“Epşteyn işi”ndə yeni faktlar: Kimlər ittiham olunur?

11.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-də Nümayəndələr Palatasının üzvü Ro Xanna, Cefri Epşteyn sənədlərinin senzurasız versiyalarını araşdırdıqdan sonra sənədlərdə yer alan 6 adı açıqlayıb və ictimaiyyətə təqdim olunan materialların 70-80 faizinin senzura edildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Xanna sənədlərlə tanış olduqdan sonra Nümayəndələr Palatasının kürsüsündən etdiyi çıxışı “X” sosial media platformasındakı hesabında paylaşıb.

Digər Nümayəndələr Palatası üzvü Tomas Massie ilə birlikdə ötən gün ABŞ Ədliyyə Nazirliyinə gedərək sənədləri araşdırdıqlarını bildirən Xanna, “Təxminən iki saat orada olduq və dosyaların 70-80 faizinin hələ də senzura edildiyini öyrəndik” deyib.

Xanna sənədlərdə adı keçən 6 “varlı və nüfuzlu” şəxsin Ədliyyə Nazirliyi tərəfindən “heç bir əsas göstərilmədən” gizlədildiyini vurğulayaraq həmin adların Les Vexner, Sultan Ahmed bin Sulayem, Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nicola Caputo olduğunu açıqlayıb.

O qeyd edib ki, cəmi iki saatlıq araşdırma zamanı belə 6 adı müəyyən edə biliblər.

Xanna bildirib ki, 3 milyon sənəd senzurasız şəkildə incələnərsə, daha çox adın üzə çıxacağı istisna edilmir.

Xanna həmçinin Federal Təhqiqat Bürosunun (FTB) Ədliyyə Nazirliyinə senzura edilmiş sənədlər göndərdiyini deyərək belə ifadə işlədib:

“Hamısı senzura olunub. Bu, bir qədər məcburi yanaşmadır. Konqresin bütün üzvlərini Ədliyyə Nazirliyinin "senzurasız" sənədlərinə baxmağa dəvət edirlər, lakin FTB-dən gələn bütün sənədlər senzura edilib”.

Nümayəndələr Palatasının digər üzvü Massie isə “X” hesabında bildirib ki, Epşteyn sənədlərində adının keçməsi bir şəxsin təqsirli olduğunu sübut etmir.

O qeyd edib ki, Les Vexnerin adı 2019-cu ilə aid FTB sənədində Epşteynlə birlikdə “uşaqlara qarşı cinsi istismar cinayətində” ortaq kimi göstərilib.

ABŞ Ədliyyə nazirinin müavini Todd Blançe isə “X” hesabındakı açıqlamasında deyib ki, Ədliyyə Nazirliyi zərərçəkən olmayan bütün adları senzurasız edib.

O bildirib ki, məsələn, Les Vexnerin adı Epşteyn sənədlərində artıq dəfələrlə yer alıb və ABŞ-nin Ədliyyə Nazirliyi “şəffaflıq prinsipinə sadiqdir”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью