Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Epşteyn faylları” dünya ölkələrində təlatümlər yaratmağa davam edir.
Bakupost.az xəbər verir ki, sənədlərdə Azərbaycan auditoriyası üçün diqqət çəkən sənədlərdən biri ABŞ Konqress üzvlərinin Bakıya səfəri ilə bağlıdır. Məlumata görə, səfər keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sponsorluğu ilə baş tutub. Bakıya səfər edən konqresmenlər bir çox deputat və digər rəsmilərlə görüşüblər. Məlumata görə, amerikalılar həmçinin o vaxtkı xarici işlər naziri Elmar Məmmədyarovla da bir araya gəliblər.
Keçmiş XİN rəhbəri əvvəlcə bunu təkzib etsə də, sonradan “görüşmək mənim işim idi” deyərək etiraf edib.
Azərbaycanın adı keçən 169 sənəddən üçündə başqa bir rəsmidən bəhs edilir. Biz həmin yazışmanın tərcüməsini təqdim edirik.
Öncədən bildirək ki, 2011-ci il avqustun 30-dakı yazışma Epştein və dostu BƏƏ-li iş adamı Sultan ibn Sülayim arasında gedib:
Epştein: “Azərbaycanlı dostun Parisə gəlir, yoxsa bu həftəsonu biz Bakıya gedək?”
Sultan: “O, indi oğlunun toyuna hazırlaşmaqla məşğuldur. Sentyabrın 9-u, sonra 12-si bir neçə günlük onu ziyarət edəcəyəm”.
Belə görünür ki, Epştein Bakıya gəlməyib. Çünki 2015-ci ildə Sultan yenə Epsteinə məktubunda, “Amma sənə deyim ki, Bakı çox gözəldir. Parisdən daha gözəl bir şəhərdir, inan mənə. Əgər nə vaxtsa ora getmək istəsən, mən də sənə qoşulacağam”, – yazıb.
Bəs, Sultanın oğlu 2011-ci ilin payızında evlənmiş dostu kim idi?
Bu böyük ehtimalla keçmiş nəqliyyat naziri Ziya Məmmədov idi. Çünki nazirin oğlu Anar Məmmədov həmin ilin payızında evlənmişdi. Ziyafət Bakının məşhur “Buta” sarayında baş tutmuşdu. Hətta həmin toyda maşın karvanındakı “Mercedes” markalı avtomobillərdən biri digər maşınla toqquşaraq qəza törətmişdi və bu hadisə sosial şəbəkədə, mediada geniş rezonans doğurmuşdu.
Xatırladaq ki, təkcə 50 maşından ibarət toy karvanındakı avtomobillərin ümumi məbləği 5 milyon dollardan artıq idi.
Cavid, BakuPost