Əmtəə nişanları sahibinə məxsusdur

04.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması və bu sahədə mövcud hüquqi mexanizmlər barədə maarifləndirici görüş keçirilib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi nümayəndələri, patent müvəkkilləri və aidiyyəti sahə üzrə mütəxəssislərin də iştirak etdikləri toplantıda əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması, hüquq sahiblərinin maraqlarının qorunması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev, Əqli Mülkiyyət Agentliyinin hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini – sektor müdiri Nailə Nəsibova, qurumun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov çıxış ediblər. Əmtəə nişanlarının qorunması sahəsində mövcud vəziyyət, hüquqi tənzimləmə mexanizmləri, eləcə də Rəqabət Məcəlləsində əmtəə nişanlarından qanunsuz istifadə və digər haqsız rəqabət halları ilə bağlı nəzərdə tutulan müddəalar barədə məlumat verilib.

Sonda patent müvəkkillərinin fəaliyyət prosesində qarşılaşdıqları aktual məsələlər dinlənilib, əmtəə nişanlarının qeydiyyatı və mühafizəsi sahəsində mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirədə qanunvericiliyin tətbiqi ilə bağlı praktiki məsələlərə aydınlıq gətirilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью