Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Siyənək və qızılbalıq omeqa-3 yağ turşuları ilə ən zəngin balıq növləri hesab olunur.
Redaktor.az xəbər verir ki, bunu kanadalı dietoloq və idman qidalanması üzrə mütəxəssis, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idman qidalanması üzrə mütəxəssisi Ancel Luk “Tasting Table” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, omeqa-3 tərkibli məhsulların müntəzəm istehlakı ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edə bilər.
“100 qram bişmiş siyənək və qızılbalığın tərkibində təxminən 2150 mq omeqa-3 var. Onların tərkibində eykosapentaen (EPA) və dokosaheksaen (DHA) yağ turşuları mövcuddur. Bu maddələr periferik arteriya xəstəlikləri və bəzi ürək-damar fəsadları riskinin azalması ilə əlaqələndirilir”, – deyə dietoloq bildirib.
Onun sözlərinə görə, araşdırmalar EPA və DHA yağ turşularının qanda triqliseridlərin səviyyəsini azaltmağa və iltihabi prosesləri zəiflətməyə kömək edə biləcəyini göstərib. Bu turşular həmçinin arterial təzyiqin sabitləşməsinə, qan laxtalarının yaranmasının qarşısının alınmasına və damarların elastikliyinin qorunmasına kömək edir.
Dietoloq əlavə edib ki, omeqa-3 yağ turşuları iltihabəleyhinə xüsusiyyətlərə malikdir və hamiləlik dövründə uşağın beyin və görmə sisteminin inkişafı üçün əhəmiyyətlidir.
Mütəxəssis həmçinin sardina və skumbriyaya diqqət yetirməyi tövsiyə edib. Onların tərkibində qızılbalıq və siyənəklə müqayisədə daha az omeqa-3 olsa da, bu yağ turşularının yaxşı mənbəyi hesab olunurlar.
NURİYYƏ