Əmək miqrantları Rusiyanı niyə tərk edirlər?

16.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rusiya illər boyu milyonlarla insan üçün yalnız qonşu ölkə deyil, həm də qazanc məkanı olub. Mərkəzi Asiya və Cənubi Qafqazdan gələn əmək miqrantları ölkənin tikinti sektorundan logistika və kommunal xidmətlərə, kənd təsərrüfatından restoran, kuryer və digər xidmət sahələrinə qədər geniş əmək bazarında çalışıblar. İndi bu model ciddi sınaq qarşısındadır. Özbəkistan Miqrasiya Agentliyinin məlumatına görə, avqustun 25-dən sentyabrın 5-dək, cəmi 10 gün ərzində 96 min 415 Özbəkistan vətəndaşı Rusiyadan ölkəsinə qayıdıb.

Bu rəqəmi avtomatik olaraq “96 min miqrant Rusiyadan qaçdı” kimi təqdim etmək düzgün olmaz. Çünki qayıdanların arasında planlı şəkildə ölkəsinə dönənlər də var və rəsmi statistika hər bir şəxsin qayıdış səbəbini ayrıca göstərmir. Lakin məsələnin mahiyyəti yalnız rəqəmdə deyil. Əsas məsələ Rusiyanın illər ərzində qurduğu əmək miqrasiyası modelinin cazibəsini itirməsidir.

Söhbət Rusiyanın əmək bazarı, miqrasiya siyasəti və sosial sabitlik modeli qarşısında yaranan problemdən gedir. Aydındır ki, əmək miqrasiyasının arxasında ilk növbədə iqtisadi hesab dayanır. İnsan xaricə gedir ki, öz ölkəsində qazana biləcəyindən daha çox gəlir əldə etsin və ailəsinə daha çox vəsait göndərsin. Rusiya uzun illər məhz bu iqtisadi üstünlüyə görə Mərkəzi Asiya və Cənubi Qafqaz miqrantları üçün cəlbedici olub.

Rublun məzənnəsindəki dəyişikliklər, inflyasiya, kirayə haqlarının və gündəlik yaşayış xərclərinin artması miqrantların real gəlirlərini azaldır. Miqrant üçün əsas məsələ maaşın rublla nə qədər olması deyil. Əsas sual ayın sonunda kirayə, ərzaq, nəqliyyat və digər xərclər ödənildikdən sonra ailəsinə nə qədər pul göndərə bilməsidir. İkinci mühüm amil Rusiyada miqrasiya siyasətinin son illər sərtləşməsidir.

Qeydiyyat, iş patenti, tibbi müayinə, sənədlərin yenilənməsi, müxtəlif yoxlamalar və digər inzibati prosedurlar xarici işçi üçün həm əlavə xərc, həm də əlavə risk yaradır. Rusiya hökuməti bu siyasəti əsasən qanunsuz miqrasiyaya qarşı mübarizə, əmək bazarına nəzarətin gücləndirilməsi və yüksək ixtisaslı kadrların cəlb olunması zərurəti ilə izah edir. Dövlətin qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaq və əmək bazarına nəzarəti gücləndirmək hüququ şübhəsizdir.

Lakin burada başqa bir reallıq da var. Bu, Rusiya iqtisadiyyatının hələ də xarici işçi qüvvəsinə ehtiyac duymasıdır. Miqrasiyanın məhdudlaşdırılması ilə iqtisadiyyatın real əmək tələbatı arasında yaranan ziddiyyət Moskva üçün getdikcə problemə çevrilir. Məsələ yalnız ölkədə işsiz insanların olub-olmaması deyil. Əsas məsələ həmin işlərin əmək şəraitinə və təklif olunan əməkhaqqına uyğun işləməyə hazır insanların sayıdır. Miqrantların çalışdığı bir sıra sahələr isə yerli işçilər üçün cəlbedici deyil.

Bundan başqa, miqrant ailələrindəki uşaqların məktəb və uşaq bağçalarına qəbulu da problemə çevrilib. Problemin yalnız iqtisadi və hüquqi tərəfi yoxdur. Getdikcə daha çox əhəmiyyət qazanan digər amil təhlükəsizlikdir. Miqrant özünü təhlükəsiz hiss etmədiyi ölkədə uzun müddət qalmaq istəmir. Polis reydləri, sənəd yoxlamaları, saxlanılma və deportasiya qorxusu, ayrı-seçkilik və zorakılıq barədə xəbərlər miqrantların kollektiv psixologiyasına təsir edir.

Bu prosesdə sosial şəbəkələr də mühüm rol oynayır. Bir şəhərdə keçirilən reydin və ya miqrantla bağlı insidentin görüntüləri bir neçə saat ərzində Rusiyanın müxtəlif bölgələrində yaşayan minlərlə insana çatır. Bir nəfərin başına gələn hadisə qısa müddətdə minlərlə insan üçün potensial təhlükə nümunəsinə çevrilir. Konkret hadisə fərdi problem olmaqdan çıxaraq bütöv bir icmanın təhlükəsizlik məsələsinə çevrilir. Bu nöqtədə məsələ yalnız hüquqi prosedur deyil, etimad məsələsidir. Miqrant dövlətin onu qoruyacağına və hüquqlarının qanun çərçivəsində təmin ediləcəyinə inamını itirdikcə, həmin ölkədə qalmaq istəyi də zəifləyir.

* * *

Bütün bunların Rusiya iqtisadiyyatına birbaşa təsiri var. Miqrantların sayı azalır, lakin görüləsi işlər və iqtisadiyyatın tələbatı dəyişmir. Tikinti davam etməli, yollar təmir olunmalı, sifarişlər çatdırılmalı, restoranlar işləməli, taksi və kommunal xidmətlər üçün kifayət qədər işçi qüvvəsi təmin edilməlidir. Əmək bazarında işçi sayı azaldıqca, həmin işçi qüvvəsinin dəyəri artır. İlk baxışda bu proses yerli işçilər üçün müsbət görünə bilər. İşçi çatışmazlığı əməkhaqlarının yüksəlməsinə və onların gəlirlərinin artmasına səbəb olur. Lakin bunun digər tərəfi də var. İşəgötürənin əmək xərcləri artdıqca, sahibkar həmin əlavə yükü məhsul və xidmətlərin qiymətinə daxil etməyə məcbur qalır. Nəticədə tikinti, çatdırılma, restoran, taksi və digər xidmətlərin qiymətləri artır.

Beləliklə, miqrantların ölkədən çıxarılması və ya onların sayının azalması ilk mərhələdə müəyyən siyasi qruplar üçün uğur kimi təqdim oluna bilər. Lakin əmək bazarında yaranan boşluq və artan xərclər bir müddət sonra bu siyasətin iqtisadi nəticələrini cəmiyyətin daha geniş təbəqələrinin gündəlik həyatına da gətirir. Bu, Rusiyanın miqrasiya siyasətindəki əsas ziddiyyətlərdən biridir: siyasi baxımdan sərt görünən qərar iqtisadi cəhətdən əlavə xərc yaradır və qiymət artımını sürətləndirir.

İqtisadçı-ekspert Mübariz Göyüşlü mövzu ilə bağlı XQ-yə bildirdi ki, Rusiyadan qayıdan miqrantların sayını yalnız statistika kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, əsas dəyişiklik miqrantların seçim imkanlarının genişlənməsidir: “Gəlirlərin azalması, hüquqi risklərin və təhlükəsizlik narahatlığının artması Rusiyanı əvvəlki qədər cəlbedici əmək bazarı olmaqdan uzaqlaşdırır və insanları alternativ istiqamətlər axtarmağa vadar edir. Bu baxımdan Çin, Cənubi Koreya, Yaponiya, Körfəz ölkələri və Avropa istiqamətləri miqrantlar üçün daha əhəmiyyətli ola bilər”.

Ekspertin fikrincə, bu proses Rusiyanın əmək bazarında ciddi problemlər yaradır: “Miqrantların sayını inzibati üsullarla azaltmaq mümkündür, lakin onların gördüyü işləri qısa müddətdə əvəz etmək o qədər də asan deyil. Buna görə Moskva qarşısında əsas sual miqrantların sayını necə azaltmaq yox, iqtisadiyyatın ehtiyac duyduğu işçi qüvvəsini necə qorumaqdır”.

M.Göyüşlü hesab edir ki, miqrant icmaları ilə antimiqrant qruplar arasında gərginliyin artması da ayrıca riskdir: “Ayrı-ayrı insidentlərin qarşıdurmaya çevrilməməsi üçün qanunsuz miqrasiyaya qarşı mübarizə ilə qanuni işləyən əcnəbilərin hüquq və təhlükəsizliyinin qorunması arasında balans yaradılmalıdır. Əks halda, sərt inzibati siyasət sosial gərginliyi daha da artıracaq. Bu proses Azərbaycan üçün də əhəmiyyətlidir. Rusiyada yaşayan azərbaycanlıların hüquqi və sosial vəziyyəti diqqətdə saxlanılmalı, eyni zamanda, geri qayıdan vətəndaşların xaricdə qazandıqları peşə təcrübəsindən, əmək bacarıqlarından və biznes əlaqələrindən ölkə daxilində səmərəli istifadə imkanları artırılmalıdır”.

Sonda onu da qeyd edək ki, Rusiya əmək bazarında yaranan ehtiyacı qarşılamaq üçün Myanmadan daha çox əmək miqrantı cəlb etməyi planlaşdırır. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, ölkə müəssisələri myanmalı mütəxəssislərin əməksevərliyini və peşəkarlığını yüksək qiymətləndirirlər. “Myanmadan əmək miqrasiyası da mövcuddur”, – deyən nazirin sözlərinə görə, Myanma xarici əmək bazarlarına böyük həcmdə işçi qüvvəsi göndərən ölkələrdən biridir: “Hazırda bizə lazım olan məhz budur. Ona görə də bu istiqamət də gündəmdədir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью