Əməkhaqqının artırılması ilə bağlı mühüm AÇIQLAMA

23.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son aylarda Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı qərarlar diqqət mərkəzindədir. Bu addım əhalinin alıcılıq qabiliyyətini yüksəltmək, yoxsulluq səviyyəsini azaltmaq və sosial bərabərliyi gücləndirmək məqsədi daşıyır.
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Azər Bayramlı Demokrat.az-a bildirib ki, maaş artımı aşağıgəlirli əhali qruplarının aylıq büdcəsinə müəyyən nəfəs verir və qısa müddətdə sosial gərginliyi azalda bilər:
“Lakin məsələ yalnız rəqəmlərin artımı ilə bitmir. Minimum əməkhaqqı artırılır, amma paralel olaraq ərzaq, kommunal xidmətlər və kirayə qiymətləri daha sürətlə yüksəlirsə, vətəndaşın real alıcılıq qabiliyyəti dəyişmir, hətta bəzi hallarda azalır. Yəni nominal artım real rifaha çevrilmir. Minimum əməkhaqqının artırılması əmək bazarında zəncirvari təsir yaradır. Bu artım yalnız minimum maaş alanları deyil, onlara yaxın maaşla çalışan digər işçiləri də əhatə etməlidir. Əks halda əmək bazarında ədalətsizlik və motivasiya problemi yaranır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün bu artım əlavə maliyyə yükü deməkdir”.
O bildirib ki, düzgün mexanizmlər olmadıqda kölgə iqtisadiyyatını stimullaşdıra bilər:
“Müsbət tərəfi ondan ibarətdir ki, minimum əmək haqqının artırılması daxili tələbi canlandıra bilər. Aşağıgəlirli əhali gəlirinin böyük hissəsini istehlaka yönəltdiyi üçün bu, bazarda dövriyyəni artırır. Amma bu təsirin davamlı olması üçün paralel olaraq istehsal, məhsuldarlıq və məşğulluq siyasətləri də gücləndirilməlidir. Bu addım inflyasiya ilə mübarizə, sosial dəstək mexanizmləri, vergi yükünün optimallaşdırılması və real sektorun inkişafı ilə müşayiət olunarsa, vətəndaşların yaşayış səviyyəsinə real və davamlı təsir göstərə bilər. Əks halda isə bu qərar sadəcə statistik artım olaraq qalacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью