Ən güclü zəkaların Səmərqənd savaşı

15.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək, eləcə də püşkatma yolu ilə start turunda qarşılaşacaq rəqiblər müəyyənləşəcək. Olimpiadada rekord sayda - 400 komanda iştirak edəcək. Onlardan 208-i medallar uğrunda açıq turnirdə mübarizə aparacaq, 192 heyət isə qadınların yarışında mükafat qazanmağa çalışacaq. İki həftə ərzində dünyanın hər yerində diqqət mərkəzində olacaq 11 turdan ibarət Olimpiada sentyabrın 16-da başlayıb, 27-də finişə çatacaq.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında keçirilən nüfuzlu yarışlardan biri olan Olimpiadada Azərbaycanın kişilərdən ibarət komandasının şərəfini Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli qoruyacaqlar. Komandanın kapitanı Teymur Rəcəbovdur. Millimiz reytinqə görə iştirakçı ölkələr arasında 7-cidir. Siyahının ilk altı pilləsində isə ABŞ, Hindistan, Özbəkistan, Çin, Almaniya və Niderland komandalarıdır.

Qadınlardan ibarət komandamız da 192 rəqibin siyahısında 7-ci mövqedədir. Yığmamız reytinqə görə Hindistan, Gürcüstan, Qazaxıstan, Çin, ABŞ və Ukraynadan geri qalır. Turnirdə şahmatçılarımız Olimpiadanın medalları uğrunda Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədovadan ibarət heyətlə mübarizə aparacaqlar. Komandanın kapitanı Nicat Abbasovdur.

Türkiyə komandalarını da qeyd edək. Qardaş ölkənin kişilərdən ibarət heyəti siyahıda 14-cü, qadın komandası isə 26-cıdır. Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadaları hər iki ildən bir keçirilir və bütün planetdə böyük maraqla izlənilir. 10 il əvvəl, 2016-cı ilin payızında 42-ci Olimpiada Bakıda təşkil olunmuşdu. Kişilərin turnirində 180, qadınların yarışında isə 142 komanda çıxış etmişdi. Şəhərimiz unudulmaz bayramı yüksək səviyyədə təşkil etmiş və əsl qonaqpərvərliyi ilə Olimpiada iştirakçılarında xoş təəssürat yaratmışdı.

Azərbaycanda şahmatın zəngin ənənələri, inkişafına göstərilən daimi qayğı, zəka sahiblərinin hər bir uğurunun xalqımıza gətirdiyi sevinc hissi ümid etməyə əsas verir ki, Səmərqənd sınaqlarına səylə hazırlaşan Azərbaycan komandaları 46-cı Ümumdünya Şahmat Olimpiadasında yüksək yerlər uğrunda mübarizədə fəal iştirak edəcəklər.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью