Ən doğru yol ənənəvi dərslik və rəqəmsal resursların vəhdətidir Emma İbrahimova

26.01.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Son vaxtlar dərsliklərin rəqəmsallaşdırılması məsələsi yenidən gündəmə gəlib. Artıq bu məsələ Milli Məclisdə də qaldırılmaqdadır. Belə ki, parlamentin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, dərsliklərin rəqəmsallaşdırıması üzərində işləmək lazımdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova bildirdi ki, Ceyhun Məmmədovun səsləndirdiyi fikir dövrün tələbindən irəli gəlir:

"Bu, danılmaz faktdır. Amma burada əsas məsələ tam əvəzlənmə yox, ağıllı və balanslı rəqəmsallaşma olmalıdır. Dərsliklərin rəqəmsallaşdırılmasının təhsilə faydaları var. Rəqəmsal dərslik təkcə oxunan mətn deyil, video izahlar, testlər və dərhal həmin testlərin nəticəsi, səsli mətnlərdir — hansı ki, şagird istənilən yerdə, evdə, yolda dəfələrlə verilən tapşırığı, verilən mətni dinləyə bilər və s. Bu, həmin rəqəmsallaşmanın üstünlüyüdür. Rəqəmsallaşma çantaların yüngülləşməsinə və fiziki rahatlığa gətirib çıxarır. Məsələn, bir planşet bir neçə dərsliyi əvəz edə bilər. Müəllimlər üçün də, təbii ki, bu rəqəmsallaşmanın üstün cəhətləri var ki, dərs zamanı vaxt itkisinin qarşısını müəllim alır. Dərs zamanı resursları tez paylaşır, tapşırıqları onlayn və rahat şəkildə yoxlayır və uşaqları və onların inkişafını daha rahat izləyə bilir".

Onun sözlərinə görə, bütün bu fikirlərin qarşısında bir əmmamız da var.

"Təəssüflər olsun ki, rəqəmsallaşdırma təhsili xilas edən, gözlədiyimiz o sehrli açar deyil. Əgər bir şagirddə eyni imkan yoxdursa — planşet və ya internet, müəllimlər bu sistemə hazırlaşmayıblarsa, uşaqlar ekran qarşısında normadan artıq vaxt keçirirsə, bu vaxt bu inkişaf, təbii ki, daha böyük çatışmazlığa və daha böyük uçuruma səbəb ola bilər. Mənim fikrimcə, ən doğru yol ənənəvi dərslik və rəqəmsal resursların vəhdətidir. Yəni, ənənəvi təhsil üstəgəl rəqəmsal resurslar. Rəqəmsal dərsliklər daha müasir, daha əlçatan ola bilər. Amma bir şeyi də unutmayaq ki, insan amili, müəllim, canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Ən əsası, cəmiyyət olaraq çalışmalıyıq ki, kitab mədəniyyətimizi qoruyaq. Çünki mütəmadi olaraq internetdən, planşetdən, yəni rəqəmsal vəsaitlərdən istifadə edən uşaq kitabdan uzaqlaşacaq və kitab oxumayan insanın, düşünürəm ki, nə düşüncəsi, nə fikirləri, nə də nitqi heç vaxt normal ola bilməz. Ona görə biz kitab mədəniyyətimizi qorumalıyıq", - deyə Emma İbrahimova vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью