Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin uzun illər köməkçisi olmuş Lesley Qroff onu “usta manipulyator” adlandırıb və Epşteynin cinayətlərindən xəbərsiz olduğunu iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, “ABC News”-un məlumatına görə, təxminən 18 il ərzində Epşteynin köməkçisi kimi çalışan Qroff, ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən aparılan araşdırma çərçivəsində ifadə verib.Qroff bildirib ki, Epşteynlə münasibətləri tamamilə peşəkar xarakter daşıyıb.
O, özünü maraqlandırmadığı üçün Epşteyn və onun yaxın əməkdaşı Qislaine Maksvell tərəfindən həyata keçirilən fəaliyyətlərin təfərrüatlarını bilməsinin zəruri olmadığını müdafiə edib.
Köməkçi vəzifəsi çərçivəsində Epşteynin məşhurlar, alimlər və siyasətçilərlə görüşlərini təşkil etdiyini bildirən Qroff, onun Nyu-Yorkda olduğu dövrlərdə gündəlik masaj görüşlərini planlaşdırdığını, həmçinin Epşteynlə əlaqəli qadınların səfərlərini koordinasiya etdiyini qeyd edib.
Epşteynin “usta manipulyator” olduğunu vurğulayan Qroff, iddia olunanların əksinə olaraq masaj seanslarında hər hansı cinsi istismar hadisəsinin şahidi olmadığını və Epşteynin törətdiyi digər cinayətlərdən də xəbərsiz olduğunu bildirib.
Digər tərəfdən, federal prokurorlar çoxsaylı zərərçəkənlərin ifadələrinə əsaslanaraq, cinsi istismar baş verdiyi bildirilən masaj seanslarının təşkilinə məhz Qroffun cavabdeh olduğunu və onun hadisələrdən məlumatlı olduğunu irəli sürüblər.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin