Əmlak alarkən hansı qiymətə əsaslanmaq lazımdır? ŞƏRH

24.11.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Daşınmaz əmlak bazarında eyni torpaq sahəsinin və ya mənzilin müxtəlif mənbələrdə fərqli qiymətlərlə təqdim olunması tamamilə mümkündür. Bunun əsas səbəbi qiymətləndirmədə istifadə olunan yanaşmaların, məqsədlərin və iqtisadi göstəricilərin fərqli olmasıdır. Burada bazar dəyəri, investisiya dəyəri və kadastr göstəricilərini bir-birindən fərqləndirmək xüsusilə vacibdir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:

“Bazar dəyəri əmlakın müvafiq bazar şəraitində, məlumatlı və maraqları bir-birindən asılı olmayan alıcı və satıcı arasında normal satış şərtləri daxilində əldə edə biləcəyi ehtimal olunan qiymətdir. Bu göstərici əmlakın yerləşməsi, texniki vəziyyəti, hüquqi statusu, analoji obyektlərin faktiki satış qiymətləri və mövcud tələb-təklif nisbəti əsasında müəyyən edilir.

İnvestisiya dəyəri isə konkret investorun məqsədləri və gözləntiləri baxımından əmlakın nə qədər iqtisadi fayda yarada biləcəyini ifadə edir. Məsələn, eyni torpaq sahəsi bir investor üçün adi əmlak obyekti olduğu halda, digər investor üçün gələcək tikinti, kommersiya və ya icarə layihəsinin strateji elementi ola bilər. Bu səbəbdən investorun gözlədiyi gəlirlilik və risk səviyyəsi investisiya dəyərini dəyişir.

Kadastr göstəriciləri isə torpaq və digər daşınmaz əmlak haqqında dövlət uçotu sistemində əks olunan hüquqi, texniki və məkan məlumatlarıdır. Buraya torpağın sahəsi, təyinatı, yerləşməsi və digər uçot məlumatları daxildir. Kadastr məlumatları əmlakın identifikasiyası və hüquqi vəziyyətinin müəyyənləşdirilməsi üçün vacibdir, lakin kadastr göstəricilərini avtomatik olaraq cari bazar qiyməti hesab etmək olmaz.

Məsələn, eyni torpaq sahəsinin bazar dəyəri 100 min manat, konkret investor üçün investisiya dəyəri 125 min manat ola bilər. Bu, həmin investorun ərazidə gələcək layihə həyata keçirmək imkanını daha yüksək qiymətləndirməsi ilə bağlıdır. Kadastr məlumatları isə torpağın sahəsini, təyinatını və digər uçot xüsusiyyətlərini əks etdirir, özlüyündə bu qiymətləri təsdiqləmir”.

Ekspertin fikrincə, daşınmaz əmlak bazarında ən ciddi səhvlərdən biri müxtəlif təyinatlı qiymət göstəricilərinin eyniləşdirilməsidir.

“Kadastr məlumatı bazar qiymətləndirməsini, investisiya dəyəri isə bazar dəyərini avtomatik əvəz etmir. Hər bir göstərici öz məqsədinə və metodologiyasına uyğun tətbiq olunmalıdır.

Nəticə etibarilə, bir əmlakın müxtəlif qiymətlərə malik olması ziddiyyət deyil, onun fərqli iqtisadi və hüquqi aspektlərdən qiymətləndirilməsinin nəticəsidir. Peşəkar yanaşma yalnız rəqəmi müəyyənləşdirmək deyil, həmin rəqəmin hansı məqsədlə, hansı metodologiya və hansı məlumatlar əsasında hesablandığını düzgün izah etməkdir”,-deyə o əlavə edib.

Şəbnəm

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью