Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Epşteynin sənədləri hər kəsin tüklərini biz-biz elədi. Bu gün onun və havadarlarının etdiklərini danışmayacağam. Hər kəsə mediadan məlumdur çünki. Epşteyn və onun kimi “adamlar” (adam deməyə də dilim gəlmir) məxluqatlar meydanı, televiziyanı, sənəti və demək olar ki, hər şeyi pedofil əməlləri ilə, “Lolita” estetikası adı altında manipulyasiya etdilər. Və bunu illərdir ki, davam etdirirlər. Sənətdə, ya da moda adı altında gözümüzün içinə soxulan bir çox nüanslar var. Onlar iki əsas strategiyanı izləyirlər.
Birincisi yetkin qadınları uşaq geyimləri ilə, oyuncaqlarla, “lollipop” deyilən şirinquşlarla, amma xüsusən bunu seksual formada, pozalarla təqdim etməkdir.
İkinci ən acı gerçəklik isə hiperseksuallaşdırılmış uşaqlar təqdim etməkdir. Burada valideynlərə səslənirəm: DİQQƏTLİ olun. Niyə? Çünki uşaq modelləri, uşaq musiqiçilər, böyüklər kimi geyindirib onlar kimi hərəkətləri təlqin etdirib marketinqə təqdim edirlər. Mahnı kliplərində, serial və filmlərdə gördüyümüz o ayı oyuncaqlar, saçlarını keçi yığmış uşaq stilində görünən bu böyüklər seksi hərəkətlərlə, məktəb formasında şirinquş yeyərək, məqsədləri izləyicilərin şüuraltına “uşaq kimi olmağın seksi göründüyünü” yeritməkdir. Bir toxum kimi bunu beyinlərə əkirlər. “Balensiaqa”nın o skandal yaradan reklamı yəqin ki, yadınızdadır. Uşaq modelləri və BDSM oyuncaqları deyirəm. Balensiaqanın 2022-ci ildə buraxdığı o reklam kampaniyası heç də təsadüf deyildi. Uşaq modellər əllərində BDSM üslubunda geyindirilmiş ayı oyuncaqları (bondage harness və mesh vestlərlə) tutaraq poz verirdilər. Başqa bir kampaniyada isə çanta üstündə pornoqrafiya ilə bağlı detal… ABŞ Ali Məhkəməsinin qərarı sənədləri ortaya qoyulmuşdu. Brend “səhv etdik” deyib üzr istədi, amma bu, illərdir davam edən sistemin yalnız bir parçası idi. Nəticə? Böyük qalmaqal, boykot çağırışları və hətta 25 milyon dollarlıq məhkəmə iddiası. Amma bu cür “səhvlər” təkrarlanır, çünki məqsəd şüuraltında bunun normallaşdırılmasıdır.
Epşteyn sənədlərindən çıxan yeni detallar da bunu təsdiqləyir: o, “Lolita” kitabını yataq masasında saxlayırdı, Kindle-də annotasiyalı versiyasını sifariş edirdi, hətta bəzi fotolarda gənc qızların bədəninə kitabın məşhur sitatları yazılmışdı. Bu estetika sadəcə “sənət” deyil – bu, pedofil davranışını normal göstərmək üçün illərdir istifadə olunan bir alətdir. Epşteyn kimi fiqurlar və onların əlaqələri moda, media və sənət dünyasında bu toxumları əkən sistemin bir parçasıdır.
Bunlar təsadüf deyil, xeyr. Bu, o qaranlıq, azğınlaşan adamların mediaya, satışa, sənətə və hər sektora yeritdikləri bir imzadır. Yediyimizə, içdiyimizə, diqqət etdiyimiz qədər lütfən izlədiklərimizə də diqqət edək.
Uşaqların sosial media hesablarını izləyin.
“I’m just a girl” tipli trendlər nostalji kimi görünür, amma çox vaxt infantilizasiya ilə hiperseksuallaşdırmanı qarışdırır.
Valideynlər, bu gün o qədər vəziyyətin ciddiyətini önəmsəmir ki, ekrana baxıb “uşaqdır da, başa düşməz” deyirik. Amma hər keçən dəqiqədə o toxumlar əkilir – şüuraltına, qəlbinə, gələcəyinə. “Balensiaqa” kimi brendlər, kliplər, trendlər… hamısı bir mesaj verir: uşaqlıq artıq müqəddəs deyil, istifadə olunur, alətə çevrilir.
Telefonu bir kənara atıb övladınızla oynayın.
Reklamlara, kliplərə “bu uyğun deyil” deməyi öyrənin. Uşağınıza deyin ki, onun bədəni özününkidir – heç kimin baxışı, heç kimin istəyi üçün yox. Bu, övladlarımızın gələcəyini qorumaq uğrunda bir addımdır.
Dəniz Pənahova,
KONKRET.az