Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

19.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Əmək münasibətlərində gender bərabərliyinin təminatı üçün vacib şərtlərdən biri cinsinə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməməsi, onların hüquqlarının məhdudlaşdırılmamasıdır. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyə əsasən, işəgötürənlər işçilərin işə qəbulu, işdə irəli çəkilməsi, peşə hazırlığının artırılması, yeni ixtisasa yiyələnmələri və ixtisaslarını artırmaları zamanı, habelə işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən işçilərə cinsindən asılı olmayaraq eyni yanaşmalı və bərabər imkanlar yaratmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. 

İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. Cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraiti yaradılmalı, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbiri tətbiq edilməməlidir. 

İş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısını almaq üçün lazımi tədbirlər görmək işəgötürənin vəzifələrindən biridir.

Qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью