
İkinci yerdə texniki ixtisaslar (15,8%) qərarlaşıb. Buraya mexaniklər, elektriklər, mühəndislər, texniki xidmət mütəxəssisləri daxildir. Texniki sahədə kadr çatışmazlığı əsasən peşə təhsilinə marağın zəif olması, gənclərin bu sahələri azprestijli hesab etməsi və texnologiyaların sürətlə yenilənməsi fonunda biliklərin tez köhnəlməsi ilə izah olunur.
Üçüncü əsas problemli istiqamət isə mühasibatlıq və maliyyə sahəsidir (15,3%). Burada çatışmazlıq daha çox ixtisaslı, beynəlxalq standartları (IFRS), vergi və maliyyə planlamasını dərindən bilən mütəxəssislərlə bağlıdır.
Maraqlı məqamlardan biri də tikinti və fiziki işlər (9,5%) və ticarət sahəsi (9,5%) üzrə kadr çatışmazlığının davam etməsidir. Bu sahələrdə iş axtaranların sayı az deyil, lakin ağır əmək şəraiti, nisbətən aşağı əməkhaqqı və qeyri-sabitlik səbəbindən işəgötürənlərlə işçi arasında uzlaşma yaranmır.
Turizm və xidmət sektoru (8,6%) və kənd təsərrüfatı və heyvandarlıq (7,7%) sahələrində də oxşar problemlər mövcuddur. Mövsümilik, uzun iş saatları və sosial təminatların zəifliyi bu sahələrdə davamlı kadr formalaşmasını çətinləşdirir.
Son bir il ərzində elan edilən vakansiyaların bölgüsü də kadr çatışmazlığının səbəblərini daha aydın göstərir. Vakansiyaların 21,2%-nin texniki ixtisaslar üzrə olması iqtisadiyyatın real sektorunda ixtisaslı işçi qüvvəsinə ehtiyacın artdığını sübut edir. Satış və marketinq (17,1%) və mühasibatlıq və maliyyə (13,5%) sahələri üzrə yüksək vakansiya sayı isə biznes mühitində rəqabətin və peşəkar idarəetməyə tələbatın gücləndiyini göstərir.
Eyni zamanda, tikinti, fiziki işlər və kənd təsərrüfatı sahələrinin hər biri üzrə vakansiyaların 13,1% təşkil etməsi bu sahələrdə işçi dövriyyəsinin yüksək olduğunu və uzunmüddətli kadr saxlanılmasının çətinləşdiyini ortaya qoyur.
Mövcud vəziyyət onu göstərir ki, problem təkcə iş yerlərinin azlığında deyil, daha çox bacarıqların əmək bazarının real tələblərinə uyğun olmamasındadır. Təhsil sistemi ilə işəgötürənlər arasında əlaqələrin zəifliyi, praktiki biliklərin kifayət qədər verilməməsi və peşə yönümünün düzgün aparılmaması bu uyğunsuzluğu dərinləşdirir.
Əmək bazarında mövcud kadr çatışmazlığı probleminin həlli üçün peşə təhsilinin gücləndirilməsi, işəgötürənlərin təlim prosesinə daha fəal cəlb olunması, gənclər arasında texniki və xidmət sahələrinə marağın artırılması vacibdir. Əks halda, vakansiyaların sayı artsa belə, uyğun kadr tapmaq problemi uzun müddət aktuallığını qoruyacaq və bu da iqtisadi inkişaf tempinə mənfi təsir göstərəcək.
Leyla Mirzə, Bizimyol.info