Emosional gərginlik: Psixoloji sağlamlığa necə təsir edir?

25.07.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son illər insanların gündəlik həyatında "hər şey yaxşı olacaq", "pozitiv düşün", "güclü ol" kimi çağırışlar adi hala çevrilib.

Lakin hər vəziyyətdə yalnız müsbət düşünməyə çalışmaq və mənfi emosiyaları gizlətmək psixoloji sağlamlığa həmişə müsbət təsir göstərmir. Bəzən insanın kədər, qorxu və ya narahatlıq kimi hisslərini yaşamasına imkan verilməməsi emosional gərginliyi daha da artıra bilər.

Bəs hər vəziyyətdə "pozitiv ol" çağırışları psixoloji sağlamlığa necə təsir edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, insan psixologiyası təkcə müsbət emosiyalar üzərində qurulmayıb:

"Əlbəttə, nikbin olmaq insanın çətinliklərin öhdəsindən gəlməsinə kömək edə bilər. Ancaq bu, o demək deyil ki, insan yaşadığı bütün mənfi emosiyaları görməzdən gəlməli və ya gizlətməlidir.

Çünki insan psixologiyası yalnız müsbət hisslərdən ibarət deyil. Kədər, qorxu, qəzəb, məyusluq və narahatlıq da beynin təbii emosional reaksiyalarıdır və onların hər birinin öz funksiyası var".

Onun sözlərinə görə, problem o zaman başlayır ki, insan bu hissləri yaşamağa özünə icazə vermir:

"Məsələn, ağır itki yaşayan, işini itirən və ya şəxsi həyatında ciddi problemlərlə üzləşən bir insana davamlı şəkildə “pozitiv ol”, “pis fikirləşmə” demək onun hisslərini inkar etmək anlamına gələ bilər.

Belə vəziyyətdə insan həm yaşadığı çətinliklə mübarizə aparır, həm də özünü pis hiss etdiyi üçün günahkarlıq yaşayır. Bu səbəbdən emosional yük daha da artır. 

Psixologiyada bu hal “məcburi nikbinlik” adlandırılır.
Araşdırmalar göstərir ki, emosiyaları uzun müddət boğmaq stress hormonlarının artmasına, narahatlıq və emosional tükənmə riskinin yüksəlməsinə səbəb ola bilər. Bu o demək deyil ki, insan daim neqativ düşünməlidir".

Psixoloq qeyd edib ki, əsas məsələ hissləri qəbul etmək, onları sağlam şəkildə ifadə etmək və daha sonra problemin həlli üçün addım atmaqdır:

"Sağlam psixologiya hər zaman gülümsəmək deyil. Sağlam psixologiya insanın lazım gəldikdə ağlaya bilməsi, narahatlığını dilə gətirməsi, kömək istəməsi və hisslərini gizlətmədən qəbul etməsidir".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Emosional gərginlik Gülnar Ağayeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью