“Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır”

11.11.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib. 

“Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır. Onsuz da ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri artıq mövcuddur. 

“Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə də atmaq olmaz. Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur. Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı aparılan əks-təbliğata meydan açılmasın.

Bundan başqa, ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır. Hesablama Palatasının məlumatına görə, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata çatıb. Doqquz ayda artım 939,3 milyon manat, yaxud 28,4 faizdir. Bir tərəfdən gələn il daha çox vergi toplamağı planlaşdırırıq, digər tərəfdən mövcud öhdəliklər üzrə borclar sürətlə artır. Hökumətin problemi necə həll edəcəyi büdcə müzakirələrində bəyan oluna bilər.

Borclar yalnız özəl sektorda artmır. Dövlət sektoruna aid ödəyicilərin borcu doqquz ayda təxminən üç dəfə artaraq 715,5 milyon manata yüksəlib. Neft-qaz sektoru üzrə 505,1 milyon manatlıq borc yaranıb, qeyri-neft sektorunda isə dövlət mülkiyyətində olan ödəyicilərin borcu 225,5 milyon manatdır. Təkcə “Azərsu” ASC üzrə 23,3 milyon, büdcə təşkilatları üzrə 19,9 milyon manat borc göstərilir. Xüsusi mülkiyyətə mənsub ödəyicilər üzrə isə 3 milyard 234,9 milyon manat borc qeyd olunur. Hökumət özəl sahibkardan vergisini vaxtında tələb edirsə, dövlətə məxsus müəssisənin borcunun yaranması və böyüməsinə də eyni prinsiplərlə yanaşılması vacibdir”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью