Ər arvad niyə qatilə çevrilir?

08.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son günlər Azərbaycanda qadınların həyat yoldaşları və ya ailə üzvləri tərəfindən qətlə yetirilməsi ilə bağlı bir neçə ağır cinayət hadisəsi qeydə alınıb.

Müxtəlif rayon və şəhərlərdə baş verən bu hadisələr ailədaxili münasibətlərdə zorakılıq problemini yenidən gündəmə gətirib.

Xüsusilə boşanma, ailədaxili münaqişə və qısqanclıq zəminində qadınların həyatını itirməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.

Qeyd edək ki, otyabrın 6-da Xəzər rayonunun Binə qəsəbəsində Museyib Əhmədov həyat yoldaşı Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirib və qadın xəstəxanada vəfat edib.

“Cebheinfo.az”-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, məişət zorakılığı yalnız qadınların problemi deyil.

O qeyd edib ki, məişət zorakılığı həm uşaqları, həm də kişiləri əhatə edir:

“Məişət zorakılığı uzun müddət birgə yaşayış və nikah münasibətlərində olan tərəflərdən birinin digərinə qarşı tətbiq etdiyi iqtisadi, mənəvi, psixoloji və cinsi zorakılıq formasıdır.

Məişət zorakılığı deyəndə nədənsə, mətbuatda daha çox qadınlara qarşı zorakılıq halları qabardılır. Halbuki məişət zorakılığı uşaqlara, eləcə də kişilərə qarşı da olan zorakılıqdır”.

Sosiloq əlavə edib ki, insanlar törətdikləri əməlin hüquqi məsuliyyət yaratdığını bilməlidirlər:

“Ümumiyyətlə, zorakılığın bütün formaları yolverilməzdir və hüquqi müstəvidə bununla bağlı məsuliyyət nəzərdə tutulub.

Güman edirəm ki, bu istiqamətdə hüquqi məlumatlandırma və maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. İnsanlar törətdikləri əməlin hüquqi məsuliyyət yaratdığının fərqində olmalıdırlar.

Yaxşı olar ki, bu tip münaqişəli ailələr müəyyən qaydada qeydiyyata alınsın və onlarla sosial-psixoloji iş aparılsın. Bununla da münaqişə dərinləşmədən, daha ciddi və ağır hadisələr baş vermədən onun qarşısını almaq mümkün olar.

Güman edirəm ki, bu istiqamətdə sosial çarxların hazırlanması və media vasitəsilə müxtəlif maarifləndirici mesajların çatdırılması da faydalı olar. Bu yolla insanlar maarifləndirilə və belə halların qarşısının alınmasına töhfə verilə bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Ər-arvad Üzeyir Şəfiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью