Ən ali duyğudur Vətən sevgisi

03.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

YAP milli-mənəvi dəyərləri qoruyub zənginləşdirir

Ulu öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü sayılan Yeni Azərbaycan Partiyası müstəqillik dövründə dövlətimizin əldə etdiyi mühüm nailiyyətlərin əsas ilhamverici qüvvəsi sayılır. Bu partiya ötən əsrin sonlarında ölkə həyatını bürümüş siyasi kataklizmlərin, ictimai inamsızlığın artdığı bir şəraitdə yaranıb və müdrik siyasətçi Heydər Əliyevin fədakar səyləri sayəsində Azərbaycanın düşdüyü böhran vəziyyətindən uğurla çıxa bilməsində mühüm rol oynayıb. Sonrakı illərdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin daha da möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı iqtidar partiyasının xalq qarşısında byük tarixi xidmətləri sayılır.

Növbəti - VIII qurultayını keçirən YAP-ın sədri cənab İlham Əliyevin yüksək vətənpərvərlik səyləri ilə Azərbaycan daha işıqlı sabahlara üz tutub. Ölkəmiz özünün sivil mühiti, ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafı ilə dünyanın söz sahibi olan dövlətləri sırasına qoşulub. Yeni Azərbaycan Partiyası isə regionun və dünyanın tanınmış, nüfuzlu siyasi partiyalarından biridir.

Heydər Əliyev Mərkəzində başlanan qurultaydakı nitqində partiyanın sədri İlham Əliyev bildirib ki, düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. “Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil... Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”, - deyə dövlət başçısı əlavə edib.

Danılmaz həqiqətin ifadəsi olan bu sözlər özlüyündə həm də onu ehtiva edir ki, yalnız vətənpərvər insanlar, xüsusilə də gənclik özünün sanbalı və yüksək qabiliyyəti ilə xoşbəxt gələcəyin müjdəçisi olur. Cənab İlham Əliyev qurultaydakı nitqində deyib ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, xarici siyasət strategiyamızdır. Dövlətimizin başçısı vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil” – Dünyada söz sahibi olmaq, özünə güvənmək elə budur.

Əlbəttə, bizim uğurlarımızın yaxşı mənada əsas katalizatoru məhz varlığımıza hakim kəsilən Vətən hissidir. Tarixən bu yolda ən çətin sınaqlarla üzləşib üzüağ çıxmışıq. İki həftə sonra növbəti ildönümünü qeyd edəcəyimiz hadisə - 1918-ci ildə Nuru Paşanın ordusunun köməyi ilə Bakının bolşevik-erməni işğalından azad etməsi və paytaxtın Gəncədən buraya köçürülməsi, eləcə də tarixin təkrar olunması - 2020-ci il dekabrın 10-da Bakıda təşkil olunan Zəfər paradı hər bir Vətən övladının qəlbini qürurla döyündürüb. Həmin paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əhməd Cavadın, Nuru Paşanın və Mübariz İbrahimovun ruhlarının şad olduğunu söyləyib. Dostlarımızın sevindiyi, düşmənlərimizin isə xar olduğu belə zəfər təntənələrimiz tariximizi şərəfləndirir.

Vətənpərvərlik həm də mümkünsüz olanı edə bilməkdir. SSRİ dövründə çəkilən “İşarəni dənizdən gözləyin” filmində Azərbaycanın üçrəngli bayrağının görünməsi o dövrün sərt sovet senzurası fonunda böyük cəsarət tələb edən riskli iş olub. Həmin ekran işində Xəzərdə üzən gəmilərin üzərində mavi-qırmızı-yaşıl Azərbaycan bayrağı aydın şəkildə nümayiş etdirilib. Bunu da qeyd etmək lazımdır ki, sözügedən filmdə tarixi yaddaşı oyadan kadrların verilməsi quruluşçu rejissor Ceyhun Əsgərov, ssenari müəllifləri Ramiz Rövşən, İsmayıl Şıxlı və Firudin Ağayevin məhz Vətən sevgisinin təzahürü idi.

İdman meydanlarında qalib gələn atletlərimizin şərəfinə Azərbaycan bayrağının qaldırılması və Dövlət Himnimizin səsləndirilməsi də sonsuz iftixar yaradır. Eyni zamanda, bunun düşmən torpağında baş verməsi ikiqat fərəhdir. 2009-cu ilin 13 sentyabr gününü yada salaq. O zaman İrəvanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında 100 kq çəki dərəcəsində yarışan azərbaycanlı idmançı Elmar Qasımov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanmış və Avropa çempionu kimi fəxri kürsüyə qalxmışdı. Həmin vaxt zalda olan bütün tamaşaçılar, qaydalara uyğun olaraq, ayağa qalxaraq himnimizi dinləməli olmuşdular.

Vətənpərvərlik heç də hisslərə qapılmaq demək deyil. Xatırlayırıq ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında boks yarışının mükafatlandırma mərasimi zamanı Ukraynanı təmsil edən erməni əsilli boksçu Gevorq Manukyan gümüş medal almaq üçün kürsüyə dəvət olunarkən azarkeşlərimiz onu fitə basmağa başlayanda Prezident İlham Əliyev əlinin bir işarəsi ilə zalın narazı reaksiyasını dayandırdı. Bundan sonra fit səsləri kəsildi və azarkeşlər dövlət başçısının həmin addımını alqışladılar. Həmin olay beynəlxalq idman ictimaiyyəti və media tərəfindən də yüksək etika və tolerantlıq nümunəsi kimi qiymətləndirildi.

İşğal dövründə idman zəfərləri hərb meydanında analoji tarixi faktlarla vətənpərvərlik duyğularımızı daha da coşdurub. Hər birimizə təskinlik və inam aşılayıb. 2010-cu ildə gizir Mübariz İbrahimov qulluq etdiyi gecə təmas xəttini keçərək ermənilərin dislokasiya olunduğu Tərtər rayonunun Çaylı kəndindəki zastavaya basqın edərək çoxsaylı düşmən əsgərini öldürməsi aydın səmada ildırım kimi çaxıb və işğalla barışmazlığımızı dünyaya bəyan etmişdi. Orada həlak olan soydaşımız Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, başlıcası isə ilk olaraq Vətən müharibəsində Böyük Qələbəmizin ilk anonsunu verdi.

Nəhayət, 2020-ci ilin sentyabrında Qarabağda ermənilərin növbəti silahlı təxribatından sonra Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı və 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizlədi. Bu savaşda Silahlı Qüvvələrimizin 2 min 908 hərbi qulluqçusu həlak oldu, 6 min 914 nəfər yaralandı, 6 əsgərimiz itkin düşdü, amma xalqın vətənpərvərlik ruhu zərrəcə zəifləmədi. Fövqəladə igidlik nümunəsi göstərmiş 83 hərbçimiz “Vətən Müharibəsi Qəhrəmanı” adına, minlərlə döyüşçümüz orden və medallara layiq görüldü. Bu gün “Fəxr edirəm ki, balam Vətən uğrunda döyüşlərdə şəhid oldu” – deyən nə qədər azərbaycanlı ata və anamız var!

Ordumuz işğalçılara qarşı ən müasir hərbi texnikanın tətbiqi ilə mübarizə aparsa da, Böyük Zəfər məhz dövlət-xalq-ordu birliyinin sayəsində qazanıldı. Cənab İlham Əliyev Bakının Azadlıq Meydanında keçirilən Zəfər Paradında bu barədə fikirlərini fəxrlə belə ifadə edib: “Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi”.

Əgər əsgərin qəlbi tükənməz Vətən eşqi ilə vurmursa, heç bir modern odlu silah qələbəni təmin etməz. Bu günlərdə rusiyalı hərbi ekspert İqor Korotçenko 2020-ci il müharibəsinin Azərbaycanın haqq işi olduğunu vurğulayaraq deyib ki, həmin savaşda pilotsuz uçuş aparatları deyil, məhz vətənpərvər xalq qalib gəlib.

Prezident qeyd etdi ki, VIII qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirilir. Əvvəlki ali məclis Böyük Zəfərdən cəmi bir neçə ay sonraya təsadüf etmişdi. İndi isə əzəli torpaqlarımızda bir nəfər də separatçı ünsür qalmayıb. Ötən müddətdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev YAP-ın əsl mənada flaqman rolundan danışaraq deyib:

- Bütün uğurların təməlində bilik, əzmkarlıqla bərabər, ideoloji “üfüq aydınlığı” durur. “Bizim iqtidar partiyamız məhz bu iqtidara malik olan aparıcı qüvvvədir. Onu yaradan ulu öndər Heydər Əliyev, vüqarlı bayraqdarı isə Prezidentimiz İlham Əliyevdir. Mənim yazdığım kitablardan biri “Xilaskarlar” adlanır. Bakıda və Tehranda nəşr olunub. Əsərdə ictimai-siyasi müstəvidə azərbaycançılıqdan bəhs etmişəm. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti və ölkəmizə qazandırdıqları çoxcəhətli böyük zəfərlərin nümunəsində Azərbaycan və azərbaycançılıq idealları “Xilaskarlar” kitabının ana xəttini təşkil edir. İndi böyük həvəslə kitabın davamını yazıram. Bu qurultay isə sabaha inamımızı daha da artırdı. Əminəm ki, Azərbaycan daha işıqlı sabahlara doğru qətiyyətlə irəliləyəcək.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova da qurultay barədə ilkin təəssüratlarını bizimlə bölüşüb:

– Yeni Azərbaycan Partiyasının üzvü olmağımla, ötən qurultayda isə onun rəhbər strukturuna – İdarə Heyətinə üzv seçilməyimlə fəxr edirəm. Ali məclisdəki nitqində cənab İlham Əliyevin də qeyd etdiyi kimi, əslində, bizim qələbələrimizin başlanğıc tarixi YAP-ın təsis qurultayında baş verib. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş YAP-ın təsis qurultayı, faktiki olaraq, qələbələrimizə yol açmışdır.

Möhtərəm partiya sədrimizin – Prezidentimiz İlham Əliyevin yeni dövrün strateji hədəfləri baxımından genişəhatəli nitqi bizi daha fəal olmağa və Vətənimizin rifahı naminə üstün fədakarlığa səfərbər edir.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью