Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Onilliklərdir yaşadığı evin hüquqi sahibi ola bilməyən vətəndaş üçün sənədləşmə sadəcə formal prosedur deyil. Bu, mülkiyyətin təhlükəsizliyi, ailənin gələcəyi və iqtisadi imkanlara çıxış məsələsidir. Azərbaycanda sənədsiz evlərin və torpaq sahələrinin mərhələli şəkildə rəsmiləşdirilməsi təşəbbüsü də məhz bu baxımdan qiymətləndirilməlidir. Azərbaycanda daşınmaz əmlak bazarının uzun illərdir həllini gözləyən problemlərindən biri sənədsiz fərdi yaşayış evləri və torpaq sahələridir. Xüsusilə Bakı və Abşeron yarımadasında geniş yayılan bu problem təkcə tikinti və şəhərsalma məsələsi deyil. Burada mülkiyyət hüququ, sosial ədalət, əhalinin iqtisadi fəallığı, daşınmaz əmlak bazarının şəffaflığı və dövlət idarəçiliyinin səmərəliliyi kimi bir-biri ilə əlaqəli məsələlər dayanır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun parlamentdə səsləndirdiyi əmlak amnistiyası və vahid dövlət proqramının hazırlanması təklifi bu problemin sistemli həlli ilə bağlı müzakirələri yenidən aktuallaşdırır. Təklif olunan qanunvericilik dəyişikliyi - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək tərtib edilmiş plan-ölçü sənədlərinin müəyyən hallarda dövlət qeydiyyatı üçün hüquqi əsas sayılması – uzun müddətdir sənədləşmə problemi yaşayan vətəndaşlar üçün yeni imkanlar yarada bilər.
Məsələnin miqyası isə açıqlanan rəqəmlərdə aydın görünür. Bakı və Abşeronda aparılmış araşdırmaya görə, sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, 36,8 faizi isə 10–20 il müddətində yaşayır. Başqa sözlə, respondentlərin təxminən 70 faizi on ildən çoxdur eyni evdə məskunlaşıb. Bu fakt göstərir ki, söhbət müvəqqəti və ya yeni yaranmış tikililərdən deyil, uzun illər ərzində formalaşmış yaşayış məkanlarından və sosial reallıqdan gedir. Digər mühüm məqam bu evlərdə yaşayan ailələrin gəlir səviyyəsidir. Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ya daha az, 35,6 faizinin isə 400–1000 manat arasındadır. Deməli, problemin həlli zamanı sosial amil də nəzərə alınmalıdır. Çünki illərlə yaşadığı evi rəsmiləşdirə bilməyən aztəminatlı ailənin əlavə hüquqi, texniki və maliyyə xərcləri ilə üzləşməsi problemin həllini daha da çətinləşdirə bilər.
Mülkiyyət hüququnun rəsmiləşdirilməməsi vətəndaşın yalnız hüquqi statusuna təsir etmir, onun iqtisadi imkanlarını da məhdudlaşdırır. Sənədi olmayan ev sahibi əmlakını sərbəst şəkildə sata, vərəsəlik qaydasında ötürə, bankda girov qoyaraq kredit əldə edə bilmir. Beləliklə, ailənin illərlə topladığı vəsait hesabına yaratdığı əmlak iqtisadi dövriyyəyə tam daxil ola bilmir. Bu, əslində, ölkə iqtisadiyyatı üçün də itirilmiş potensial deməkdir. Çünki daşınmaz əmlak yalnız yaşayış yeri deyil, eyni zamanda kapital, investisiya resursu və maliyyə təminatıdır. Mülkiyyət hüququnun qorunması əmlak bazarında şəffaflığı artırır, bank kreditləşməsinin təminat bazasını genişləndirir, alqı-satqı əməliyyatlarını hüquqi müstəviyə keçirir və vətəndaşın iqtisadi fəallığına əlavə imkanlar yaradır. Problemin paradoksal tərəfi isə ondan ibarətdir ki, uzun illər sənədsiz evlərdə yaşayan insanların bir çoxu dövlətin kommunal infrastrukturundan istifadə edir. Açıqlanan məlumatlara görə, 2023-cü ilədək tikilmiş sənədsiz evlərin 100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Bu göstəricilər həmin yaşayış məntəqələrinin faktiki mövcudluğunu və sosial həyatın bir hissəsinə çevrildiyini nümayiş etdirir. Burada mühüm bir sual ortaya çıxır. Dövlət xidmətlərinin göstərildiyi, insanların ailə qurduğu, uşaqlar böyütdüyü, uzun illər yaşadığı əmlakın hüquqi statusu niyə hələ də qeyri-müəyyən qalmalıdır?
Təbii ki, kommunal xidmətlərin mövcudluğu tikintinin qanuniliyini və torpaq üzərində mülkiyyət hüququnu avtomatik təsdiqləmir. Lakin bu faktlar ərazinin inventarlaşdırılması, faktiki istifadə vəziyyətinin qiymətləndirilməsi və hüquqi problemin həlli üçün mühüm məlumat mənbəyi ola bilər.
Digər tərəfdən, qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi ilə bağlı rəqəmlər də inzibati prosedurların təkmilləşdirilməsinin vacibliyini göstərir. 2025-ci ilin oktyabrınadək daxil olmuş 19 minə yaxın müraciətdən yalnız 4 minə yaxın obyektin dövlət reyestrində qeydiyyata alınması müraciətlərin təxminən beşdə birinin nəticələndiyini göstərir. Bu vəziyyət yalnız sənədlərin çatışmazlığı ilə izah oluna bilməz. Dövlət qurumları arasında məlumat mübadiləsinin ləngiməsi, texniki rəylərin alınması və prosedurların uzanması da əsas maneələrdəndir. Deməli, əmlak amnistiyası yalnız vətəndaşın təqdim etdiyi sənədlərin qəbulunu asanlaşdırmaqla məhdudlaşmamalıdır. Dövlət qurumları arasında koordinasiya və xidmət mexanizmlərində də dəyişikliyə ehtiyac var.
Sənədsiz tikililərin və qeydiyyatsız torpaq sahələrinin hüquqi statusunun müəyyənləşdirilməsi dünyanın müxtəlif ölkələrində qarşıya çıxmış problemdir. Beynəlxalq təcrübə göstərir ki, belə məsələlərin həllində vahid yanaşma yoxdur. Ölkələr bir tərəfdən faktiki mülkiyyət münasibətlərini hüquqi müstəviyə keçirir, digər tərəfdən şəhərsalma, təhlükəsizlik və ekoloji tələbləri qorumağa çalışırlar. Azərbaycan üçün müqayisə baxımından ən maraqlı nümunələrdən biri Gürcüstandır. Bu ölkədə torpaq mülkiyyətinin qeydiyyatındakı boşluqların aradan qaldırılması üçün sistemli kadastr islahatları həyata keçirilib. Gürcüstanın Milli İctimai Reyestr Agentliyinin məlumatına görə, 2022-ci ildən 59 bələdiyyəni əhatə edən islahat çərçivəsində dövlət torpaq sahələrinin ölçülməsini və qeydiyyatını vətəndaşlar üçün ödənişsiz həyata keçirib. 2024-cü ilin noyabrında açıqlanan nəticələrə əsasən, 1,5 milyondan çox torpaq sahəsi ölçülmüş, 1 milyondan çox sahə üzrə mülkiyyət hüququ qeydiyyata alınmışdı. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, proses yalnız vətəndaşın müraciətini gözləməklə məhdudlaşmır. Dövlət özü əraziləri inventarlaşdırır, kadastr məlumatlarını dəqiqləşdirir və qeydiyyat prosesini sistemli şəkildə aparır. Azərbaycan üçün də bu yanaşmanın tətbiqi vacib ola bilər. Xüsusilə sənədsiz evlərin sıx yerləşdiyi ərazilərdə hər bir vətəndaşın ayrı-ayrılıqda müxtəlif qurumlara müraciət etməsi əvəzinə, dövlət səviyyəsində ərazi əsaslı inventarlaşdırma aparılması prosesi sürətləndirə bilər.
Azərbaycanın mövcud reallıqları nəzərə alınmaqla əmlak amnistiyasının mərhələli və diferensial model əsasında həyata keçirilməsi daha məqsədəuyğun yanaşma ola bilər. Çünki eyni hüquqi problem altında fərqli vəziyyətlər mövcuddur. Onilliklər əvvəl tikilmiş yaşayış evləri, torpaq sahəsi ilə bağlı sənədləri natamam olan əmlaklar, alqı-satqı əsasında əldə edilmiş, lakin rəsmiləşdirilməmiş tikililər və şəhərsalma tələblərini pozan yeni obyektlər var. Bunların hamısına eyni hüquqi mexanizmin tətbiqi nə vətəndaşların maraqlarını, nə də dövlətin şəhərsalma siyasətini tam təmin edə bilər. Bu baxımdan vahid dövlət proqramı çərçivəsində aşağıdakı istiqamətlərin nəzərdən keçirilməsi vacibdir:
Birincisi, ölkə üzrə vahid inventarlaşdırma aparılmalıdır. Bakı və Abşeronla məhdudlaşmadan bütün regionlarda sənədsiz yaşayış evləri və torpaq sahələri müəyyənləşdirilməli, onların yerləşdiyi ərazi, tikilmə tarixi, faktiki istifadə vəziyyəti və mövcud sənədləri vahid elektron bazada toplanmalıdır. İkincisi, sadələşdirilmiş qeydiyyat mexanizmi yaradılmalıdır. Hüquqi mübahisəsi olmayan, torpaq üzərində istifadə və ya mülkiyyət hüququnu təsdiqləyən yetərli sübutları mövcud olan, şəhərsalma və təhlükəsizlik tələblərinə zidd olmayan əmlaklar üçün məhkəməyə müraciət zərurəti aradan qaldırılmalı, inzibati qaydada qeydiyyat imkanları genişləndirilməlidir. Üçüncüsü, sosial həssaslıq prinsipi tətbiq edilməlidir. Aşağı gəlirli ailələrin rəsmiləşdirmə xərcləri üçün güzəştlər, dövlət rüsumlarının diferensiallaşdırılması və texniki sənədləşməyə dəstək mexanizmləri nəzərdə tutula bilər. Məqsəd vətəndaşı yeni maliyyə yükü ilə üz-üzə qoymaq deyil, onun mülkiyyət hüququna çıxışını təmin etmək olmalıdır. Dördüncüsü, təhlükəli və mühafizə olunan ərazilər ayrıca qiymətləndirilməlidir. Sürüşmə, daşqın, seysmik və digər riskli zonalarda, mühəndis-kommunikasiya xətlərinin mühafizə zolaqlarında və qanunla tikintisi qadağan edilmiş ərazilərdə yerləşən evlərə avtomatik sənəd verilməsi yolverilməzdir. Belə hallarda təhlükəsiz alternativ yaşayış, köçürülmə və qanunvericiliyə uyğun kompensasiya mexanizmləri nəzərdən keçirilməlidir. Beşincisi, dövlət qurumları arasında vahid rəqəmsal sistem qurulmalıdır. Vətəndaşın eyni sənədi müxtəlif qurumlara təkrar təqdim etməsinə ehtiyac qalmamalıdır. Kadastr, daşınmaz əmlak reyestri, yerli icra hakimiyyəti və digər aidiyyəti qurumların məlumatları vahid platformada inteqrasiya edilməli, hər müraciətin icra müddəti və nəticəsi izlənilməlidir. Altıncısı, amnistiyadan sonrakı nəzarət gücləndirilməlidir. Proqramın konkret tarixə qədər mövcud olmuş əmlakları əhatə etməsi, sonrakı qanunsuz tikintilərə isə heç bir güzəşt vəd etməməsi təmin edilməlidir. Əks halda, bugünkü problemin həlli sabah yeni problemlərin yaranmasına səbəb ola bilər.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu məsələnin həlli üçün əlavə imkan yaradır. Çünki müasir şəhərsalma yalnız yeni binaların inşası, yolların çəkilməsi və yaşayış komplekslərinin yaradılması demək deyil. O, həm də mövcud yaşayış məkanlarının hüquqi, sosial və iqtisadi baxımdan nizama salınmasını tələb edir.
Əmlak amnistiyasının əhəmiyyəti də məhz burada ortaya çıxır. Söhbət sadəcə sənədsiz evlərə çıxarış verilməsindən getmir. Söhbət uzun illər iqtisadi və hüquqi dövriyyədən kənarda qalmış əmlakın leqal iqtisadiyyata daxil edilməsindən, vətəndaşın mülkiyyət hüququnun təmin olunmasından və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasından gedir. Bu prosesin iqtisadi nəticələri də əhəmiyyətli ola bilər. Rəsmiləşdirilmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və qanuni girov predmeti kimi istifadəsi genişlənəcək. Daşınmaz əmlak bazarında real mülkiyyət münasibətləri daha dəqiq görünəcək, dövlətin əmlak və torpaq uçotu təkmilləşəcək, iqtisadi fəaliyyət üçün əlavə hüquqi təminatlar yaranacaq.
Lakin burada mühüm bir prinsip qorunmalıdır. Əmlak amnistiyası qanunsuz tikintini təşviq edən güzəşt deyil, keçmişdən miras qalmış hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması vasitəsi olmalıdır. Sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsi Azərbaycanda yalnız əmlak qeydiyyatı sahəsində islahat deyil, həm də sosial-iqtisadi münasibətlərin leqallaşdırılması istiqamətində mühüm addım ola bilər. Çünki yaşadığı evin hüquqi taleyinin müəyyənləşməsi onun yalnız bu gününü deyil, ailəsinin gələcəyini də müəyyən edir. Mülkiyyətin hüquqi təminatı isə həm sosial sabitliyin, həm iqtisadi fəallığın, həm də müasir şəhərsalmanın vacib şərtlərindən biridir.
Çinarə Ağayeva
Biznes məsləhətçi