Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Yaşasaydı, 70 illik yubileyini qeyd edəcəkdi. Təəssüf ki, taleyin hökmü onun ömrünə cəmi 37 il yazdı. Amma bu qısa ömür məsuliyyət, zəhmət, sonsuz sədaqət və ləyaqətlə yaşanmış bir həyat idi. Mirzə Əsgərov jurnalistikanı sadəcə peşə deyil, cəmiyyətə xidmət missiyası hesab edən qələm sahiblərindən idi. Yazdığı hər sətirdə həqiqətə bağlılıq, insanlara və dövlətinə sevgi hiss olunurdu.
Əgər ömrü vəfa etsəydi, şübhəsiz ki, Azərbaycan mediasına, milli mətbuatın inkişafına və dövlətinə daha böyük töhfələr verəcək, zəngin təcrübəsi ilə yeni jurnalist nəslinin yetişməsində mühüm rol oynayacaqdı. Lakin taleyin yarımçıq qoyduğu arzular, gerçəkləşməyən və həyata keçməyən ümidlər onun adını unudulmaz edən dəyərlərin qarşısında aciz qaldı.
Mirzə Əsgərovla bağlı xatirələrimin iki dayağı, iki istiqaməti var – biri şimal, digəri isə cənub kimidir. Bu iki qütb arasında nə qədər yol getsəm də, hər dəfə eyni mənzərə ilə qarşılaşıram: Mirzə həmişə zirvədə dayanır. İllər ötür, hadisələr uzaqlaşır, zaman insan yaddaşında çox şeyi dəyişir. Ancaq Mirzənin nə şəxsiyyətini, nə əqidəsini, nə də mənəvi ucalığını bircə addım belə aşağıda təsəvvür etmək mümkün deyil.
Bu zirvənin birinci sütunu onun dövlətə, milli maraqlara və Heydər Əliyevin dövlətçilik ideyalarına sonsuz sədaqəti idi. O, inandığı dəyərlərə yalnız sözlə deyil, bütün fəaliyyəti və həyat tərzi ilə xidmət edirdi. Ən çətin məqamlarda belə seçdiyi yoldan geri çəkilmədi, prinsiplərini şəxsi maraqlarına qurban vermədi və ömrünün sonunadək bu əqidəyə sadiq qaldı. İkinci sütun isə daha fərdi, daha insani duyğularla bağlıdır. Bu, illərin sınağından çıxmış etibar, yoldaşlıq və çətin günlərdə bir-birinə arxa durmağın yaratdığı mənəvi bağdır. Mirzə mənim yaddaşımda təkcə peşəkar jurnalist və fədakar ziyalı kimi deyil, həm də münasibətlərin qədrini bilən, ona sədaqətlə yanaşan, etibarı hər şeydən üstün tutan bir şəxsiyyət kimi yaşayır.
Tarixin sınağında jurnalist missiyası...
Mirzəni xatırlayanda ilk növbədə hansısa hadisə və ya fakt deyil, onun şəxsiyyətinin bütövlüyü göz önünə gəlir. Mirzə Əsgərov həmin nadir insanlardan idi ki, onun peşəkarlığı ilə insanlığı, əqidəsi ilə dostluğu, dövlətə sədaqəti ilə mənəvi saflığı bir-birini tamamlayan bütöv bir xarakter təşkil edirdi. Uzun ayrılıqdan sonra Mirzə haqqında yazarkən də onunla şəxsi münasibətlərdən, çoxsaylı səfərlərimizdən yox, dönməyən əqidəsindən və xarakterindən başlamaq istədim. Çünki onun bütün fəaliyyəti, jurnalist kimi qazandığı nüfuz və insanlara göstərdiyi təsir məhz bu möhkəm mənəvi təməldən qaynaqlanırdı.
Mirzə daxilən millətinə və dövlətinə bütün varlığı ilə bağlı bir insan idi. Bu bağlılıq onun yazılarında da, davranışında da aydın hiss olunurdu. O, insanlarla ilk tanışlıqdan səmimiyyəti, təvazökarlığı və daxili bütövlüyü ilə etibar qazanırdı. Mirzəni yaxından tanıyan hər kəs bilirdi ki, onun sözündə də, əməlində də süni heç nə yoxdur. Məhz buna görə o, qısa bir söhbətlə də insanların qəlbində özünə yer tapa bilirdi.
Bu xüsusiyyət Ulu Öndər Heydər Əliyevin diqqətindən də yayınmamışdı. Onların ilk görüşündən sonra Heydər Əliyev Mirzə Əsgərovun qətiyyətini və əqidəsinə bağlılığını dərhal hiss etmişdi. İllər keçsə də, bu ilk təəssürat dəyişmədi. Əksinə, zaman keçdikcə bu etimad daha da möhkəmləndi. Təsadüfi deyil ki, sonralar geniş auditoriya qarşısında Mirzə Əsgərovu böyük ehtiramla xatırlayan Heydər Əliyev belə demişdi: “Bir gün mənim yanıma bir cavan oğlan gəldi. Mən ona görmək istədiyi işlərin çox çətin olduğunu dedim. Amma o, öz işinin öhdəsindən layiqincə gəldi. Digər jurnalistlərə də Mirzə Əsgərov kimi əqidəli, peşəsinə sədaqətli, qələmini uca tutmağı tövsiyə edirəm. Allah rəhmət eləsin!”
Bu sözlər təkcə bir jurnalistin əməyinə verilmiş qiymət deyildi. Bu, dövlət rəhbərinin öz peşəsinə vicdanla xidmət edən, əqidəsini heç vaxt dəyişməyən və qələmini həmişə həqiqətin xidmətində saxlayan bir insana verdiyi yüksək mənəvi dəyər idi. Belə qiyməti qazanmaq üçün yaxşı jurnalist olmaq kifayət etmirdi; bunun üçün bütöv şəxsiyyət, sarsılmaz əqidə və ömür boyu qorunan mənəvi təmizlik lazım idi. Mirzə Əsgərov məhz bu keyfiyyətləri ilə yaddaşlarda yaşayır.
Naxçıvanın blokadası və informasiya böhranı
1990-cı ildə Naxçıvan Muxtar Respublikasında siyasi və sosial vəziyyət olduqca mürəkkəb və gərgin idi. 1990-cı il 20 Yanvar hadisələrindən sonra Naxçıvanda milli azadlıq hərəkatı daha da gücləndi. SSRİ-nin dağılma prosesinin sürətlənməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Ermənistan tərəfindən Naxçıvanın blokadaya alınması bölgədə ciddi iqtisadi və humanitar problemlər yaratmışdı. Yanacaq, ərzaq və digər zəruri məhsulların qıtlığı əhalinin gündəlik həyatına ağır təsir göstərirdi.
Azərbaycanın, eləcə də Naxçıvanın tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən biri olan 1990-cı ilin iyulunda, ümummilli lider Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdaraq Bakıda fəaliyyətinə imkan verilmədiyi üçün Naxçıvana gəlməsindən təxminən bir həftə sonra mən Azərinformun (indiki AzərTAC) Naxçıvan üzrə xüsusi müxbiri vəzifəsinə təyin olundum. Heydər Əliyevin muxtar respublikaya gəlişi cəmiyyətdə müəyyən mənəvi inam və siyasi sabitlik yaratmışdı. Bununla belə, regionda baş verən hadisələrin dinamikası göstərirdi ki, böhran aradan qalxmamışdı. Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca təxribat və hücumları getdikcə intensivləşir, bu isə onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti daha da çətinləşdirirdi.
Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərdiyim müddətdə müşahidə edirdim ki, muxtar respublika faktiki olaraq hər gün yeni təhlükələrlə üz-üzə qalırdı. Xüsusilə 1990-cı ilin payız aylarından sərnişin qatarlarına qarşı hücumların artması dəmir yolu nəqliyyatının tamamilə dayandırılmasına gətirib çıxardı. Nəticədə, Naxçıvanın ölkənin digər bölgələri ilə əlaqəsini təmin edən yeganə etibarlı nəqliyyat vasitəsi hava yolu oldu və bu, sözün həqiqi mənasında, muxtar respublikanın xarici aləmlə əlaqəsini saxlayan əsas "nəfəsliyi" rolunu oynadı. Lakin bütün bu ağır şəraitə baxmayaraq, Naxçıvan həyatını davam etdirirdi. Jurnalist Mirzə Əsgərovun həmin dövr üçün səciyyəvi olan "Naxçıvan vuruşur və yaşayır" ifadəsi bölgədə hökm sürən reallığı dəqiq əks etdirirdi. Ən mürəkkəb məqamlardan biri isə ondan ibarət idi ki, Naxçıvan yalnız Ermənistanın hərbi təzyiqi ilə deyil, eyni zamanda Bakıdakı hakimiyyətlə yaranmış ciddi siyasi qarşıdurma şəraitində də fəaliyyət göstərməli olurdu. Bunun başlıca səbəbi muxtar respublika əhalisinin mövcud siyasi kursu qəbul etməməsi və Heydər Əliyevin ətrafında sıx birləşməsi idi. Bu siyasi mövqe həmin dövrdə Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən birmənalı qarşılanmır və Bakı–Naxçıvan münasibətlərində əlavə gərginlik yaradırdı.
Digər tərəfdən Muxtar respublikanın rəhbərliyi və ictimaiyyəti Azərbaycanın müstəqilliyinin təmin olunması istiqamətində fəal mövqe nümayiş etdirirdi. Həmin il Heydər Əliyevin MR ali məclisinə sədr seçilməsiylə Naxçıvan Ali Məclisi bir sıra tarixi qərarlar qəbul edərək sovet dövlət rəmzlərindən imtina etdi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi qəbul etdi və Naxçıvanın adından "Sovet Sosialist" ifadəsinin çıxarılması barədə qərar verdi. Bu addımlar Azərbaycanın dövlət müstəqilliyinə aparan siyasi proseslərdə Naxçıvanın mühüm rol oynadığını göstəriciləri idi.
Belə mürəkkəb və böhranlı bir dövrdə Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasi fəaliyyəti sayəsində Naxçıvan təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzinə çevrilmişdi. Muxtar respublikada baş verən ictimai-siyasi proseslər İran, qardaş Türkiyə, Fransa, ABŞ, İtaliya, Böyük Britaniya, Finlandiya, Gürcüstan və hətta Rusiya mətbuatında mütəmadi işıqlandırılırdı. Həmin illərin dövri mətbuatına nəzər saldıqda bunun çoxsaylı nümunələrini görmək mümkündür.
Əslində, bu siyahını daha da genişləndirmək olar. Adlarını çəkmədiyimiz digər ölkələrin mətbuatında da Naxçıvanda baş verənlər və Heydər Əliyevin fəaliyyəti Əli Şamil kimi vətənpərvər ziyalıların və fədakar insanların səyləri nəticəsində geniş əksini tapırdı. Lakin paradoks onda idi ki, xarici mətbuatın bu mövzuya göstərdiyi marağın fonunda Azərbaycanın rəsmi informasiya məkanında Naxçıvanda baş verən hadisələr barədə obyektiv məlumatların yayılması son dərəcə çətin idi. Həmin dövrdə bu mövzuda kiçik bir xəbərin belə dərc olunması bəzən peşəkar cəsarət və şəxsi məsuliyyət tələb edirdi.
Naxçıvanda formalaşmaqda olan yeni siyasi reallığın “Azərinform”un informasiya lentində kifayət qədər əks olunmaması səbəbindən, qurumun Naxçıvan üzrə müxbiri kimi məndən rəsmi izahat tələb edildi. Məhz həmin hesabat xarakterli çıxışımdan sonra Heydər Əliyevlə ilk şəxsi görüşüm baş tutmuşdu və və onun olduqca çətin suallarını cavablandırmış, mərhim müdirim, Azərinforumun o vaxtkl rəhbəri Azad Şərifova icmarıclarını dinləmişdim. Bu görüş sonrala da peşə fəaliyyətimin ən yadda qalan hadisələrdən biri oldu.
Bununla yanaşı, qeyd etməliyəm ki, bütün çətinliklərə və mövcud siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan mətbuatında peşə prinsiplərinə sadiq qalan fədakar jurnalistlər də var idi. Onların sırasında Möhsün Möhsünov, Əli Şamil, Xeyrəddin Qoca, sonrakı dövrdə isə Azər Abdulla və Fəxrəddin Ağamirzəyev xüsusi qeyd olunmalıdır. Məhz onların səyləri nəticəsində Heydər Əliyevlə keçirilən müsahibələr Azərbaycan oxucusuna çatdırıla bilmişdi. Xüsusilə diqqətəlayiq hal idi ki, mərhum Möhsün Möhsünovun Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan “Şərq qapısı” qəzetində, Əli Şamilin isə “Varlıq” qəzetində dərc etdirdiyi müsahibələr Heydər Əliyevin Naxçıvana gəlişindən və şəhər meydanında minlərlə insanın iştirakı ilə qarşılanmasından cəmi bir neçə gün sonra – 1990-cı il avqustun 25 və 26-da işıq üzü görmüşdü. Həmin müsahibələr dövrün siyasi reallıqlarını əks etdirən ilk mətbuat nümunələri sırasında bu gün də aktuallığı ilə yer alır.
Möhsün Möhsünov və Əli Şamil Naxçıvanda fəaliyyət göstərdiklərinə görə həmin yazılara görə ciddi inzibati təzyiqlərlə üzləşməsələr də, Azərbaycanın digər bölgələrində vəziyyət tamamilə fərqli idi. Bunun ən bariz nümunələrindən biri Saatlı rayonunda nəşr olunan “Yüksəliş” qəzetinin əməkdaşı Fəxrəddin Ağamirzəyevin taleyidir. O, Heydər Əliyevlə müsahibəsini qəzetin ardıcıl üç nömrəsində dərc etdiyinə görə tutduğu vəzifədən azad edilmiş, jurnalist fəaliyyəti ilə məşğul olması qadağan olunmuşdu. Bununla yanaşı, xüsusi iltizam imzalaması da tələb edilmişdi.
İlk görüşdən Heydər Əliyevin etimadını qazanan jurnalist
Heydər Əliyevlə həmin dövrdə baş tutan çoxsaylı görüşlərimdən yaddaşımda xüsusilə qalan bir məqam var. O, mütəmadi olaraq müxtəlif xarici ölkələrin jurnalistləri ilə görüşür, müsahibələr verir, Naxçıvanda baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Lakin hiss olunurdu ki, onun üçün ən böyük mənəvi ehtiyac Azərbaycan jurnalistləri ilə açıq və müntəzəm ünsiyyət qurmaq idi. Bunu heç vaxt xüsusi vurğulamazdı, amma hər bir azərbaycanlı jurnalistin Naxçıvana gəlişini böyük diqqətlə qarşılayır, bu görüşlərə xüsusi dəyər verirdi.
Bu mənzərəni hər dəfə müşahidə etdikcə Türkiyənin Milli Mübarizə tarixindən yaxşı bildiyim bir hadisə yadıma düşürdü. 1920-ci il martın 16-da İstanbulun işğalından və Osmanlı Parlamentinin bağlanmasından sonra Anadoluda başlanan istiqlal mübarizəsinin qarşısında təkcə hərbi deyil, həm də informasiya cəbhəsi dayanmışdı. İşğalçı dövlətlərin təsiri altında fəaliyyət göstərən “Türkiye Havas-Reuter Agentliyi” və İstanbulun aparıcı mətbuat orqanları Milli Mücadilə əleyhinə təbliğat aparırdılar. Belə bir şəraitdə Mustafa Kamal Atatürk milli hərəkatın mövqeyini xalqa çatdıracaq jurnalistlərə və etibarlı informasiya kanallarına böyük ehtiyac duyurdu. 1990-cı ilin Naxçıvanında yaşanan mənzərə müəyyən mənada həmin tarixi dövrü xatırladırdı. İnformasiya blokadası və siyasi təcrid şəraitində Heydər Əliyev də Azərbaycan ictimaiyyətinə öz mövqeyini məhz milli mətbuat vasitəsilə çatdırmağın vacibliyini yaxşı anlayırdı. Xarici mətbuat Naxçıvana yol tapa bilsə də, Bakıdan gələn jurnalistlərin hər biri onun üçün yalnız peşəkar qonaq deyil, həm də Azərbaycan cəmiyyətinə açılan informasiya körpüsü idi.
Atatürk ona qarşı informasiya müharibəsi aparan İstanbul mətbuatını ilə görüşməyi necə arzulayırdısa, Heydər Əliyev də Bakı mətbuatını o qədər istəyirdi. Heydər Əliyevin o boyük istəyini o dövrdə Mirzə Əsgərov mənəvi baxımdan yerinə yetirə bildi. Məhz ona görə də Heydər Əliyev sonralar xatırlayırdı ki, “bir gün mənim yanıma bir cavan oğlan gəldi. Mən ona görmək istədiyi işlərin çox çətin olduğun dedim, amma o, öz işinin öhdəsindən layiqincə gəldi”. Bu sözlər təkcə bir jurnalistə verilən qiymət deyildi, eyni zamanda, ən mürəkkəb tarixi şəraitdə həqiqətin cəmiyyətə çatdırılması uğrunda çalışan Azərbaycan jurnalistlərinə verilən yüksək dəyərin və etimadın ifadəsi idi. Əjdər Xanbabayevin həyatına edilən sui-qəsd, informasiya blokadası, siyasi təzyiqlər və maddi-texniki imkanların son dərəcə məhdud olduğu bir şəraitdə müstəqil xəbər məkanı yaratmaq böyük cəsarət, peşəkarlıq və iradə tələb edirdi.
Qeyd etməliyəm ki, həmin dövrdə Mirzə Əsgərov bir neçə dəfə Naxçıvanda işləmək arzusunda olduğunu həm rəhbərliklə, həm də mənimlə bölüşmüşdü və bu işdə etiraz etməməyimi xahiş etmişdi. Nəhayət, bu istək gerçəkləşdi. “Azərinform”un o zamankı baş direktoru, mərhum Azad Şərifov Mirzənin Naxçıvana ezam olunmasına razılıq verdi. Beləliklə, mən Naxçıvandakı xüsusi müxbir vəzifəmi ona təhvil verdim və bu məsul missiyanı Mirzə Əsgərov davam etdirməyə başladı.
Mirzə qısa müddətdə öz peşəkarlığı, təşəbbüskarlığı və işgüzarlığı ilə həmkarlarının və Naxçıvan rəhbərliyinin etimadını qazandı. Çox keçmədən Heydər Əliyevin dəstəyi ilə “Real” İnformasiya Agentliyinin yaradılmasına nail oldu. Bu, təkcə yeni bir media qurumunun təsis edilməsi deyildi. Həmin dövrdə informasiya blokadası şəraitində fəaliyyət göstərən “Real” Naxçıvanın səsini Azərbaycana və dünyaya çatdıran, muxtar respublikanın ictimai-siyasi həyatını operativ və obyektiv şəkildə işıqlandıran mühüm informasiya mərkəzinə çevrildi.
Bu hadisə istər-istəməz yenə Türkiyə Cümhuriyyətinin yaranış tarixində mühüm yer tutan, dövrün tanınmış juurnalistləri Yunus Nadi və Halide Edib Adıvar Ankarada Anadolu Agentliyinin yaradılması təşəbbüsünü yada salır. Məqsəd işğal altındakı ölkədə həqiqətə əsaslanan informasiyanı yaymaq, dezinformasiyanın qarşısını almaq və Milli Mübarizənin səsini həm Anadoluya, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Anadolu Agentliyi qısa müddətdə Türkiyənin informasiya cəbhəsinin ən mühüm dayaqlarından birinə çevrildi. Naxçıvanda Ulu Öndərin tövsiyyəsi ilə yaradılan “Real” İnformasiya Agentliyi də mahiyyət etibarilə oxşar tarixi missiya daşıyırdı. O, informasiya təcridi və siyasi təzyiqlər şəraitində muxtar respublikada baş verən hadisələri operativ və obyektiv şəkildə ictimaiyyətə çatdırır, Naxçıvanın mövqeyinin ölkə daxilində və beynəlxalq informasiya məkanında eşidilməsinə xidmət edirdi. Əgər Anadolu Agentliyi Türkiyənin İstiqlal Müharibəsinin informasiya cəbhəsində həqiqətin daşıyıcısı olmuşdusa, “Real” İnformasiya Agentliyi də Naxçıvanın ən mürəkkəb tarixi mərhələsində onun ictimai-siyasi həyatının salnaməsini yazan və informasiya mübarizəsində mühüm rol oynayan aparıcı media qurumlarından biri kimi tarixə düşdü.
"Real" Agentliyi və Naxçıvanın informasiya cəbhəsi
Heydər Əliyevin təşəbbüsü və tövsiyəsi ilə fəaliyyətə başlayan “Real” İnformasiya Agentliyi qısa müddətdə Naxçıvanın informasiya siyasətinin əsas dayaqlarından birinə çevrildi. Agentliyin nəşri kimi bir neçə xarici dildə çap olunan “Naxçıvan yaşayır, döyüşür” informasiya bülleteni təkcə Azərbaycanda deyil, həm də ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara və qonşu dövlətlərə müntəzəm göndərilirdi. Həmin nəşr Naxçıvanın üzləşdiyi hərbi-siyasi vəziyyət, blokada şəraiti və gündəlik həyatı haqqında operativ və etibarlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaqla, muxtar respublikanın informasiya təcridinin aradan qaldırılmasında mühüm rol oynadı. Sonrakı mərhələdə bu missiya Azərbaycanın daxili informasiya məkanında agentliyin xüsusi buraxılışı olan “Naxçıvan” qəzeti vasitəsilə davam etdirildi. Qəzet Naxçıvanda baş verən ictimai-siyasi prosesləri sistemli şəkildə işıqlandırmaqla yanaşı, muxtar respublikanın mövqeyinin ölkə ictimaiyyətinə obyektiv çatdırılmasına da mühüm töhfə verdi.
Qısa müddət ərzində “Real” İnformasiya Agentliyi beynəlxalq informasiya şəbəkəsinə inteqrasiya olunmağı bacardı. Agentlik İranın İRNA, Türkiyənin Anadolu Agetliyi və Rusiyanın TASS (o dövrdə İTAR-TASS) kimi nüfuzlu xəbər agentlikləri ilə əməkdaşlıq əlaqələri quraraq müntəzəm informasiya mübadiləsi həyata keçirdi. Bu əməkdaşlıq sayəsində Naxçıvandan yayılan xəbərlər daha geniş coğrafiyaya çatdırılır, bölgədə cərəyan edən hadisələr beynəlxalq informasiya dövriyyəsinə daxil edilirdi. Agentliyin peşəkar fəaliyyəti nəticəsində Naxçıvan mövzusu dünya mediasının da diqqətini cəlb etdi. BBC və CNN kimi nüfuzlu media qurumları muxtar respublikadakı ictimai-siyasi proseslər, blokada şəraiti və regional təhlükəsizlik məsələləri ilə bağlı silsilə materiallar hazırlamağa başladılar. “Real” təkcə xəbər yayan bir agentlik deyil, həm də Naxçıvanın səsinin beynəlxalq informasiya məkanında eşidilməsini təmin edən strateji kommunikasiya platformasına çevrildi.
Heydər Əliyevin vaxtilə “çox çətin” adlandırdığı missiya Mirzə Əsgərov üçün sadəcə peşə vəzifəsi deyil, taleyinin və həyat yolunun ayrılmaz hissəsinə çevrilmişdi. O, bu yükü böyük fədakarlıqla daşıdı, saysız-hesabsız maneələrə, təzyiqlərə və risklərə baxmayaraq, üzərinə götürdüyünü sona qədər şərəflə yerinə yetirdi.
Ulu Öndər Mirzə Əsgərovun gördüyü işlərin miqyasını və əhəmiyyətini hamıdan yaxşı bilirdi. O, Naxçıvan dövründə Mirzənin peşəkarlığını və informasiya sahəsində göstərdiyi xidmətləri yaxından müşahidə etmişdi. Elə buna görə də sonralar Bakıda dövlət quruculuğu prosesinə başladığı illərdə Mirzə Əsgərovu “Azərinform”un rəhbəri görmək istəyini məsul şəxslərə də bildirmişdi. Lakin tale başqa cür hökm verdi. Mirzə Əsgərovun gözlənilməz və vaxtsız vəfatı bu arzunun gerçəkləşməsinə imkan vermədi...
Ən saf, ən qayğısız və ümidli illərin xatirəsi...
Mirzə Əsgərovla bağlı xatirələrimin ikinci qütbü isə ən saf, ən qayğısız, eyni zamanda ən ümidli illəri dayanır. Tanışlığımız tələbəlik illərindən başladı, münasibətlərimiz isə universitetin 6 saylı yataqxanasının divarları arasında möhkəmləndi. O yataqxana o illərdə özünəməxsus bir mühitə malik idi. Burada xarici ölkələrdən gəlmiş tələbələr yaşayır, ən üst mərtəbədə isə aspirantlar yerləşirdi. Biz isə 81-ci otaqda düz 3 ilə yaxın eyni otağı, eyni həyatı, eyni arzuları bölüşdük. Tələbə yataqxanasının sadə otağı bizim üçün təkcə yaşayış yeri deyildi; orada gələcəyimiz haqqında düşünür, mübahisə edir, sevinir, narahat olur, sabahın planlarını qururduq.
Hər ikimizi universitet qəzetində çiyin-çiyinə çalışırdıq. Mirzənin qələmindən çıxan ilk yazıları oxuyanlardan biri, bəlkə də birincisi mən olmuşam. Həmin yazılar üzərində saatlarla müzakirələr aparar, bəzən eyni fikirdə olar, bəzən də prinsipial şəkildə mübahisə edərdik. Bu mübahisələr heç vaxt münasibətlərimizə kölgə salmırdı. Əksinə, hər birimiz digərimizin daha yaxşı yazmasını, daha dolğun düşünməsini istəyirdik. Sonralar anlayırdım ki, həmin mübahisələr əslində iki gəncin peşəkar jurnalist kimi formalaşmasının ayrılmaz hissəsi imiş. Mirzə hələ tələbəlik illərindən qələmi ilə seçilməyi bacarmışdı. Universitet qəzetində dərc olunan yazıları ilə yanaşı, "Azərbaycan gəncləri", "Sovet kəndi" və dövrün digər nüfuzlu mətbuat orqanlarında müntəzəm çıxış edir, imzasını getdikcə daha geniş oxucu auditoriyasına tanıdırdı. Yazılarında hiss olunan səmimiyyət, hadisələrə fərqli baxış və milli düşüncə tərzi onu yaşıdlarından fərqləndirirdi. O, hələ gənc yaşlarında öz oxucusunu qazanmışdı.
Dostluğumuzun sərhədləri isə heç vaxt Bakı ilə məhdudlaşmadı. Bu dostluğun yolları bir tərəfdən mənim doğulub boya-başa çatdığım Tovuzun Alakol kəndinə, digər tərəfdən isə Mirzənin doğma Ordubadının Aşağı Aza kəndinə qədər uzanırdı. Bu iki kənd arasında yüzlərlə kilometr məsafə olsa da, bizi birləşdirən mənəvi körpü həmin məsafələri çoxdan aradan qaldırmışdı. Bizim münasibətlərimiz coğrafiyanın deyil, etibarın, səmimiyyətin və ortaq dəyərlərin üzərində qurulmuşdu.
O illərdə təkcə biz yox, ailələrimiz də bu dostluğu öz doğmaları kimi qəbul etmişdilər. Rəhmətlik valideynlərim Mirzə ilə mənim aramda heç vaxt fərq qoymadılar. Onlar üçün Mirzə sadəcə mənim universitet yoldaşım deyildi, evimizin bir övladı, ailəmizin doğma üzvü idi. Bu gün də həmin səhnələr bütün aydınlığı ilə gözlərimin önündə canlanır. Kəndə, ata ocağına hər dönüşümdə rəhmətlik anam məni qapıda qarşılayar, hal-əhvalımı soruşandan sonra mütləq eyni sualı verərdi: "Mirzədən bir xəbər varmı? Tahir necədir?" Tahir evimizin qonaqlarından olan tələbə yoldaşım Tahir Aydınoğlu idi. Anamın bu sualları sadəcə maraq xatirinə deyildi. O, onları öz doğma övladları kimi sevmişdi...
İndi düşünəndə kövrəlirəm və anlayıram ki, həmin sualların arxasında təkcə ana məhəbbəti yox, bir dövrün saf münasibətləri, insanlara olan səmimi bağlılıq yaşayırdı. O nəslin insanları dostluğu sözlə deyil, münasibəti ilə yaşadırdı. Evimizin qapısı Mirzənin də, Tahirin də üzünə həmişə açıq idi. Onlar qonaq kimi deyil, ailəmizin bir üzvü kimi qarşılanır, eyni süfrənin başında əyləşir, eyni qayğını və eyni sevgini bölüşürdülər. Aradan uzun illər keçsə də, ata evimizin astanasını keçəndə anamın o titrək səsini, o sualını sanki yenə eşidirəm. Bəzən insanın yaddaşında ən dərin iz qoyan məhz belə sadə, amma ürəkdən gələn sözlər olur. Mənim üçün də Mirzə ilə dostluğumuzun ən gözəl ifadələrindən biri elə indi həyatda olmayan anamın hər dəfə təkrar etdiyi həmin səmimi sualdır...
İllər boyu birlikdə yaşadığımız, şahidi olduğumuz, sevincini və ağrısını paylaşdığımız o qədər xatirələr var ki, onların hər biri ayrıca bir həyat hekayəsidir. Hər xatirənin arxasında bir insanlıq dərsi, bir dostluq nümunəsi, bir dövrün nəfəsi yaşayır. Bəzən düşünürəm ki, Mirzə haqqında yazdıqlarım hələ demək istədiklərimin yalnız başlanğıcıdır. Qismət olsa, o illərin yaddaşında qalan daha neçə-neçə hadisəni, tələbəlikdən Naxçıvana, hətta Qaxın İlisu kəndinə, ordan isə həyatın müxtəlif yollarına uzanan həyat salnaməmizi ayrıca qələmə almaq istərdim. Çünki insan haqqında bir yazı yazmaq mümkündür, amma bir ömrü anlatmaq üçün bəzən bütöv bir kitab da yetmir.
Bunlar ola bilsin ki, şəxsi prizmadan dəyərli ola bilər, amma Mirzənin o çətin dövrdə Naxçıvanda yaratdığı informasiya məktəbi, peşəkarlıq nümunəsi və dövlətçilik naminə göstərdiyi fədakar xidmətlər Azərbaycan jurnalistika tarixində qoyduğu silinməz izləri ilə həmişə yad ediləcək. İnsan ömrü yarımçıq qala bilər, amma onun gördüyü işlər və yaratdığı irs zamanın sınağından keçərək yaşamaqda davam edir. Mirzə Əsgərovun irsi də məhz belə dəyərlərdəndir. Ruhu şad olsun..
Namiq Qədimoğlu
XQ