Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Dünən ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Ukrayna ilə Rusiya arasında "enerji atəşkəsi" elan etdikdən sonra Moskva və Kiyevin qarşılıqlı zərbələri dayandıracağı gözlənilirdi. Lakin hələlik, bu baş vermir...
“AzPolitika” xəbər verir ki, Trampın “atəşkəs” bəyanatından cəmi bir neçə saat sonra Rusiya Xarkovdakı 5 nömrəli İstilik Elektrik Stansiyasını vurub. Ukrayna mediasının məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özü açıqlayıb.
O qeyd edib ki, Rusiya PUA-ları bütün günü səmada olublar və müxtəlif şəhərlərə zərbələr endiriblər: “Xarkovdakı 5 nömrəli İstilik Elektrik Stansiyasına - Xarkovun enerji sektoruna zərbə endirilib".
Zelenskinin sözlərinə görə, Rusiya bir həftə ərzində Ukraynadakı elektrik enerjisi istehsalı və ötürücü qurğularına 200-dən çox zərbə endirib. Bundan əlavə, eyni dövrdə Ukraynanın qaz və neft qurğularına 17 hücum qeydə alınıb. Ötən həftə Rusiyanın atəşə tutması nəticəsində ümumilikdə 150-dən çox insan həlak olub, 700-dən çox insan yaralanıb.
"Ukrayna gərginliyin azaldılması istiqamətində bir çox addımlar təklif edib. Putin hamısına eyni "yox" cavabını verib. Ümid edirik ki, o, nəhayət Amerikaya, Ukraynaya və bütün dünyaya fərqli bir şey deyəcək... Əsl və ləyaqətli bir sülhə gətirib çıxaracaq bir şey. Ukrayna sülh istəyir”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri "bütün müvafiq əmrləri alıb": "Biz Ukraynanı müdafiə edirik. Bizə kömək edə biləcək tərəfdaşlarımızın bütün addımlarını dəstəkləyirik. Amerika-Rusiya dialoqunun və Putinin Prezident Trampın vədlərini yerinə yetirməsinin aydın detallarını gözləyirik”.
Bu arada Xarkov hərbi administrasiyasının başçısı Oleq Sinegubovun sözlərinə görə, Xarkovun yaxınlığındakı Pesoçin şəhərində Rusiya raketi bir mağazaya düşüb, nəticədə üç nəfər həlak olub, doqquz nəfər yaralanıb. Onun sözlərinə görə, zərbə nəticəsində iki uşaq da daxil olmaqla üç nəfər həlak olub, doqquz nəfər yaralanıb.
Eləcə də “enerji atəşkəsi” elan edilən gün Rusiya qüvvələri Kiyevdəki enerji obyektinə də zərbə endirib. Hücum Ukrayna paytaxtının beş rayonunda genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.
Beləliklə, Trampın ikinci dəfə Ukraynada elan etdiyi “enerji atəşkəsi” hələlik işləmir...
C.Məmmədli
“AzPolitika.info”