Əməlləri ilə ucalan insan

23.11.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Kərbəlayi Nizami Məmmədovun insanlıq haqqında həyat hekayəti

İnsanları tanımağın müxtəlif yolları var. Kimini tutduğu vəzifəyə, kimini qazandığı sərvətə, kimini cəmiyyətdəki mövqeyinə görə tanıyırlar. Amma elə insanlar da var ki, onların əsl kimliyini anlamaq üçün gördüyü işlərdən daha çox, başqalarının həyatında qoyduğu izlərə nəzər salmaq lazımdır. Çünki insanın həqiqi portreti nə vəzifə kabinetində, nə də rəsmi tərcümeyi-halında tamamlanır. O portret kiminsə dar günündə uzadılan əldən, təmənnasız edilən yaxşılıqdan, bir ananın göz yaşına şərik olmaqdan, bir şəhidin xatirəsinə göstərilən ehtiramdan yaranır.

Kərbəlayi Nizami Məmmədov haqqında düşünəndə ilk növbədə belə bir insan obrazı canlanır. Həyatın ona bəxş etdiyi imkanları, qazandığı təcrübəni və əldə etdiyi uğurları yalnız özünün rifahı ilə məhdudlaşdırmamağa çalışan, doğulduğu torpağa, mənsub olduğu el-obaya və insanlara bağlılığını əməli ilə göstərən bir şəxsiyyət.

Astara Azərbaycanın xəritəsində yalnız coğrafi mövqeyi ilə deyil, təbiətinin əsrarəngiz gözəlliyi, zəngin tarixi və insanlarının özünəməxsus xarakteri ilə seçilən bir diyardır. Xəzərin mavi sularının Talış dağlarının yamyaşıl meşələri ilə qovuşduğu bu torpaq təsadüfi deyil ki, Azərbaycanın cənub mirvarisi adlandırılır. Burada təbiət sanki özünün ən gözəl əsərlərini yaradıb: Hirkan Milli Parkının qədim meşələri, yaşı yüzillikləri geridə qoyan dəmirağacları və Hirkan şümşadı, dağların qoynunda qərar tutmuş Sım kəndinin nəhəng vulkanik qayaları, Sım, Dustaqxana və Şi şəlalələrinin ecazkar mənzərəsi... Ərçivandakı Yanar Bulaq kimi nadir təbiət hadisəsi, Xəzər sahilinin geniş çimərlikləri, Astara bulvarı, Lövəyin su anbarı, dağ çayları və qədim mağaralar bu diyarın təbiət xəzinəsini tamamlayır.

Elə bil burada hər daşın, hər ağacın, hər bulağın öz yaddaşı, öz hekayəti var. Bu gözəlliklər içərisində yaşayan insanların xarakterində də doğma torpağa bağlılıq, zəhmətsevərlik, qonaqpərvərlik və mənəvi saflıq özünəməxsus yer tutur. Bəlkə də elə bu torpağın saf havası, vüqarlı dağlarının əzəməti və zəngin həyat ənənələridir ki, Astara tarix boyu igid oğullar, tanınmış ziyalılar, alimlər və müdrik şəxsiyyətlər yetişdirib.

Yalçın Nəsirov, Pəncəli Teymurov və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan onlarla Astara övladının adı bu torpağın yaddaşına yazılıb. Belə bir elin yetirməsi olan Kərbəlayi Nizami Məmmədov da öz ömür yolunu doğma bölgəsinə xidmət, zəhmət və xeyirxahlıq üzərində qurmağa çalışıb. Onun adı böyük hay-küylə deyil, daha çox gördüyü işlərin, göstərdiyi qayğının və qazandığı insanların etimadının içərisində yaşayır.

Ailədən gələn mənəvi miras

Kərbəlayi Nizami Fərzulla oğlu Məmmədov 1957-ci il avqustun 28-də Astara şəhərdə ziyalı ailəsində dünyaya göz açıb. Onun uşaqlıq dünyasını əhatə edən mühitdə təhsil, mənəviyyat, zəhmət və Allaha inam mühüm yer tutub.

Atası Fərzulla müəllim uzun illər konserv zavodunun direktoru vəzifəsində çalışıb. Ancaq onu tanıyanların yaddaşında yalnız rəhbər kimi deyil, insanlarla münasibətində səmimiyyəti, zəhmətə ehtiramı və şəxsiyyət bütövlüyü ilə seçilən bir insan kimi qalıb.

Nizami müəllim uşaqlıq illərini xatırlayarkən bir fikri xüsusi vurğulayır:

“Dünyaya gözlərimi açandan bəri ailəmizdə təhsil, Allaha inam, adət-ənənəyə sədaqət və bir ziyalı mühiti görmüşəm”.

Bu cümlə onun həyat yolunun mənəvi başlanğıcını anlamaq üçün kifayətdir. Çünki insanın dünyaya münasibəti çox vaxt ailəsində gördüyü nümunələrdən yaranır. Atasının davranışı, ailədə hökm sürən tərbiyə və mənəvi mühit onun xarakterinin formalaşmasında mühüm rol oynayıb.
Nizami Məmmədovun sonrakı həyatında bu təməlin izlərini daha aydın görmək mümkündür. O, Beynəlxalq Münasibətlər İnstitutunda və Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Müxtəlif sahələrə marağı onun dünyagörüşünü genişləndirib. Bununla yanaşı, idmana da ciddi maraq göstərib, güləşlə məşğul olub və SSRİ İdman Ustası dərəcəsinə layiq görülüb.

Güləş onun üçün sadəcə idman növü olmayıb. Bu sahə iradə, intizam, səbir və məğlubiyyət qarşısında sınmamaq məktəbi idi. Həyatın sonrakı mərhələlərində qarşılaşdığı çətinliklərdə həmin keyfiyyətlərin ona kömək etdiyini daha dürüst izləmək olar.

Lakin Nizami müəllimin həyatında elə bir hadisə var ki, onun bütün mənəvi dünyasına başqa bir ölçü gətirib.

Doğma yurda aparan ata sözü

Nizami Məmmədovun xarakterinin, həyata baxışının və mənəvi dünyasının köklərini anlamaq üçün onun atasının ömür yoluna nəzər salmaq lazımdır. Çünki bəzi insanlar övladlarına yalnız adlarını, soyadlarını deyil, həm də həyat boyu yol göstərən mənəvi bir miras qoyurlar. Fərzulla Həsənağa oğlu da belə insanlardan idi.

O, ali təhsilini Qazaxıstanın Cambul şəhərində almışdı. Gənclik illərindən etibarən əmək fəaliyyətinə başladığı bu şəhərdə müxtəlif məsul vəzifələrdə çalışmış, işgüzarlığı, təşkilatçılıq bacarığı və insanlarla münasibəti sayəsində böyük hörmət qazanmışdı. Sonralar Cambulda iri şirə zavodunun direktoru vəzifəsinə təyin olunmuşdu. Həyatını qurmuş, nüfuz qazanmış, zəhmətinin bəhrəsini görmüşdü.

Ailə həyatını Astarada qurmuşdu. Doğma yurdda Şinanaz adlı qız ilə ailə həyatı quraraq onu da özü ilə Cambula aparmışdı. Mehriban və qarşılıqlı hörmət üzərində qurulan bu ailədə səkkiz övlad dünyaya gəlmişdi. Ailənin ilki Nizami Astara şəhərində, qalan yeddi uşaq isə Cambulda dünayaya gəlmişdi. Uşaqlar valideynlərinin qayğısı ilə böyüyür, zəhmətə hörmət, böyüyə ehtiram, kiçiyə qayğı, mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə alırdılar. Şinanaz ana evdar xanım idi. Bütün ömrünü uşaqların tərbiyəsi ilə məşğul idi.

Beləliklə, Fərzulla müəllimlə Şinanaz xanımın ailəsi Cambulda özünə möhkəm yer etmişdi. Ancaq insanın ömründə elə bir bağ var ki, nə qazandığı mövqe, nə qurduğu rahat həyat, nə də illərin alışdırdığı mühit onu qopara bilir. Bu, doğma yurda və ata ocağına bağlılıqdır.

Ailənin boy verdiyi ocaqda Nizaminin ata babası Həsənağa müəllim yaşayırdı. Uzun illər şəhərin adlı-sanlı orta məktəblərinndən birinin direktoru olan Həsənağa müəllim təkcə təhsil ocağında deyil, el arasında da müdrik, sözünün çəkisi olan böyük müəllim idi. Nəslindən, şəcərəsindən olan elə bir insan yox idi ki, xeyri, şəri Həsənağa müəllimin iştirakı, sözü, iştirakı olmadan keçsin. Çünki öz doğma evindən pöhrələnən ailə üzvlərini hamı yaxşı tanıyır və bunu məhz onun tərbiyəsinin nəticəsi hesab edirdilər.

Bir gün Fərzullanın atası Həsənağa müəllim ona zəng edir. Yaşının ahıl çağında övladından və nəvələrindən uzaqda yaşamaq artıq ona ağır gəlirdi. Telefonun o başından gələn ata sözündə həm həsrət, həm nigarançılıq, həm də övladına ünvanlanan bir çağırış vardı:

– Bəsdir, ay oğul, qürbətdə yaşadın. Uşaqları da götür, doğma yurduna qayıt. Mənim də nigarançılığıma son qoy. Yaşım o yaş deyil. Gəl, nəvələrim yanımda olsunlar...

Fərzulla müəllim atasının sözünü dinləyib uzun-uzadı düşünmədi. Etiraz etmədi, bəhanə axtarmadı. Çünki o, belə tərbiyə almışdı. Ata sözü onun üçün sadəcə bir xahiş deyil, əməl olunmalı mənəvi borc idi.

Çox keçmədi ki, yüksək vəzifəsini, illərlə zəhmət çəkərək qurduğu rahat həyatını Cambulda qoyub ailəsini də götürərək doğma Astaraya qayıtdı.
Bu qayıdış, əslində, bir insanın öz köklərinə, ata ocağına və mənsub olduğu torpağa sədaqətinin ifadəsi idi. Fərzulla müəllim üçün uğur yalnız vəzifə pillələrində yüksəlməkdən ibarət deyildi. Atasının nigarançılığını aradan qaldırmaq, övladlarını babalarının yanında böyütmək, ailə bağlarını qorumaq da onun üçün həyatın mühüm dəyərləri idi.

Bəlkə də Nizami müəllimin bu gün ailəyə, böyüklərə, doğma yurda və insanlara münasibətində gördüyümüz bir çox mənəvi cizgilərin başlanğıcı məhz həmin ailə ənənəsindən qaynaqlanıb. Çünki insan bəzən ömrü boyu atasının bir qərarını, bir davranışını, bir kəlməsini özünə yol seçir. Fərzulla müəllimin Cambuldan Astaraya qayıdışı da övladlarının yaddaşında belə bir həyat dərsi kimi qaldı: insan harada yaşamasından, hansı mövqeyə çatmasından asılı olmayaraq, öz köklərini və ona həyat verən ata ocağını unutmamalıdır.

Yaddaşda qalan yanğın

Bəzən insanın xarakterini illərlə oxuduğu kitablar, qazandığı təcrübə, əldə etdiyi uğurlar deyil, bircə hadisə formalaşdırır. Elə hadisə ki, insanın yaddaşından heç vaxt silinmir və bütün ömrü boyu onun mənəvi meyarına çevrilir.

Nizami Məmmədovun gənclik illərində yaşadığı ağır faciə də belə hadisələrdəndir.

Bir gün qonşuluqda fəryad qopur. Bir ev alova bürünüb. Ana haray çəkir, uşaqlarının içəridə qaldığını bildirir. İnsanların vahimə içində nə edəcəyini bilmədiyi həmin anlarda Fərzulla müəllim və oğlu Nizami təhlükəni düşünmədən köməyə atılırlar. Onlar yanan evə daxil olaraq səkkiz nəfərin həyatını xilas edirlər.

Bu, insanın başqasının taleyi qarşısında hansı məsuliyyəti daşıya biləcəyini göstərən hadisə idi. Həmin anda nə ata, nə də oğul öz təhlükəsizliyini düşünür. Onların qarşısında yalnız köməyə ehtiyacı olan insanlar dayanırdı.

Nizami yaralanır, əlləri yanır. Fərzulla müəllim isə bu fədakarlıq zamanı həyatını itirir. Bir övlad üçün bundan ağır xatirə təsəvvür etmək çətindir. Atasını itirmək özü böyük dərddir. Onu başqalarının həyatını xilas edərkən itirmək isə həmin dərdi ömürlük mənəvi məsuliyyətə çevirir.
Fərzulla müəllim öz davranışı ilə oğluna sözlə ifadə olunması çətin olan bir həyat dərsi vermişdi: insanın dəyəri yalnız özü üçün yaşadığı illərlə deyil, başqaları üçün edə bildikləri ilə ölçülür.

Bəlkə də Nizami müəllimin bu gün insanlara göstərdiyi həssaslığın, çətin vəziyyətdə olanlara biganə qalmamasının kökündə həmin hadisənin xatirəsi dayanır. Atasının fədakarlığı onun yaddaşında yalnız bir faciə kimi deyil, ömür boyu qorunmalı mənəvi əmanət kimi yaşayır.

Uğurun arxasındakı məsuliyyət

Nizami Məmmədovun əmək fəaliyyəti müxtəlif sahələri əhatə edib. O, sovet dövründə “Sovtransavto” şirkətinin ikinci şöbəsinin müdiri, sonralar “Fortuna” gömrük idarəsində rəhbər vəzifələrdə çalışıb. Bu illərdə nəqliyyat, logistika və idarəçilik sahəsində təcrübə qazanıb.
Hazırda SAM-SEM şirkətinin təsisçisi və baş direktoru, Astara Nəqliyyat Açıq Səhmdar Cəmiyyətinin və Kimya Birliyinin sədridir. Rəhbərlik etdiyi kollektivdə onlarla insan çalışır.

Ancaq bu rəqəmin arxasında təkcə müəssisənin miqyası dayanmır. Oradakı insanların əmək fəaliyyəti, ailələrin dolanışığı, övladların təhsili, evlərə aparılan çörək var. Sahibkarlığın əsl ictimai dəyəri də məhz burada üzə çıxır.

Bir müəssisə qurmaq iqtisadi təşəbbüsdür, onu yaşatmaq idarəçilik bacarığıdır, onlarla insanın əməyinə məsuliyyətlə yanaşmaq isə artıq mənəvi öhdəlik, insanların ona güvənidir.

Nizami müəllimin rəhbərlik etdiyi avtostansiyadan hər gün Astara-Bakı, Astara-Gəncə, Astara-Sumqayıt, Astara-Qazax və Astara-Mingəçevir istiqamətlərində avtobuslar yola düşür. Bu nəqliyyat əlaqələri insanların gündəlik həyatının bir hissəsidir. Sürücülərin sərnişinlərlə davranışı, xidmətin keyfiyyəti, səfərin rahatlığı onun diqqət yetirdiyi məsələlərdəndir.

O, mütəmadi toplantılarda sürücülərə bir məqamı xüsusi tapşırır: insanlarla mehriban, mədəni və hörmətlə davranmaq. Bu tələb ilk baxışda adi idarəçilik tapşırığı kimi görünə bilər. Amma onun arxasında daha geniş bir düşüncə dayanır. Xidmət göstərmək yalnız sərnişini bir ünvandan başqa ünvana çatdırmaq deyil, ona insan kimi münasibət göstərməkdir.

Nizami müəllimin quruculuq işlərinə münasibətində də eyni yanaşma hiss olunur. Onun üçün tikinti yalnız divar ucaltmaq, bina inşa etmək deyil. Görülən işin keyfiyyətli olması, uzun müddət insanlara xidmət etməsi, estetik görünüşü və ətraf mühitə uyğunluğu vacibdir. Bu mənada o, sahibkarlığı yalnız gəlir əldə etmək vasitəsi kimi deyil, doğma ölkənin inkişafına töhfə vermək imkanı kimi də dəyərləndirir.

Yaxşılığın səs-küyə ehtiyacı yoxdur

Ancaq Kərbəlayi Nizami Məmmədovun şəxsiyyətini iş və sahibkarlıq fəaliyyəti ilə tam təsvir etmək mümkün deyil. Onun haqqında danışan insanların söhbəti gec-tez xeyirxahlıq mövzusuna gəlib çıxır.

El arasında ona “Allah adamı” deyənlər çoxdur. Bu ifadə, sadəcə, dini inancına verilən qiymət deyil. İnsanların onun xarakterində gördüyü mənəvi həssaslığın, mərhəmətin və kömək etmək istəyinin ifadəsidir. Nizami müəllim yaxşılıq haqqında danışanda bir fikri xüsusilə diqqət çəkir: “Kömək etməyin və əl tutmağın üç yolu var: gizli, açıq və dua zamanı”.

Bu sözlərdə onun xeyirxahlığa münasibəti ifadə olunur. Yaxşılıq hər zaman böyük məbləğlərlə, nümayişkaranə tədbirlərlə ölçülmür. Bəzən bir insanın ehtiyacını dinləmək, onun probleminə diqqət yetirmək, çətin anında yanında olmaq da xeyirxahlıqdır.

Gizli edilən yaxşılıqda təmənna yoxdur. Açıq edilən yaxşılıq başqalarını da mərhəmətə və həmrəyliyə çağırır. Dua zamanı edilən yaxşılıq isə insanın öz mənəvi dünyasında başqasına yer ayırmasıdır.

Nizami müəllim xeyirxahlığın reklam edilməsini sevmir. Özü bu barədə geniş danışmaq istəməsə də, onun aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı haqqında Astara rayonunda danışanlar az deyil. Onun qapısı bu insanlara həmişə açıqdır.

Əslində, insanın böyüklüyünü müəyyənləşdirən məqamlardan biri də budur: özünün yaxşı yaşadığı günlərdə başqasının çətinliyini unutmamaq. Çünki ehtiyac içində olan insan üçün bəzən yardımın məbləğindən daha vacib olan onun unudulmadığını hiss etməsidir.

Nizami müəllim sürücülərə də şəhid ailələrinə, qazilərə və aztəminatlı insanlara xüsusi diqqət və hörmət göstərməyi tapşırır. Bu münasibəti isə belə izah edir: “Bu bizim təkcə vəzifəmiz yox, həm də insanlıq borcumuzdur”. Bu fikrin arxasında onun həyat fəlsəfəsi dayanır. İnsanlıq borcu vəzifə təlimatı ilə başlamır və onun bitdiyi yerdə də başa çatmır.

Vətəndaş mövqeyi və dövlətçilik düşüncəsi

Kərbəlayi Nizami Məmmədovun şəxsiyyətini səciyyələndirən cəhətlərdən biri də onun ictimai-siyasi proseslərə münasibəti və ölkənin gələcəyi ilə bağlı mövqeyidir. O, ictimai tədbirlərdə, siyasi kampaniyalarda, xüsusilə Prezident seçkiləri dövründə fəallığı ilə seçilən insanlardandır. Bu fəallığı formal iştirakdan daha çox, özünün vətəndaşlıq məsuliyyətinin ifadəsi hesab edir.

Prezident seçkiləri zamanı onun rəhbərlik etdiyi şirkətin avtobuslarının insanların seçki məntəqələrinə rahat çatdırılması üçün səfərbər edilməsi də bu fəaliyyətin konkret nümunələrindəndir.

Ölkədə həyata keçirilən dəyişikliklər, Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu və dövlətçilik məsələləri barədə danışarkən Nizami müəllim Prezident İlham Əliyevin fəaliyyətinə münasibətini də açıq ifadə edir. O, Prezidentlə bir neçə tədbirdə görüşdüyünü, onun çıxışlarını canlı dinlədiyini xatırladır:

“Bir neçə tədbirdə hörmətli Prezidentimizlə görüşlərdə olmuşam, onu canlı dinləmişəm. Azərbaycan haqqında danışanda həyata keçirilən layihələri necə həvəslə təqdim etdiyinin şahidi olmuşam. Son otuz ildə ölkəmizin keçdiyi inkişaf yolunu, Azərbaycanın regionda qazandığı mövqeyi görürük. Mən hesab edirəm ki, ölkənin inkişafı naminə həyata keçirilən işlərdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Nizami müəllim həmin tarixi günləri xatırlayarkən qürur hissi ilə danışır. Onun fikrincə, 2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, dövlətinə və liderinə sədaqətini nümayiş etdirən misilsiz tarixi sınaq oldu.

– Həmin günlərdə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Bu birliyin mərkəzində isə xalqın etimadını qazanmış, qətiyyətli siyasi iradəsi və uzaqgörən strategiyası ilə ölkəmizi Zəfərə aparan Prezident, Ali Baş Komandan İlham Əliyev dayanırdı. Dövlət başçısının illər ərzində apardığı məqsədyönlü siyasət, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, güclü ordunun yaradılması və diplomatik müstəvidə həyata keçirilən ardıcıl fəaliyyət tarixi Qələbəmizin əsasını formalaşdırmışdı. Müharibə günlərində İlham Əliyevin siyasi qətiyyəti, diplomatik məharəti və xalqla birliyi bu mübarizənin həlledici amillərinə çevrildi. Rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala son qoydu, torpaqlarımızı azad etdi. Xalqımızın qəlbində illərlə yaşatdığı Vətən həsrəti Zəfər sevinci ilə əvəzləndi. Bu gün dünyanın harasında olmağımızdan asılı olmayaraq, başımızı dik tuturuq. Çünki biz qalib xalqın nümayəndələriyik. Gənclərimizə də tövsiyəm budur ki, Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və gələcək inkişafının təmin olunması naminə dövlətimizin başçısının ətrafında sıx birləşsinlər. Milli birliyimiz və dövlətçilik iradəmiz qorunduqca heç bir qüvvə Azərbaycanın qarşısında dayana bilməz.

Nizami müəllim Vətən müharibəsi günlərində özünün gördüyü işlərdən, göstərdiyi maddi və mənəvi dəstəkdən danışmağı xoşlamır. Ancaq onun bu dövrdə nümayiş etdirdiyi vətəndaşlıq mövqeyi Astara ictimaiyyətinin yaddaşında hər zaman yaşayacaq. Çünki o, Vətən üçün məsuliyyətin yalnız sözlə deyil, əməli fəaliyyətlə ifadə olunmalı olduğunu yaxşı anlayırdı.

Müharibənin ilk günlərindən etibarən rəhbərlik etdiyi müəssisənin bütün imkanlarını cəbhənin və səfərbərlik tədbirlərinin ehtiyaclarına yönəltdi. Müəssisəyə məxsus sərnişindaşıma avtobusları təmənnasız olaraq rayonun səfərbərlik xidmətinin sərəncamına verildi. Həmin avtobuslar könüllülərin və səfərbərliyə cəlb olunanların cəbhə bölgəsinə çatdırılmasında istifadə edilirdi. Bununla kifayətlənməyən Nizami müəllim şəxsi vəsaiti hesabına cəbhəyə 100 min manatdan artıq maddi yardım göstərdi, döyüşçülərin ehtiyac duyduğu müxtəlif vasitələrin alınaraq ünvanına çatdırılmasına dəstək verdi.

Bütün bunlar onun üçün nə təbliğat vasitəsi, nə də sonradan xatırlanmaq üçün görülən bir iş idi. Bu, Vətən qarşısında mənəvi borcunu yerinə yetirmək istəyindən doğan təbii vətəndaşlıq mövqeyi idi. O günlərdə Nizami müəllim kimi minlərlə sahibkarın, ziyalının, sadə vətəndaşın ümummilli mübarizəyə qoşulması bir daha göstərdi ki, Azərbaycan xalqının birliyi yalnız mənəvi həmrəylik deyil, zərurət yarananda əməli gücə çevrilməyi bacaran milli iradədir. Məhz bu iradə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin siyasi qətiyyəti, ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə birləşərək tarixi Zəfərimizi gerçəkləşdirdi.

Nizami müəllimin düşüncəsində dövlətə bağlılıq yalnız siyasi mövqeyin ifadəsi deyil. Bu, həm də gündəlik əməkdə, quruculuqda, insanların rifahına xidmət edən təşəbbüslərdə özünü göstərməlidir. Onun fikrincə, ölkənin inkişafına töhfə vermək üçün hər kəs öz sahəsində məsuliyyətlə çalışmalı, ümumi işə fayda gətirməlidir.

Elə bu baxımdan onun ictimai-siyasi fəallığı ilə sahibkarlıq və quruculuq fəaliyyətini bir-birindən ayırmaq çətindir. Çünki Nizami Məmmədov üçün vətəndaşlıq mövqeyi həm də əməl məsuliyyətidir.

Qəhrəmanların xatirəsinə sədaqət

Vətən sevgisinin də müxtəlif ifadə formaları var. Kimisi onu sözlə bildirir, kimisi əməyi ilə, kimisi isə Vətən uğrunda canından keçənlərin xatirəsini yaşatmaq və yad etməklə.

Nizami Məmmədov üçün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun adı xüsusi məna daşıyır. Bu, sadəcə, bir həmyerlisinə, bir qəhrəmana göstərilən ehtiram deyil. O, Pəncəlinin şəxsində Vətən uğrunda fədakarlığın, cəsarətin və sədaqətin canlı nümunəsini görür.
Elə buna görə də bayramlarda, əlamətdar günlərdə qəhrəmanın məzarını ziyarət etməyi özünə mənəvi borc bilir. Üstəlik, bu ziyarətlərə sevimli nəvələrini də aparır. Bu detalın özündə böyük bir məna var. O, yalnız keçmişin qəhrəmanına ehtiram göstərmir, həm də gələcək nəslə ehtiramın nə demək olduğunu öyrətməyə çalışır.

Nizami müəllim üçün Pəncəli Teymurova ehtiram məzarını ziyarət etməklə bitmir. O, qəhrəmanın yaşadığı evdə anasının olduğunu xatırladaraq deyir: “Biz onun məzarını ziyarət etməklə işimizi bitmiş hesab edə bilmərik. Bu gün onun yaşadığı evdə Pəncəlini böyüdən anası var. Biz onu, yaşadağı evində muzeyi daim ziyarət edir, yaşayışı, qayğıları ilə tez-tez maraqlanırıq”.

Bu sözlərdə qəhrəmanın anasına göstərilən diqqətdən daha geniş bir məna var. Şəhidin xatirəsini yaşatmaq, onun ailəsini unutmamaq, anasının qayğısına qalmaq Vətən sevgisinin ən insani ifadələrindəndir. Çünki qəhrəmanlar yalnız tarix kitablarında və xatirə lövhələrində yaşamırlar. Onların ailələri, anaları, doğmaları var. Həmin insanların qayğısını bölüşmək də qəhrəmanın xatirəsinə sədaqətin bir hissəsidir.

Ailənin davam edən ənənəsi

Nizami Məmmədovun həyatında ailə xüsusi yer tutur. İki oğul, bir qız övladı böyüdüb, onların ali təhsil almasına şərait yaradıb. Böyük oğlu Samir İdman Akademiyasını bitirib, üç dəfə Azərbaycan çempionu olub. Seymur Qafqaz Universitetində, Günay isə Odlar Yurdu Universitetində ali təhsil alıb. Övladlarının təhsilli və cəmiyyətə faydalı insanlar kimi yetişməsi onun üçün mühüm həyat məqsədlərindən biri olub.

Bu ailədə idmana maraq da nəsildən-nəslə ötürülən xüsusiyyətlərdəndir. Nizami müəllimin nəvəsi Mətin Məmmədzadə artıq sərbəst güləş üzrə yeniyetmələr arasında bir sıra yarışlarda uğur qazanıb. 2025-ci ildə rayon və açıq çempionatlarda birinci yerlərə layiq görülməsi, 2026-cı ildə Astara rayonunda Novruz bayramına həsr olunmuş dostluq yarışında 44 kiloqram çəki dərəcəsində qalib gəlməsi onun idmana olan marağının və zəhmətinin nəticəsidir.

Bəlkə də babanın keçdiyi idman yolu ilə nəvənin seçdiyi güləş meydanı arasında görünməyən bir mənəvi bağ var. Bu, təkcə idmana sevgi deyil, həm də zəhmətə, intizama və iradəyə verilən dəyərin davamıdır.

Ailə insanın dünyaya açılan ilk məktəbidir. Nizami müəllimin həyatında da bu məktəbin dərsləri öz əksini tapır: təhsil, mənəviyyat, əmək, ailəyə bağlılıq və insanlara hörmət.

İnsan haqqında son söz

Kərbəlayi Nizami Məmmədovun ömür yoluna nəzər salanda müxtəlif xarakter cizgiləri ilə qarşılaşırıq. İdmançının iradəsi, rəhbərin məsuliyyəti, sahibkarın təşəbbüskarlığı, qurucunun zövqü, ziyalının düşüncəsi və inanclı insanın mənəvi həssaslığı...

Lakin bütün bu xüsusiyyətlərin fövqündə bir məqam dayanır: insanlara münasibət.

Həyatda çox şey qazanmaq mümkündür. Vəzifə, sərvət, nüfuz, uğur... Ancaq insanın etimadını qazanmaq, başqasının yaddaşında yaxşılıqla qalmaq bunların heç birinə bənzəmir. Bunun üçün insanın yalnız imkanları deyil, ürəyi də olmalıdır.

Nizami müəllimin həyatında atasının yanan evdən insanları xilas edərkən göstərdiyi fədakarlıq, özünün şəhid ailələrinə və qazilərə münasibəti, Pəncəli Teymurovun anasına göstərdiyi qayğı, aztəminatlı ailələrə yardım etmək istəyi bir-birindən ayrı hadisələr deyil. Bunlar eyni mənəvi xəttin müxtəlif təzahürləridir.

O, atasından aldığı həyat dərsini öz davranışında yaşatmağa çalışır. Bəlkə də insanın ömründə bundan qiymətli davamlılıq yoxdur: bir nəslin yaxşılığı başqa nəslin xarakterində yaşayır, bir insanın fədakarlığı digərinin həyat fəlsəfəsinə çevrilir.

Astaranın təbiəti kimi, insanlarının da özünəməxsus gözəlliyi var. Bu gözəllik bəzən dağların əzəmətində, bəzən dənizin sakitliyində, bəzən də heç kimin görmədiyi bir yerdə edilən yaxşılıqda üzə çıxır.

Kərbəlayi Nizami Məmmədovun həyat hekayətinin əsas məğzi də, məncə, elə budur. İnsan öz ömrünü yalnız özü üçün yaşamamalıdır. Qazandığı imkanlar başqalarına da fayda verməli, qurduğu işlər insanların həyatına xidmət etməli, adı isə kiminsə yaddaşında bir yaxşılığın xatirəsi kimi qalmalıdır.

Çünki illər keçir, vəzifələr dəyişir, zaman çox şeyi öz axarına aparır. Ancaq bir insanın başqasının taleyində yaratdığı işıq asanlıqla sönmür. Nizami müəllimin gələn il 70 yaşı tamam olur. İlk baxışdan cənub dağlarının təmiz havasında nəfəs alan, saf sularından içib yaşa dolan bir insan üçün bu elə də böyük yaş deyil. Amma bu yaşa sığan əməllər, yaxşılıqlar, insani keyfiyyətlər o qədər çoxdur ki, sanki Nizami müəllim bir qərinə yaşayıb.

Əlbəttə biz onun bütün həyat hekayəsini bu kiçik oçerkə sığdırmaqda cizik. Əslində bu heç bir oçerkə sığan mövzu da deyil. Güman edirik ki, hər günündə bir xeyirxahlıq, bir insanlıq nümunəsi bu zəngin mənalı ömrün xronikasını ciddi bir kitab kimi ərsəyə gətirib gələcək nəsillərə ərməğan edəcəklər. Çünki bu həyatın davamı, gələcəyə çatan səsi olmalıdır ki, nəslin gələcəyinin davamı da belə zəngin və mənalı olsun.

Axı əsl insanın böyüklüyü də elə bundadır: özü yüksəlməklə kifayətlənməmək, başqalarının da həyatına bir az işıq gətirmək. Bu işıq təkcə xeyriyyəçilikdə, mənəvi əməllərdə deyil, onları gələcəyə daşıyan sözdə də qalmalıdır.

Bəxtiyar HÜSEYNOV,
yazıçı, publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью