Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son dövrlər mağazalarda geyim və digər məhsullara tətbiq olunan endirim kampaniyaları alıcıların diqqətini cəlb edir. Xüsusilə mövsümi endirimlər və müxtəlif xüsusi kampaniyalar zamanı vətəndaşlar məhsulları daha sərfəli qiymətə əldə etməyə çalışırlar.
Lakin bəzi hallarda endirim adı ilə təqdim olunan məhsulların qiyməti suallar doğurur. Belə ki, bir vətəndaş övladı üçün endirimli qiymətə geyim aldıqdan sonra evdə məhsulun etiketini yoxlayarkən əvvəlki qiymətin də endirimli qiymətlə eyni olduğunu görüb.
Bu isə mağazalarda tətbiq olunan endirimlərin nə dərəcədə real olduğu, eləcə də belə halların marketinq strategiyası, yoxsa texniki səhvlərlə bağlı olması məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan marketoloq Marat Namazov bildirib ki, endirim kampaniyalarında real qiymət üstünlüyü ilə istehlakçıda endirim təəssüratı yaradılması arasında ciddi fərq var:
"Bu cür halların bir neçə səbəbi ola bilər. İlk növbədə qeyd edim ki, endirim kampaniyaları marketinqin ən geniş istifadə olunan satış stimullaşdırma alətlərindən biridir. Lakin burada real endirimlə istehlakçıda endirim təəssüratı yaratmaq arasında ciddi fərq var.
Marketinqdə psixoloji qiymətqoyma və qiymət ankeri (Price Anchoring) adlanan yanaşmalar mövcuddur. Məsələn, məhsulun əvvəlki qiyməti 100 manat, endirimli qiyməti isə 70 manat göstərildikdə istehlakçı 30 manat qənaət etdiyini düşünür. Bu, onun satınalma qərarını sürətləndirə bilər.
Ancaq məhsulun əvvəlki və endirimli qiyməti faktiki olaraq eynidirsə, burada real qiymət üstünlüyündən danışmaq mümkün deyil. Belə vəziyyət texniki səhv, etiketlərin düzgün yenilənməməsi və ya mağazanın qiymət siyasətindəki uyğunsuzluqla bağlı ola bilər. Digər ehtimal isə istehlakçıda süni endirim təəssüratı yaradılmasıdır".
Marketoloqun sözlərinə görə, bəzi satış müəssisələri endirim anlayışının istehlakçı psixologiyasına təsirindən istifadə edərək alış ehtimalını artırmağa çalışırlar:
"Bəzi satış müəssisələri endirim sözünün istehlakçı psixologiyasına təsirindən istifadə edərək məhsula marağı və alış ehtimalını artırmağa çalışırlar. Lakin real olmayan endirimi marketinq strategiyası kimi təqdim etmək düzgün deyil. Bu, istehlakçını yanıldan kommersiya praktikası hesab oluna bilər.
Peşəkar marketinqin məqsədi yalnız qısamüddətli satış artımı deyil, həm də müştəri etimadını və brendə uzunmüddətli loyallığı formalaşdırmaqdır. Süni endirimlər müəyyən müddət satışa müsbət təsir göstərsə də, aşkarlandıqda brendin reputasiyasına ciddi zərər vura bilər.
İstehlakçılara tövsiyəm odur ki, alış zamanı yalnız endirim faizinə deyil, məhsulun faktiki satış qiymətinə və bazardakı alternativ təkliflərə də diqqət yetirsinlər".
Fəridə Əsədzadə