Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq.
Belə ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilib".
Axşam.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının yaydığı məlumatda deyilir.
Bildirilib ki, məsələ ilə bağlı qurumlara müvafiq müraciətlər ediləcək: "Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir.
Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik.
Bildiririk ki, İTV kanalının “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir.
Belə ki, Qanunun 14.1.6-cı maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir.