Ən yeni tariximizin yadda qalan günü

17.09.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın ən yeni tarixində bir sıra yadda qalan günlərtəşəkkül tapıb. Bunlardan biridə 20 sentyabr tarixidir.

 Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan tarix kimi yaddaşlara həkk olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bağlı mühüm hadisələri özündə əks etdirir.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Sentyabrın 20-də əldə olunan razılaşmadan sonra bölgədə Azərbaycanın suverenliyinin və dövlət idarəçiliyinin bərpası üçün yeni mərhələ başladı. Bununla da uzun illər davam edən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın tarixində xüsusi yeri olan şəhərlərdir. Bu yaşayış məntəqələri Qarabağ bölgəsinin ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Uzun müddət davam edən işğal və münaqişə nəticəsində həmin ərazilərdə genişmiqyaslı dağıntılar törədilmiş, yaşayış infrastrukturu ciddi şəkildə zərər görmüşdü. Azərbaycanın nəzarətinin bərpa olunmasından sonra isə qarşıda həmin şəhərlərin yenidən qurulması və inkişaf etdirilməsi vəzifəsi dayanır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir. Yeni yolların, yaşayış komplekslərinin, sosial obyektlərin, məktəblərin və digər infrastrukturun yaradılması bölgənin gələcək inkişafının əsas istiqamətlərindəndir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin də müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması Azərbaycanın qarşıya qoyduğu mühüm məqsədlər sırasındadır.

20 Sentyabrın şəhər günü kimi qeyd olunması yalnız tarixi hadisənin xatırlanması deyil, həm də Qarabağda yeni inkişaf mərhələsinin başlanmasının ifadəsidir. Bu tarix Azərbaycanın suverenliyinin təmin olunmasını, dövlət bayrağının ölkənin bütün ərazilərində dalğalanmasını və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi həyata reinteqrasiyası prosesini simvolizə edir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin dirçəldilməsi Azərbaycanın Qarabağın gələcəyi ilə bağlı strateji yanaşmasının mühüm hissəsidir. Bu şəhərlərin yenidən abadlaşdırılması, müasir infrastrukturla təmin edilməsi və iqtisadi potensialının reallaşdırılması bölgənin davamlı inkişafına şərait yaradacaq. Beləliklə, 20 Sentyabr həm Azərbaycanın dövlətçilik tarixində mühüm səhifə, həm də Qarabağın gələcəyə doğru inkişaf yolunu əks etdirən əlamətdar tarix kimi yadda qalır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью