Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru, Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Əvvəlcə görkəmli alimin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev görkəmli alimi yubileyi münasibətilə təbrik edib, onun zəngin fəaliyyətinin universitetin tarixinin qiymətli bir parçası olduğunu bildirib. Rektor qeyd edib ki, Niftalı Qocayev BDU-ya tələbə kimi gəlib, burada müəllim və alim kimi yetişib, sonra özü yüzlərlə gəncin yetişməsində iştirak edib. Professor Niftalı Qocayevin optika və molekulyar fizika sahəsində fəaliyyəti, molekulyar biofizika istiqamətində tədqiqatları Azərbaycan elminə dəyərli töhfələr verib. Onun “Optika”, “Mexanika”, “Molekulyar fizika” dərslikləri minlərlə tələbənin fizikanı öyrənməsində, müəllimlərin dərsə hazırlaşmasında etibarlı mənbə olub.
“Professor Niftalı Qocayevin müəllimliyi yazdığı kitabların səhifələrində davam edir. Universitet üçün belə müəllimlərin varlığı böyük sərvətdir. Gənclərimiz professor Niftalı Qocayevdən elmə sədaqətin, peşəyə bağlılığın, müəllim adını ləyaqətlə daşımağın nə demək olduğunu öyrənirlər. Bizim vəzifəmiz də bu zəngin təcrübəni qiymətləndirmək, görkəmli alimlərin yaratdıqları elmi və pedaqoji ənənələri gələcək nəsillərə çatdırmaqdır”, - deyə Elçin Babayev vurğulayıb.
Sonra professor Niftalı Qocayevə uzunmüddətli səmərəli elmi və elmi-pedaqoji fəaliyyətinə, fizika elminin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələrə, BDU-nun ictimai həyatında fəal iştirakına görə və 90 llik yubileyi münasibətilə fəxri fərman təqdim edilib.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev professor Niftalı Qocayevin həyatı və elmi fəaliyyəti haqqında məruzə edib. Bildirilib ki, ilk azərbaycanlı biofizik alim olan Niftalı Qocayev Azərbaycanda fizika məktəbinin formalaşması və inkişafında mühüm xidmətlər göstərib. Hazırda BDU-nun Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru olan Niftalı Qocayev 450-yə yaxın elmi məqalənin, 20-dən çox dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir.
Yubilyarın elmi və pedaqoji xidmətləri müxtəlif illərdə yüksək qiymətləndirilib. 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. O, 2019-cu ildə “BDU-nun 100 illiyi (1919–2019)” yubiley medalı və III dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, professorlar - Misir Mərdanov, Fəxrəddin Qədirov, və Oktay Qasımov, Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabbarov, BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin müdiri Namiq Əhmədov, Əməkdar elm xadimi, professor Natiq Atakişiyev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov və alimin nəvəsi Nüranə Teymurova çıxışlarında Niftalı Qocayevin Azərbaycanda fizika elminin inkişafındakı xidmətlərini qeyd edib, onun şəxsiyyətində alimliklə müəllimliyin vəhdət təşkil etdiyini vurğulayıblar.
Sonda yubilyar tədbirin yüksək səviyyədə təşkili və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib. Qocaman alim çıxışında yaxşı müəllim olmağın düsturunu da açıqlayıb: “Müəllim adına layiq olmaq çox çətindir. Müəllim öz fənnini mükəmməl bilməli, heç vaxt özündən razı olmamalı, bilmədiyi mövzunu danışmamalı, tələbələrini çox sevməlidir. Bu adı həmişə qorumaq lazımdır”.