GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Microsoft”un həmtəsisçisi Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç milyarderin Ceffri Epşteynlə bağlı yeni sənədlərdə adının hallanmasına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “NPR” podkastına danışıb.
Frenç Epşteynin iddiaları ilə bağlı kədərli olduğunu və sənədlərdə adı çəkilən insanların, o cümlədən keçmiş ərinin buna cavab verməli olduğunu bildirib.
“Detalların ortaya çıxması şəxsən mənim üçün çox çətin oldu. Çünki bu, evliliyimdəki bəzi ağrılı anları yadıma saldı. Bütün çirkablardan uzaq olduğum üçün çox xoşbəxtəm. “Epşteyn işi”ndəki suallara cavab verilməlidir, amma adı keçənlər bunu etməlidir, mən yox”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin ötən həftə dərc etdiyi sənəddə Bill Qeytslə bağlı iddialar da yer alıb.
18 iyul 2013-cü il tarixli iki e-poçt Epşteyn tərəfindən hazırlanıb, lakin onların Qeytsə göndərilib-göndərilmədiyi məlum deyil.
Sözügedən e-poçtlarda Epşteyn iddia edir ki, Qeyts evli qadınlarla gizli görüşlər təşkil etmək üçün ona müraciət edib. Onun sözlərinə görə, iş adamı rus qızları ilə cinsi əlaqəyə görə xəstəliyə yoluxub və buna görə ondan dərman da istəyib. Sənəddə həmçinin Epşteynin gizlicə Qeytsin həyat yoldaşı Melindaya antibiotik verilməsini istəməsi ilə bağlı iddialar da var.
Bill Qeytsin sözçüsü isə bunları təkzib edib.
Xatırladaq ki, Bill və Melinda Qeyts 27 illik evlilikdən sonra 2021-ci ildə boşanıblar. Ardınca iş adamı “Microsoft”da işləyən bir qadınla münasibətdə olduğunu etiraf edib. ABŞ mediası əvvəllər Melinda Frenç Qeytsin ayrılmadan əvvəl ərinin Epşteynlə təmaslarından narahat olduğunu bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az