Əməkdaşlıqda yeni səhifə açıldı

24.06.2026

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

     İyun ayının 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov  Azərbaycana ilk dövlət səfərini etdi. Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə iştirakı ölkəmizin bu istiqamətə verdiyi önəmin göstəricisidir. Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir.

     Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan Prezidentləri təkbətək və geniş tərkibdə görüşlər keçirib əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan mühüm məsələlər ətrafında geniş müzakirələr apardı, yeni istiqamətləri müəyyənləşdirdilər. Prezidentlərin bəyanatları bu hədəflərin təqdimatı oldu. Həmçinin səfər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan bir çox sənədlərin imzalanması  mərasimi oldu. Ümumiyyətlə, Azərbaycan və Türkmənistan arasında hüquqi-normativ baza kifayət qədər geniş və əhatəlidir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Bu tarixi səfər iki ölkə arasında gələcək əməkdaşlığın prioritetlərini müəyyən edən yeni fəaliyyət proqramını formalaşdırdı.

     Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir.  Prezidentlər mətbuata bəyanatlarında bu reallıqlara xüsusi diqqət yönəltdilər. “Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı” deyən Prezident İlham Əliyev bildirdi ki,  ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Bu, təkcə bizim üçün,  qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq. Cənab İlham Əliyev onu da qeyd etdi ki, əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.

     Göründüyü kimi, qarşılıqlı yüksəksəviyyəli səfərlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, əlaqələrdə yeni səhifə açır. Qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan bu əlaqələr regionda sabitliyin, rifahın təmin olunmasına mühüm töhfələr verir.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью