Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
"Onun kimi çoxşaxəli və hərtərəfli qabiliyyətə malik olan istedad sahibi az-az olar. İqtisadiyyat və hüquqdan yaxşı baş çıxarır, Azərbaycan dilinin ən xırda incəliklərinə bələddir. Çox gözəl tərcüməçidir. Tərcümələri o qədər aydın, axıcı və səlis olur ki, başqa dildən tərcümə olunduğu qətiyyən hiss edilmir. Jurnalistikada əsl peşəkarlardan biridir. İstər rəsmi-işgüzar, istərsə də bədii-publisistik üslubun bilicilərindəndir. Redaktorluq istedadı öz yerində, informasiyadan oçerkə qədər ən müxtəlif janrlardakı yazılarını istedadlı qələm sahibi Elşən Əliyevin bənzərsiz və çoxçalarlı yaradıcılığıının bir hissəsi hesab etmək olar".
Bu fikirlər Mətbuat Şurasında Əməkdar jurnalist Elşən Əliyevin 65 illik yubileyinə həsr olunmuş mərasimdə səslənib.
Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mətbuatının ən peşəkar nümayəndələrindən olan tanınmış jurnalistin keçdiyi yaradıcılıq yolunu xatırladıb. Bildirib ki, o, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirərək Ağdamda rayon qəzetində əmək fəaliyyətinə başlayıb. “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, “Panorama” və “Bizim əsr” qəzetlərində işləyib. “Azərbaycan işıqları” qəzetinin baş redaktoru, “Vergi xəbərləri” jurnalının məsul katibi olub, hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Vətən səsi” saytının redaktorudur.
Əməkdar mədəniyyət işçiləri Xanlar Məmmədov, Müsəllim Həsənov, Əməkdar jurnalist Yusif Rzayev, qələm dostları Salman Babayev, Vüqar Orxan, Elxan Salahov, tələbə yoldaşı Süleyman Qaradağlı və başqaları 40 ildən artıq mətbuat sahəsində çalışan Elşən Əliyevi sözün cəfakeşlərindən biri kimi xarakterizə ediblər. Həmkarları onu “nəşriyyat-adam” hesab etməkdə haqlı olduqlarını bir daha təsdiqləyiblər. Vurğulanıb ki, o, istənilən mətni qibtəoluancaq sürətlə yığmaq, redaktə və dizayn etmək qabiliyyətinə malikdir, nəşriyyat işləri və qəzet buraxılışı üçün gərəkli olan bütün proqramlara mükəmməl şəkildə bələddir. Elşən Əliyev “Bir cüdo əfsanəsi” kitabının müəllifi, “Murov qartalı” kitabının həmmüəllifi, Xalq yazıçısı Çingiz Abdullayevin “Qatıl üçün Qran-pri” əsərinin tərcüməçisi, onlarla kitabın redaktorudur.
Tədbirdə Elşən Əliyevə Mətbuat Şurasının diplomu təqdim olunub. O, yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkür edib, bundan sonra da sözün keşiyində dayanacağına söz verib (AZƏRTAC).