Endirim sevinci maliyyə itkisinə çevrilməsin!

24.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Black Friday” endirimləri zamanı onlayn alış-verişə marağın artması kiberdələduzluq risklərini də artırır. Saxta internet mağazaları, fişinq mesajları və aldadıcı reklamlar vasitəsilə istifadəçilərin şəxsi məlumatlarının və bank hesablarının ələ keçirilməsinə cəhdlər edilir.

Kiberdələduzlar istehlakçıların böyük endirimlərə marağından və tələsik alış-veriş qərarlarından istifadə edərək müxtəlif üsullara əl atırlar. Tanınmış mağazaların saytlarına bənzər saxta səhifələr yaradır, sosial şəbəkələrdə cəlbedici, lakin həqiqəti əks etdirməyən reklamlar paylaşır, saxta çatdırılma bildirişləri göndərirlər. Beləliklə, istifadəçiləri aldadaraq onların bank və şəxsi məlumatlarına çıxış əldə etməyə çalışırlar.

Bu cür təhlükələrdən qorunmaq üçün onlayn alış-veriş zamanı ilk növbədə saytın etibarlılığı yoxlanılmalıdır. Rəsmi mağaza səhifələrinə üstünlük vermək, müstəqil platformalardakı istifadəçi rəylərini araşdırmaq və şübhəli keçidlərə daxil olmamaq vacibdir.

Ödəniş zamanı virtual kartlardan istifadə etmək, bank kartlarının məlumatlarını və birdəfəlik təsdiq kodlarını heç kimlə paylaşmamaq da təhlükəsizliyin əsas şərtlərindəndir. Bundan əlavə, şəxsi hesablar üçün iki mərhələli təsdiqləməni aktivləşdirmək, bank əməliyyatlarını mütəmadi izləmək və ictimai Wi-Fi şəbəkələri üzərindən maliyyə əməliyyatları aparmamaq tövsiyə olunur.

Kiberdələduzluqla üzləşdikdə isə vaxt itirmədən banka müraciət etmək, kartı bloklatmaq, hesabların şifrələrini dəyişmək və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır.

Unutmaq olmaz ki, endirimli alış-verişin yaratdığı fürsətlərdən yararlanarkən rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək də az əhəmiyyət daşımır. Bir anlıq diqqətsizlik şəxsi məlumatların itirilməsi və ciddi maliyyə zərəri ilə nəticələnə bilər.

S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью