“”Epşteyn faylları” Trampla respublikaçı konqresmenlər arasında gərginlik yaratdı” Politoloq

03.02.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


““Epşteyn faylları”nın Trampın mübarizəsi və ciddi səyləri nəticəsində açıqlandığı barədə deyilənlər tamamilə yanlışdır. Bunu söyləyənlər, görünür, ABŞ daxili siyasətini izləmir”.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli sosial şəbəkədəki paylaşımında yazıb.
Politoloq qeyd edir ki, sırf texniki baxımdan Tramp tərəfindən açıqlandığını söyləmək olar, çünki materialları onun hökuməti (Ədliyyə Nazirliyi) dərc edir: “Lakin bu, Trampın təşəbbüsü ilə yox, qanunun tələbi əsasında baş verir. Konqres ötən ilin noyabrında ikipartiyalı konsensusla “Epşteyn fayllarının şəffaflığı haqqında Akt” (Epstein Files Transparency Act) qəbul edib və bu qanuna görə, hökumət heç bir senzuraya məruz qoymadan bütün materialları tam şəkildə ictimaiyyətə açıqlamalıdır”.
Ş.Cəfərli qeyd edir ki, Tramp seçkiqabağı kampaniyada söylədiklərinin əksinə olaraq, vəzifəsinin icrasına başladıqdan sonra bu məsələyə xüsusi maraq göstərmirdi: “Məhz bu səbəbdən onunla MAGA‐nın məşhur simalarından olan Konqres üzvü Mercori Teylor Qrin (Marjorie Taylor Greene) arasında ciddi konflikt yarandı. Çünki M.T. Qrin “Epşteyn faylları”nın məcburi şəkildə açıqlanması barədə demokratların hazırladığı petisiyaya imza atmışdı. Tramp bu səbəbdən xanım Qrini xain adlandırdı və onun adını Taylor deyil, Traitor (xain) kimi yazmağa başladı. Keçmiş müttəfiqlər arasında münaqişə o qədər böyüdü ki, M.T.Qrin Konqres üzvlüyündən istefa verdi. (Yeri gəlmişkən, bu qadın Ukraynanın qəti əleyhdarıdır)”.
Politoloqun sözlərinə görə, Epşteyn məsələsində demokratlarla birlikdə hərəkət edən digər respublikaçı Konqres üzvü Tomas Massi (Thomas Massie) də Trampın hədəfindədir: “T.Massi demokrat Ro Xanna (Ro Khanna) ilə birlikdə “Epşteyn fayllarının şəffaflığı haqqında Akt”ın həmmüəllifidir. (Tramp yalnız son anda ‐ Aktın qəbulunun qaçılmaz olduğunu gördükdə respublikaçıları layihəyə səs verməyə çağırmışdı). T.Massi açıqlanan materialların redaktəyə məruz qaldığını deyərək tam şəffaflıq tələb edir. O, İrana qarşı hərbi əməliyyata da qarşı çıxır. Tramp Tom Massini bir növ anafemaya məruz qoyaraq onun MAGA‐ya heç bir aidiyyəti olmadığını bəyan edib. O, eyni zamanda iddia edib ki, Massi arvadı “radikal solçu” olduğu üçün bu cür davranır”.
“Epşteyn qalmaqalının sırf liberal elitaları ifşa etdiyinə dair fikirlər də həqiqəti əks etdirmir. Epşteyn adasının qonaqları, eləcə də onunla əlaqə saxlayan şəxslər arasında sabiq prezident Bil Klinton və digər demokratlar olub. Lakin məsələn, Donald Tramp haqqında 5300‐dən çox fayl var. Bu fayllarda Trampla əlaqəli (o cümlədən onun həyat yoldaşı və malikanəsi haqqında) 38 mindən çox qeyd mövcuddur. Trampın azyaşlı qız uşağı ilə əlaqəsinə dair də iddialar var. Bundan başqa, fayllarda hazırkı ticarət naziri Hovard Lutnik, respubikaçıların əsas sponsorlarından olan məşhur iş adamı Piter Til (homoseksual) və digər mühafizəkarların da adları hallanır. Əlbəttə ki, bütün bunlar hansısa cinayət əməlini sübut edən faktlar yox, iddialardır”, – deyə Şahin Cəfərli statusunu fikrini yekunlaşdırıb.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью