“Epşteyn dosyası”nı unutmaq üçün MÜHARİBƏ?

02.02.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bildiyimiz kimi, ABŞ-də cinsi istismar, pedofiliya şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunan və sonradan həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı yeni sənədlər ictimaiyyətə açıqlanıb. 

ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn işi” üzrə dərc etdiyi genişmiqyaslı arxiv materiallarında ABŞ-nin sabiq və hazırkı prezidentləri, Britaniya kral ailəsinin üzvləri, eləcə də dünya miqyasında tanınan milyarder biznesmenlərin adlarının çəkildiyi bildirilir. 

Sənədlərdə Donald Tramp, Bill Klinton, Britaniya şahzadəsi Endryu, Bill Qeyts və İlon Mask kimi fiqurların adları yer alır. Açıqlamalardan sonra ABŞ Prezidenti Donald Trampın adının sənədlərdə tez-tez hallanması fonunda, bəzi siyasi şərhçilər diqqətin daxili qalmaqaldan yayındırılması məqsədilə Vaşinqtonun İranla bağlı hərbi ritorikanı sərtləşdirə biləcəyi ehtimalını irəli sürürlər. 

Eyni zamanda, Epşteynin yaratdığı şəbəkənin təkcə cinayət xarakteri daşımadığı, ABŞ və Britaniya elitasını, milyarder biznesmenləri və siyasi liderləri hədəfə alan, KQB-FSB xətti ilə əlaqələndirilən nəhəng kəşfiyyat tələsi kimi fəaliyyət göstərdiyi də iddia olunur. 

Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin də diqqəti üzərindən yayındırmaq məqsədilə Ukrayna ilə sülh danışıqlarına gedə biləcəyi ehtimalları səsləndirilir. Qeyd edək ki, Epşteynlə bağlı açıqlanan sənədlərdə Vladimir Putindən bəhs edən 1056, Moskva ilə bağlı isə 9629 materialın yer aldığı bildirilir. 

Bir sözlə, Donald Tramp və Vladimir Putin diqqəti özündən yayındırmaq üçün belə bir addım ata bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, “Epşteyn dosyası” artıq bir neçə müddətdir dövriyyədədir və getdikcə əhatə dairəsi genişlənir:

“Belə ki, məsələ artıq yalnız ABŞ ilə məhdudlaşmır. Artıq dünyanın müxtəlif ölkələrindən olan şəxslərin, o cümlədən Böyük Britaniya şahzadəsinin, Slovakiyanın Baş nazirinin müavininin və digər nüfuzlu fiqurların adları da bu dosyada hallanır. 

Bu proses bizə təxminən 15 il əvvəl yayımlanan “Wikileaks” sənədlərini də xatırladır. Adətən bu tipli dosyalar yayımlananda və qlobal xarakter aldıqda, ya böyük hadisələr baş verir, ya da dünyada ciddi proseslərin başlanması ərəfəsində bu cür məlumatlar dövriyyəyə buraxılır”. 

O qeyd edib ki, burada təkcə Trampın şəxsi istəyi deyil, ABŞ-nin uzunmüddətli dövlət siyasəti əsas rol oynayır: 

“Əlbəttə ki, Donald Tramp bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini bildirib və iddiaları qəti şəkildə təkzib edib. Tramp nə qədər inkar etsə də, ortaya çıxan bəzi sübutlar, o cümlədən foto materiallar bu mövzu ilə bağlı müəyyən məlumatların mövcud olduğunu göstərir. 

Trampın İranla bağlı mövqeyi və bu dosyalarla mümkün əlaqəsinə gəldikdə isə, burada müxtəlif iddialar səsləndirilir. O cümlədən, Vladimir Putinin adının da bu dosyada hallanması və bəzi iddialarda bu məsələ Rusiya və ABŞ kəşfiyyatlarının mümkün müştərək layihəsi kimi də təqdim olunur. 

Donald Trampın İranla bağlı mövqeyinə gəlincə, qeyd etmək lazımdır ki, bu mövqe elə əvvəldən də sərt olub. Bununla bağlı Amerikanın özünün dövlət siyasəti var və bu yalnız Trampın arzusundan asılı olan bir məsələ deyil”. 

Oqtay Qasımov əlavə edib ki, sözügedən iki məsələni birbaşa və ciddi şəkildə “Epşteyn dosyası” ilə əlaqələndirmək düzgün olmaz: 

“Nəzərə alsaq ki, vəziyyət kifayət qədər gərgindir və hərbi toqquşma ehtimalı da istisna edilmir. Diplomatik kanallar tamamilə bağlanmasa da, dialoq əsasən vasitəçilər üzərindən dolayı şəkildə davam edir. Buna baxmayaraq, hərbi eskalasiya riski qalmaqdadır. 

Amma mən açıqcası düşünmürəm ki, məhz “Epşteyn dosyası” üzərindən Tramp hansısa addım atsın ki, diqqət yayındırılsın və məsələ unudulsun. Çünki ABŞ-İran qarşıdurması baş verəcəyi təqdirdə, bu proses qısa müddətli olmayacaq və zamanla “Epşteyn dosyası” yenidən gündəmə gətirilə bilər. 

Bu baxımdan, bu iki məsələni ciddi şəkildə birbaşa əlaqələndirməzdim. Müəyyən dolayı təsirlər ola bilər, lakin əsas təsir mexanizmi kimi bu dosyaları görmürəm”. 

Politoloq vurğulayıb ki, Ukrayna müharibəsi bu tip qalmaqallardan asılı olan proses deyil: 

“Putinin Ukrayna ilə sülh danışıqlarına gedə biləcəyi məsələsinə gəldikdə isə, bunu da real hesab etmirəm. Çünki Ukrayna müharibəsi bu tip dosyalardan və ya beynəlxalq qalmaqallardan asılı olan məsələ deyil. 

Rusiyanın Ukraynaya münasibəti bəllidir və bu, daha çox Rusiya imperiyasının bərpası ilə bağlı olan məsələdir. Bu baxımdan, Rusiyanın, xüsusilə də Putin kimi siyasi liderin qərarlarına bu cür amillərin ciddi təsir göstərəcəyini düşünmürəm”.

 Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Epşteyn Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью