Epşteyn milyarderləri ətrafına necə toplayıb?

02.02.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hamı “Epşteyn sənədləri” yazır. Amma oxuyuram, çoxu bulvar mediadan götürülüb.

Ona görə əvvəldən yazım.

Ceffri Epşteyn əvvəllər riyaziyyat müəllimi olub. Tələbələrindən birinin atası onunla maraqlanıb, bəyənib və bankına işə götürüb. Epşteyn çevrə yığmağı, insanları bir-biri ilə tanışdırmağı bacaran tip olub. “Bunu bununla tanış et, onu onunla” və bir neçə ilə bankda ortaq olur.

Sonra bankdan ayrılıb öz investisiya şirkətini qurur və yalnız milyarderlərlə işləyəcəyini elan edir. Güclü danışıq qabiliyyəti və əlaqə qurmaq bacarığı hesabına sürətlə yuxarı çevrələrə daxil olur.

Daha sonra ABŞ-da kasıb və çarəsiz qızlar taparaq onları “masajçı” adı ilə işə götürür. Ziyafətlərdə, görüşlərdə dost-tanışlarını “masaj” üçün çağırır. Masajdan sonra intim münasibət başlayanda bunu gizlicə videoya çəkir və həmin adamları şantaj edir. Bu yolla həm nüfuzunu, həm də sərvətini artırır.

Şəbəkəni böyütmək üçün ada alır və oranı 15–20 yaş arası kasıb, evsiz qızlarla doldurur. Qərb dünyasından saysız-hesabsız milyarder, siyasətçi, alim və aktyoru ora dəvət edir. Media və kameralardan uzaq olmaq istəyənlər üçün bu ada bir növ “sığınacaq” rolunu oynayır.

Günlərin birində adadakı qızlardan biri cinsi istismarla bağlı şikayət edir. Başqa qızlar da ürəklənir, məsələ böyüyür və Epşteyn həbs olunur. Bir dəfə xilas olur, ikinci dəfə isə artıq çıxa bilməyəcəyini anlayıb intihar edir.

Yəni Epşteyn həm investor, həm milyarder, həm də bahalı partilərin təşkilatçısı olub. Demək olar ki, hər kəslə fotosu var. Bir çox adam kameradan gizlənmək üçün onun adasına gedib. Amma bu o demək deyil ki, oraya gedənlərin hamısı cinayətdə iştirak edib.

Məsələn, Epşteyn şəbəkəsinin ən tanınmış qurbanı və əsas şikayətçisi Virciniya Cuffre bildirib ki, Trampı orada tez-tez görüb: içib-kefə baxan, hamı ilə zarafat edən, amma istismarda iştirak etməyən biri kimi.

Digər şikayətçi Yohanna Syoberq də deyib ki, Trampa masaj təklif olunsa da, o imtina edib.

Məsələ Tramp deyil, sadəcə hazırda dəbdə odur deyə musal çəkdim. Epşteynin on minlərlə insanla fotosu var. Onların bəlkə də cəmi 1 faizi həmin “başqa otaqlara” keçib. Çoxları isə orada nələr baş verdiyindən ümumiyyətlə xəbərsiz olub.

Cinsi istismar da zorla döymə və ya fiziki zorakılıq şəklində olmayıb. Kasıb, çarəsiz qızlar maaş qarşılığında “masaj” adı ilə işə götürülüb. Sonra intim təklif edilib. Razı olmayanlara “işdən rədd ol” deyilib, qaş göstərilib göstərilib. Şikayət edəcəklərini deyənlərə isə “səni məhv edərik” deyə hədələr olunub.

Bu cür psixoloji məcburiyyət ABŞ qanunvericiliyində zorlanma ilə eyni səviyyədə qiymətləndirilir. Məsələnin bu qədər böyüməsinin səbəbi də məhz budur.

Orxan Atabəy

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью