Icma.az, Milli.az saytına istinadən bildirir.
ABŞ Ədliyyə Nazirliyi cinsi istismar və insan alveri ittihamları ilə tanınan maliyyəçi Ceffri Epşteyn işi üzrə milyonlarla yeni sənədi ictimaiyyətə açıqlayıb. Üç milyon səhifə, 180 min foto və minlərlə videodan ibarət materiallar beynəlxalq mediada geniş rezonans doğurub və qlobal elitanın illərdir gizli qalan əlaqələrini yenidən gündəmə gətirib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, aparıcı dünya nəşrləri bu sənədlərin Epşteynin uzun illər ərzində qurduğu təsir və əlaqələr şəbəkəsinin real miqyasını üzə çıxardığını yazır.
ABŞ, Avropa və Hollivuda uzanan əlaqələr
"Politico" jurnalı yayımlanan materialların Epşteynin cinayət araşdırmaları aparıldığı dövrlərdə belə nüfuzlu siyasi liderlər, iri şirkət rəhbərləri və Hollivud nümayəndələri ilə sıx əlaqələr saxladığını təsdiqlədiyini bildirir. Jurnalın yazdığına görə, Epşteyn Vaşinqtondakı əlaqələrindən istifadə edərək Donald Tramp administrasiyasına təsir göstərməyə belə cəhd edib.
"The New York Times" isə illər boyu Epşteynlə münasibətlərini inkar edən varlı və güclü şəxslərə diqqət çəkir. Qəzet qeyd edir ki, açıqlanan sənədlər bu əlaqələrin təsadüfi deyil, davamlı və dərin olduğunu göstərir və uzun müddət formalaşdırılmış təkzibləri ciddi şəkildə zəiflədir.
Britaniya monarxiyası və siyasi qalmaqal
Britaniyanın "The Times" qəzeti sənədlərin Böyük Britaniya kral ailəsi üçün yaratdığı problemləri ön plana çıxarır. Nəşrə görə, Şahzadə Endryunun titullarının əlindən alınmasına baxmayaraq, Epşteyn işi ilə bağlı şübhələr monarxiya üzərində qalmaqda davam edir və hər yeni sənəd bu mübahisələri daha da dərinləşdirir.
Sənədlərdə Endryu ilə yanaşı, onun keçmiş həyat yoldaşı Sara Ferqyusonla Epşteyn arasında yazışmaların yer alması da diqqət çəkir. Həmin yazışmalar Epşteynin 2008-ci ildə məhkum olunmasından sonra da bu əlaqələrin davam etdiyini göstərir.
Tramp, Mask, Gates və digər məşhur adlar
Yeni açıqlanan dosyelərdə ABŞ Prezidenti Donald Trampın adı yüzlərlə dəfə çəkilir. Tramp Epşteynlə keçmişdə dostluq münasibətləri olduğunu etiraf etsə də, onun cinayətlərindən xəbərdar olmadığını və hər hansı qanunsuz əməldə iştirak etmədiyini bildirir. Sənədlərdə Tramp əleyhinə təsdiqlənməmiş iddiaların yer aldığı, lakin bunların hüquqi sübutlarla dəstəklənmədiyi vurğulanır.
Texnologiya milyarderi İlon Mask ilə Epşteyn arasında e-poçt yazışmaları da sənədlərdə yer alıb. Yazışmalarda Maskın Epşteynin adasına səfər və tədbirlərlə maraqlandığı görünsə də, onun adaya getdiyini təsdiqləyən heç bir sübutun olmadığı qeyd olunur.
Microsoft-un qurucusu Bill Gates barəsində sənədlərdə yer alan iddialar isə onun nümayəndələri tərəfindən "tamamilə yalan və əsassız" adlandırılıb. Gates tərəfi bu iddiaların Epşteyn tərəfindən uydurulduğunu bildirib.
Bundan əlavə, Britaniyalı siyasətçi Lord Peter Mandelson, Virgin şirkətlər qrupunun sahibi Riçard Branson və digər nüfuzlu şəxslərin adları da sənədlərdə dəfələrlə hallanır.
Rusiyalı milyarder Vladislav Doronin və supermodel Naomi Kempbelin adları amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərdə yer alır.
Məlumata görə, Doronin 2010-cu ildə amerikalı maliyyəçini Qahirədə keçirilən bir məclisə dəvət edib. Bundan əlavə, Epşteyn rusiyalı iş adamının 2008-2013-cü illərdə münasibətdə olduğu Naomi Kempbelin Kann şəhərində keçirilən 40 illik yubiley tədbirinin qonaqlar siyahısında da yer alıb.
Sənədlərdə həmçinin qeyd olunur ki, Epşteyn 2010-cu ilin sonu - 2011-ci ilin əvvəllərində bir neçə dəfə Rusiya vizası almağa cəhd göstərib. Doroninin köməkçiləri ona Londonda fəaliyyət göstərən bir agentliklə əlaqə saxlamağı tövsiyə ediblər, lakin bu, viza prosesini sürətləndirməyib.
Bundan başqa, məlumatlara görə, Naomi Kempbelin xahişi ilə Doronin tərəfindən Moskvada inşa edilmiş yaşayış kompleksində Epşteynə mənzillər də təklif olunub.
Qurbanların adlarının açıqlanması tənqid olunur
Qadın hüquqları üzrə tanınmış vəkil Qloriya Allred bəzi sənədlərdə Epşteyn qurbanlarının ad və fotolarının açıq şəkildə yer almasını kəskin tənqid edib. Onun sözlərinə görə, bu, bir çox qurban üçün ciddi psixoloji travmaya səbəb ola bilər və Ədliyyə Nazirliyinin "şəffaflıq" adı altında yeni problemlər yaratdığını göstərir.
Dosyelər tam açıqlanıbmı?
ABŞ Ədliyyə Nazirliyi sənədlərin böyük hissəsinin dərc edildiyini bildirsə də, bəzi siyasətçilər hələ də milyonlarla səhifənin gizlədildiyini iddia edir. Demokrat və Respublikaçı konqresmenlər açıqlanmayan sənədlərlə bağlı əlavə araşdırma aparılacağını bəyan ediblər.
Beynəlxalq media yeni Epşteyn sənədlərini təkcə hüquqi məsələ deyil, qlobal siyasi və ictimai etimad böhranını dərinləşdirən hadisə kimi qiymətləndirir. Qalmaqallı dosyenin bu mərhələdə bağlanıb-bağlanmadığı isə hələ də açıq sual olaraq qalır.
Fidan
Milli.Az