Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan elə sənət adamları var ki, onların sənətləri də özləri ilə birgə köçür bu dünyadan.
Məsələn, Teymur Mustafayev kimi.
Hamının Teymur əmi dediyi sənət adamının varlığı məni narahat etməsə də, yoxluğu çox düşündürüb.
Məsələn, mən o bu dünyada olanda da, dünyadan köçəndən sonra da hələ heç kimdən eşitməmişəm ki, hansısa muğama onun ifasında qulaq assın, desin ki, vay vay, nə dəhşət oxuyub.
Ya da nə bilim, kimsə deməyib ki, filan muğamın Teymur əmi oxuyanını dinlə.
Əgər belədirsə, bəs necə oldu ki, Teymur Mustafayev əmi böyük sənətkar oldu?
Hər şeydən əvvəl Teymur Mustafayev də məktəb ola bilməyən musiqiçilərdən oldu. Ruhu şad olsun, uzun ömür yaşadı, ancaq nə onu andıracaq bir tələbəsi, nə də ona oxşamaq istəyən, ondan öyrəndiyini deyən tələbələr oldu. Görünür ki, gənc müğənnilər də ona oxşamaq istəmədilər.
Ümumiyyətlə, onun səsinin heç bir xüsusiliyi yoxdur, olmayıb.
Sözsüz, oxumaq üçün səsi olub, ancaq adama toxunan heç nə yoxdur. Sadə, standart, heç nə ifadə etməyən, adama heç nə deməyən səs tembri var.
Yəqin müşahidə etmisiniz. Köhnə binalarda lift həmişə xırıldayır, amma heç kim ustaya zəng eləmir, “onsuz da belədir” deyirlər. İndi Teymur əminin də səsi heç kimi narahat etməyib, əvvəllər vərdiş edib qarşılarına çıxanda dinləyiblər.
Onun bu mənada oxumağı da sənət hadisəsi yox, səhnə refleksi idi.
Teymur Mustafayev səsi ilə heç bir mahnını yaşada bilmədi. Onun səsindəki mahnılar da əvvəldə yaşayırdı, sonra da yaşadı. Heç bir ifadə onun səsində xüsusi rəng almadı, sevilmədi, imza, möhür olmadı.
Onun Azərbaycan musiqisində izi var, ancaq bu elə adi, qarda yaranan ayaq izidir, hansısa cığır, yol yox.
Elə Teymur əmi obrazı onun ən böyük uğuru idi.
Maraqlıdır, həqiqətənmi kimsə onu xüsusi olaraq dinləyir?
Ümumiyyətlə, musiqiçi deyəndə sonuncu dəfə Teymur Mustafayev kimin yadına düşüb?
Kim üç musiqiçi adı çəkəndə heç olmasa, üçüncü yerdə Teymur Mustafayevin adını deyib?
Üstəlik, Teymur Mustafayev xalqın yaddaşında da daha çox başqa məsələlərlə yadda qalıb.
Şühhəsiz, insanın sənətkarlığı böyük olmayanda başqa nəsnələr adamın daha çox yadında qalır.
Teymur Mustafayevin Azərbaycan efirindən ironiya ilə “Tüfəngim paslanıb, ata bilmirəm” deməyi yadımdan çıxmır. Nə oxuduğu Zabul yadıma düşür, nə də digər təsniflər.
Sözsüz, vurduğu jimlər də xatirimdədir.
Əslində, məlum olur ki, əmi canı qəti qorxusu var.
Orxan Saffari