Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sentyabr ayının gəlişi ilə bölgələrdə turizm bazarında müəyyən dəyişikliklər müşahidə olunur. Yayın pik mövsümü ilə müqayisədə bir sıra otel və istirahət mərkəzlərində qiymətlərdə təxminən 10-20 faiz aralığında azalma var. Xüsusilə həftəiçi günlərdə və mövsümün sonuna yaxın daha münasib təkliflərə rast gəlmək mümkündür”.
Bu sözləri “Yeni Sabah”a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev deyib.
Ekspert bildirib ki, Azərbaycanda daha münasib qiymətə istirahət etmək üçün bir sıra bölgələr mövcuddur: pizza hut
“Hazırda sərfəli istirahət baxımından Şəki, Qax, Zaqatala və Balakən kimi bölgələr daha münasib seçimlər hesab oluna bilər. Qəbələ və Quba kimi turistlərin daha çox üstünlük verdiyi rayonlarda isə qiymətlər nisbətən yüksək olaraq qalır. Bununla belə, həmin bölgələrdə də otellərin kampaniyaları və endirimli paketləri ilə qarşılaşmaq mümkündür. Sentyabr ayında hava şəraitinin daha əlverişli olması da bölgələrə marağın müəyyən qədər davam etməsinə şərait yaradır. İstirahət planlaşdıran şəxslərə əvvəlcədən rezervasiya etməyi və müxtəlif hotellərin qiymətlərini müqayisə etməyi tövsiyə edərdim. Ümumilikdə isə sentyabr ayı həm daha sakit, həm də yay mövsümü ilə müqayisədə daha münasib qiymətə istirahət etmək üçün əlverişli dövr sayılır”.
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov da bu aydan bölgələrdə istirahət qiymətlərinin aşağı düşəcəyini bildirib:
“Ümumiyyətlə, turizm mövsümə uyğun olaraq qiymətlərin dəyişdiyi sahədir. Mövsümə uyğun olaraq insanlar daha çox yay aylarında istirahət edirlər. Buna görə də yayda qiymətlər nisbətən baha olur. Çünki tələbat artır, turistlərin sayı çoxalır və insanların əksəriyyəti ailəvi istirahətlərini yay aylarında planlaşdırır.
Sentyabr ayından etibarən isə tələbatın təbii olaraq azalacağı gözlənilir. Artıq məktəblər başlayır, insanlar məktəbə və universitetə hazırlaşırlar. Bu səbəbdən qiymətlərin ən azı 30 faizə qədər aşağı düşəcəyi gözlənilir və istirahət etmək daha sərfəli olur”.
Ekspertin sözlərinə görə, yay izdihamı səngidikdən sonra bölgələrdə istirahət üçün əsasən yaşlılar və vaxtını daha rahat planlaşdıra bilən şəxslər seçim edir:
“Çox vaxt yaşlı insanlar və sərbəst vaxtı olan şəxslər bu dövrdə istirahətlərini planlaşdırırlar. Sərfəli istirahət üçün sağlamlıq turizmi məkanlarına gedənlərin sayı da artır.
Məsələn, Naftalan, Gəncə, Qalaaltı, Şamaxı və ümumiyyətlə, ölkədəki istirahət zonalarında qiymətlər aşağı düşür. Eyni hal cənub istiqamətində, xüsusilə Lənkəranda da müşahidə olunur”.