Ən tez aldadılan insanların 7 xüsusiyyəti Ağılsız deyillər, sadəcə…

18.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzi insanlar xoş sözlərə, verilən vədlərə və emosional təsirlərə daha tez inanır, hətta dəfələrlə aldadıldıqları halda eyni səhvi təkrarlayırlar. Cəmiyyətdə belə şəxslər bəzən sadəlövh, ağılsız və ya zəif xarakterli hesab edilsələr də, psixoloji baxımdan bu davranışın arxasında fərqli səbəblər dayanır.

Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, aldanmağa daha meyilli insanlar arasında həddindən artıq güvənən, empatiyası yüksək, sevgiyə və diqqətə ehtiyacı olan, başqalarının təsdiqini axtaran, konfliktdən qaçan və özünəinamı aşağı şəxslər üstünlük təşkil edir.

Onun sözlərinə görə, həddindən artıq güvənən insanlar qarşı tərəfin də özləri kimi səmimi olduğunu düşünür, empatiyası yüksək olanlar isə başqalarının səhvlərinə bəraət qazandırmağa çalışırlar. Belə şəxslər qarşısındakı insanın davranışlarını anlamağa çalışarkən bəzən özlərinə qarşı edilən yanlışları görməzdən gəlirlər. Online shopping Azərbaycan

A.Ələkbərova qeyd edib ki, sevgiyə və diqqətə ehtiyacı olan insanlar onlara göstərilən ən kiçik qayğını belə böyük sevgi kimi qəbul edə bilirlər. Bu zaman xoş münasibət, qayğı və diqqət həmin şəxslə emosional bağlılığın yaranmasına, nəticədə isə ona daha çox güvənməyə səbəb olur. Psixoloq bu vəziyyətlə bağlı müraciət edən cütlüklərdən birinin nümunəsini də çəkib. Onun sözlərinə görə, bir qız nişanlısının dostunun göstərdiyi diqqət və qayğıya emosional olaraq bağlanıb və bu, münasibətlərdə ayrılığa səbəb olub.

Psixoloq bildirib ki, təsdiqə ehtiyacı olan insanlar başqalarının xoş sözlərinə, rəğbətinə və alqışına tez inanırlar. Xüsusilə ailədaxili münaqişələrdə fikirləri dinlənilməyən, özünü ifadə etmək imkanı olmayan şəxslər kənardan gələn dəstəyə daha çox ehtiyac duyurlar. Bu ehtiyac isə onların manipulyasiyaya açıq olmasına gətirib çıxara bilər.

Ekspertin sözlərinə görə, konfliktdən qaçan insanlar aldadıldıqlarını hiss etsələr belə, münasibətlərin pozulmaması üçün susmağa üstünlük verirlər. Bu xüsusiyyət dostluq, sevgili münasibətləri, eləcə də ailədaxili əlaqələrdə manipulyasiyanın davam etməsinə şərait yarada bilər.

A.Ələkbərova özünəinamı aşağı olan insanların da qarşı tərəfin fikirlərinə öz düşüncələrindən daha çox üstünlük verdiyini vurğulayıb. Belə şəxslər bəzən öz fikirlərini müdafiə etməkdən və hətta uğurlarını etiraf etməkdən çəkinirlər.

Psixoloq əlavə edib ki, idealist insanlar isə qarşı tərəfin real davranışlarından daha çox potensialına inanırlar. Onlar həmin şəxsin gələcəkdə necə biri ola biləcəyini düşünərək mövcud yanlışları görməzdən gəlir, bəzən sevgi, qorxu və həyəcanın təsiri altında tələsik qərarlar verirlər.

O vurğulayıb ki, aldanan insanların belə davranışları onların ağılsız və ya zəif olması demək deyil. Əksinə, bəzən bu şəxslər başqalarını özləri kimi dürüst hesab edir, empatiya göstərdikləri üçün qarşı tərəfin davranışlarına həddindən artıq anlayışla yanaşırlar.

Psixoloq aldanmamaq üçün bir neçə vacib məqama diqqət yetirməyi tövsiyə edib. O bildirib ki, insanların sözlərindən daha çox ardıcıl davranışlarına baxmaq, etibarı birdən-birə deyil, zamanla formalaşdırmaq lazımdır. Həmçinin qarşı tərəfin yalnız sizin üçün nə etdiyini deyil, sizinlə necə davrandığını da müşahidə etmək vacibdir.

Aytən xanımın fikrincə, empatiya insanı anlamaq bacarığıdır, lakin bu, sadəlövhlük və ya hər kəsə qeyd-şərtsiz inanmaq demək deyil.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью